Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.
Federasiyadan Publika.az-a verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.
Qadınlarda Samirə Rzayeva (45 kiloqram), Nazilə İsmayılova (49 kiloqram), Selcan Qarayeva (55 kiloqram), Dinara İbrahimli (59 kiloqram), Fazilə İmanova (64 kiloqram) və Rahilə Hüseynzadə (81 kiloqram) qalib adını qazanıblar.
Kişilərdə isə Dəniz Cabbarlı (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Tehran Məmmədov (67 kiloqram), Paşa İbrahimli (73 kiloqram), Füqan Əliyev (81 kiloram), Nurlan Məmmədzadə (89 kiloqram), Yaşar Qurbanov (96 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (+109 kiloqram) qızıl medal əldə ediblər.
Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında yarışın ən yaxşıları müəyyənləşib.