AZ

Cənubi Koreya məktəblərdə telefon istifadəsini qadağan etdi

Ajans.az BBC-ə istinadən xəbər verir ki,qanunun məqsədi şagirdlər arasında smartfon asılılığının qarşısını almaqdır. Deputatlar, müəllimlər və valideynlər bildirirlər ki, telefon istifadəsi uşaqların akademik göstəricilərinə və sosial inkişafına mənfi təsir göstərir. Səsvermədə iştirak edən 163 deputatdan 115-i qanunun lehinə səs verib. Qanun həmçinin müəllimlərə şagirdlərin məktəb binalarında telefon istifadəsinə nəzarət səlahiyyəti verir. Əlilliyi olan və ya xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün isə istisnalar nəzərdə tutulub. Müəllimlərin bu qərara münasibəti birmənalı deyil. Koreya Müəllimlər Assosiasiyası qanunu dəstəkləyərək, siniflərdə intizamı gücləndirəcəyini bildirib. Digər müəllimlər isə qadağanın şagirdlərin ünsiyyət hüquqlarını məhdudlaşdıra biləcəyini vurğulayıb. Hazırda Cənubi Koreyada 10–19 yaşlı yeniyetmələrin 43%-i telefon asılılığı riski altında hesab olunur. Valideynlər və ekspertlər isə bildirirlər ki, sadəcə qadağa kifayət etmir – uşaqlara smartfonlardan sağlam istifadə qaydaları öyrədilməlidir.

 

Seçilən
38
Ajans.az

1Mənbələr