AZ

I Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb

Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistanın ərazisini işğal etməyib:

"Onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə "Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir".

Prezident İlham Əliyev bildirib ki, prosesə iki əsas maneə var:

"Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.

İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsini məhz infrastrukturun qurulmasına sərf etdik. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başladıq. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq".

Dövlət başçısı vurğulayıb ki, hazırda isə vəsaitlərimizi daha çox yaşayış layihələrinə yönəldirik:

"Artıq gözlə görünür ki, tamamilə heç nə olmayan yerlərdə binalar ucalır. Planımız bütün keçmiş məcburi köçkünlər üçün normal yaşayış şəraiti və iş yerləri təmin etməkdir. Bu proses artıq başlayıb. Dediyim kimi, 50 mindən çox insan artıq öz ata-baba yurdlarında yaşayır".

Seçilən
18
15
ulusum.az

10Mənbələr