- Cənab səfir, əvvəlcə sizi İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirik. Müsahibəyə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk. Siz artıq bir müddətdir Azərbaycandasınız. Artıq görüşlər keçirməyə başlamısınız, bir çox insanla ünsiyyətdə olmusunuz. Sizdə Azərbaycanla bağlı hansı təəssüratlar yaranıb?
- Əvvəlcə, mehriban arzularınıza görə təşəkkür edirəm. Mən Bakıya qayıtmağıma görə çox həyəcanlıyam. Bu mənim Bakıda ikinci diplomatik xidmətimdir. Bundan əvvəl, 2010-2015-ci illərdə İsrailin Azərbaycandakı səfirinin müavini olaraq çalışmışam. Buraya səfir kimi qayıtmaq fürsətinə görə isə çox xoşbəxtəm. Mən hələ də burada keçirdiyim dövrü müsbət olaraq xatırlayıram. O vaxtlar qazandığım və indi də əlaqə saxladığım çox yaxşı dostlarım var. Azərbaycanda olduğum bir neçə gün ərzində tanıdığım bir çox dostlarımla görüşmüşəm. Qubada Qırmızı Qəsəbəyə səfər etmişəm. Azərbaycanda yaşayan yəhudi icmasına məxsus hekayəni nəql edən unikal bir məkanı görmək həddindən artıq həyəcanverici idi. Burada yəhudi icması azaddır və hökumət tərəfindən ehtiram görür. Məncə, bu, bütün dünyaya çatdırılmalı bir həqiqətdir. Dünən isə Azərbaycan Dillər Universitetinə baş çəkdim. Orada İsrail mərkəzi var. 2012-ci ildə İsrailin sabiq xarici işlər naziri Aviqdor Libermanın bu mərkəzin yenidən açılışını həyata keçirməsini hələ də xatırlayıram. Bu mərkəz İsrail, iudaizm, ivrit dili haqqında öyrənmək istəyən və İsrail haqqında ümumi bilik səviyyələrini artırmağa çalışan cavan azərbaycanlılar üçün yaradılmış bir mərkəzdir. Mən Azərbaycana qayıtdığıma görə çox şadam.
- Sələfiniz Corc Dikin ölkəmizdəki diplomatik fəaliyyəti kifayət qədər məhsuldar olub, Azərbaycan-İsrail əməkdaşlığı son illərdə bütün sahələrdə daha da genişlənib. Siz səfir kimi fəaliyyətiniz dövründə əsas diqqəti hansı istiqamətlərə yönəltməyi planlaşdırırsınız? Hansı sahələrdə əməkdaşlığımızın daha da güclənməsinə ehtiyac olduğunu düşünürsünüz? Azərbaycana hansı planlarla gəlmisiniz?
- Siz haqlı olaraq qeyd etdiniz ki, səfir Corc Dikin buradakı rolu həddindən artıq uğurlu olub. O, mənim dostumdur. Düşünürəm ki, bu, ona təşəkkür etmək və təbrik etmək üçün bir fürsətdir. Xidmət müddətim dövründə ümid edirəm ki, Azərbaycan və İsrail arasında strateji, dost və yaxın əlaqələri genişləndirməyə davam edəcəyəm. Həm strateji mənada, həmçinin getdikcə dərinləşən energetika sahəsində. İqtisadiyyatla əlaqəli olan sahələrdə Azərbaycanda çoxlu fürsətlər var, hansı ki, İsrail şirkətlərinə buraya investisiya qoymağa və hər iki tərəfə faydalı olan biznes qurmağa kömək edir. Bır sıra sahələr var ki, İsrail bu sahələrdə çox inkişaf edib. Buna misal olaraq kənd təsərrüfatı, su, kibertəhülkəsizlik, turizm sahələrinin adını çəkmək olar. Turizm sahəsi İsraildə çox inkişaf edib. Əlbəttə ki, xalqlar arasında əlaqə çox mühümdür. Əgər ölkələr arasında yaxşı əlaqələri təsvir edən bir amil varsa, bu sadəcə liderlər səviyyəsində olan münasibətlər yox, həm də xalqlar arasında olan bağlardır. Bu gün İsraildə Azərbaycan haqqında, onun coğrafi mövqeyi, turizm imkanları barədə daha çox bilik, daha çox tanışlıq var. Mən də öz vaxtımı bu sahəyə, turizm sahəsinə sərf etmək istərdim.
- Siz iqtisadiyyat, turizm kimi sahələrin adlarını çəkdiniz. Bəs hərbi sahədə ölkələrimiz arasında planlaşdırılan proyektlər var? Məlumdur ki, İsrail dünyada ən inkişaf etmiş texnologiyalardan birinə malikdir. Azərbaycanın İsraildən yeni silahlar alması ilə bağlı planlar var?
- Əlbəttə ki, bizim bu sahədəki əməkdaşlığımız da kifayət qədər inkişaf edib. Bu mövzuya çox toxunmayacam, amma deyə bilərəm ki, hərbi əməkdaşlığmız çox yaxşı səviyyədədir və inkişaf edir. İnanıram ki, uzun illər boyu da bu əlaqələr davam edəcək. Mən əməkdaşlığımızı daha da zənginləşdirəcək və dərinləşdirəcək məqamlar axtarıram. Düşünürəm ki, bu sahədə də müvəfəqiyyət qazanacağıq.
- Məlumdur ki, İsrail istifadə etdiyi suyun 90 faizini təkrar emal edir. Sabiq səfir Corc Dik ölkələrimiz arasında dəniz suyunun şirinləşdirilməsi istiqamətində əməkdaşlıqla bağlı danışıqlar aparmışdı. İsrail Azərbaycanda su çatışmazlığının aradan qaldırılması üçün hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Əlbəttə ki, su texnologiyası İsrailin lider olduğu sahələrdən biridir. Bildiyiniz kimi, İsrail Yaxın Şərqdə, səhranın ortasında yerləşir. Biz də su çatışmazlığından, yağıntı miqdarının azlığından əziyyət çəkirik. Bununla belə, başqa su mənbələri tapa bilirik. Dəniz suyunun şirinləşdirilməsi üçün bu işlə məşğul olan 5 zavod inşa etmişik. Beləliklə, Aralıq dənizinin suyunu şirinləşdiririk. Eləcə də, tullantı sularının 100% faizə yaxınını yenidən istifadə üçün yararlı hala sala bilirik. Bu sudan kənd təsərrüfatında istifadə olunur. Hətta İsrail bu gün öz qonşularını su ilə təmin edən bir mövqedədir. Biz İordaniya və Fələstinə bu sahədə kömək edirik. İsraildə uşaqlar 5 yaşından başlayaraq suyun əhəmiyyəti haqqında maarifləndirilirlər. Təbii ki, suyu daha səmərəli şəkildə istifadə etməyin yollarını, bilik və təcrübələrimizi azərbaycanlı dostlarımızla bölüşməyə çox şad olarıq. İsrailin su şirkəti "Mekorot" Azərbaycanda fəaliyyətlə məşğuldur və Azərbaycana məsləhətləşmələrlə bağlı kömək edir. Mən ümid edirəm ki, gələcəkdə daha çox İsrail şirkəti və texnologiyaları Azərbaycanın su sektoruna daxil olacaq və mümkün formada öz köməyini təqdim edəcək.
- Son vaxtlar Azərbaycanın "İbrahim razılaşmaları"na qoşulub-qoşulmayacağı barədə mətbuatda müxtəlif müzakirələr aparılır. Sizcə, Azərbaycanın bu razılaşmalara qoşulması nə qədər zəruridir?
- Azərbaycan və İsrail arasındakı münasibətlər möhkəmdir və 33 ildən çoxdur mövcuddur. İsrail Azərbaycanın müstəqilliyinin 1991-ci ildə tanıyandan bəri bu əlaqələr var. Ölkələrarası münasibətlərimiz əhəmiyyətli dərəcədə inkişaf edib. 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizə yeni istiqamət və enerji dalğası gətirib. Düşünürəm ki, hər şey çox müsbət halda irəliləyir. Əlaqələrimizin kontenti nə qədər çox olarsa, bir o qədər də nailiyyət əldə edərik.
- Bir müddət əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh razılaşması paraflandı. İsrailin Baş naziri Benyamin Netanyahu və prezident Herzoq da hər iki ölkəni bu münasibətlə təbrik etdi. İsrailin Azərbaycanla Ermənistan arasında sülh prosesinə hər hansı formada töhfəsi olub?
- İlk növbədə bu, Azərbaycan və Ermənistanı təbrik etmək üçün çox gözəl bir fürsətdir. Məncə, bu gələcəyə doğru qocaman və müsbət bir addımdır. Bu addım regiona rifah və stabillik gətirəcək. Həmçinin, tərəflər arasında etimad yaradılmasına öz töhfəsini verəcək. Həm Baş nazir Netanyahu, həm Prezident Herzoq tərəfləri bu münasibətlə təbrik edib. Bizim bu məsələyə töhfəmizə gəldikdə isə, bilirsiniz ki, İsrailin ABŞ və Azərbaycanla münasibəti həddindən artıq yaxın və stratejidir. Əlbəttə, İsrailin marağındadır ki, bu ölkələr arasında da yaxşı əlaqələr olsun. Biz tərəflərin görüşünə təvazökarlıqla kömək və dəstəyimizi göstərmişik. Şadam ki, bu sahədə nəticə uğurlu alınıb. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.
- Azərbaycanın İsraillə münasibətləri İran da daxil olmaqla bəzən müəyyən beynəlxalq dairələrdə narazılıq yaradır və onlar bu əlaqələri zədələmək üçün təxribatçı bəyanatlarla çıxış edirlər. Sizcə iki ölkənin daxili işlərinə qarışan bu qüvvələrə qarşı ən doğru müştərək cavab nə ola bilər? Bu kontekstdə İsrail-Azərbaycan əməkdaşlığı hansı istiqamətdə inkişaf etməlidir?
- Düşünürəm ki, dünyada istənilən ölkənin öz xarici siyasətini təyin etmək azadlığı var. Heç bir üçüncü tərəfin bu məsələyə müdaxilə etməyə, hansısa bir ölkəyə necə davranmalı olduğunu və kimlə münasibət qurmalı olduğunu diktə etməyə haqqı yoxdur. Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə, biz istənilər üçüncü tərəfin müdaxiləsini neytrallaşdırmaqda çox müvəffəq olmuşuq. Siz İranın adını çəkdiniz, təbii ki, bu, baş verməməlidir. Bu müdaxilələrin heç bir əsası yoxdur. İsrail və Azərbaycan mümkün olan ən yaxşı formada öz münasibətlərini saxlamağa və inkişaf etdirməyə davam etməlidir.
- Bir müddət əvvəl İsraillə İran arasında 12 günlük müharibə baş verdi. İsrail bu müharibədə məqsədinə nail oldumu? İsraillə İran arasında gələcəkdə analoji toqquşmanın baş verməsi ehtimal nə qədərdir? Belə bir toqquşmaya nə səbəb ola bilər?
- İyun ayında baş verən 12 günlük müharibə İsrailə zorla təhkim olunmuşdu. Çünki bizim başqa variantımız yox idi. Uzun illər boyu İran rejimindən İsraili məhv etmək çağırışları eşitmişik. Paradlarda nümayiş etdirilən raketlərin üzərinə "İsrailə ölüm" şüarları yazılır. Tehranda nümayiş etdirilən saat İsrail üçün vaxtın azaldığını göstərir və gün sayır. İran liderlərindən İsrailin məhvinə çağıran çoxlu bəyanatlar eşitmişik. Bu elə bir təhdid idi ki, İsrail daha artıq dözə bilməzdi. İsrail məsuliyyəti öz üzərinə götürüb bu təhdidi aradan qaldırmalı idi. Ümid edirəm ki, İran öz layiqli dərsini alıb. Əgər dərslərini alıblarsa, bu əladır. Əgər belə deyilsə və İsraili təhdid etməyə davam edəcəklərsə, İsrail hərəkətə keçməli olacaq. Təəssüf ki, İranın öz proksilərinə dəstəyinin davam etdiyini görürük. Hizbullah, HAMAS buna misal ola bilər. Husilər də bura daxildir. Onlar İsrailə hücumlara davam edirlər. Bir neçə gün əvvəl də Husilər İsrailə dron və raketlərlə hücum ediblər. İsrail də buna cavab verməli oldu. Onların bu əməlləri müstəqil şəkildə həyata keçirmirlər. Onlar İranın tapşırıqlarını yerinə yetirirlər. Husilər İranın imkanlarından istifadə edir. Yəmənin özünün raket istehsal etmək üçün texnologiyası və imkanları yoxdur. Məlum məsələdir ki, bunu onlara İran verməlidir. İsrail Dövlətinin təhlükəsizliyi üçün təhdid xarakteri daşımağa davam etdikləri müddət ərzində, biz hərəkətlərimizə davam edəcəyik. İsrail öz suverenliyinə, təhlükəsizliyinə qarşı təhdidlərə dözə bilməz. Təhdid olmadığı müddətcə İsrail heç kimə hücum etməyi planlaşdırmır. Biz sülh içində yaşamaq istəyirik. Bütün istədiyimiz budur.
- 12 günlük müharibə zamanı İsrailin guya Azərbaycanın köməyindən istifadə etməsinə dair İranda bəzi dairələr tərəfindən rəsmi Bakının ünvanına ittihamlar səsləndirildi. Bu ittihamlar bu gün də səngimir. İsrail tərəfinin buna reaksiyası necədir?
- Bir neçə gün əvvəl İrandan bəzi bəyanatlar eşitdik. Laricani (İranın Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi-red.) açıq-aydın bildirdi ki, Azərbaycan bu müharibədə tərəf tutmayıb. Yadımdadır, 2012-ci ildə Azərbaycana səfəri zamanı İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermana da eyni sualı vermişdilər. Onun cavabını çox aydın şəkildə xatırlayıram. Onun cavabı belə olmuşdu: "Bunların hamısı Ceyms Bond hekayələridir". Düşünürəm ki, bu sizin sualınıza uyğun cavabdır, bunların hamısı Ceyms Bond hekayəsidir.
- Qəzzada baş verən müharibə fonunda İsrailə qarşı beynəlxalq təzyiqlərin artdığı müşahidə olunur. Bir sıra ölkələr Fələstini tanımaq qərarı verib, beynəlxalq təşkilatlar və nüfuzlu diplomatlar isə İsraili müharibəni dayandırmağa çağırır. Diqqət çəkən odur ki, İsrail əleyhinə aktiv çağırış edənlər sırasında əvvəllər ölkənizlə dost münasibətlərdə olmuş bəzi Avropa ölkələri də var. İsrailin buna münasibəti necədir? İsrail bu təzyiq siyasətini necə balanslaşdırmağı düşünür? Fələstinin kütləvi tanınması baş versə, İsrail buna qarşı hansı addımları atacaq?
- Əvvəlcə vurğulamaq istərdim ki, 7 oktyabr hadisəsi İsrailin hərəkətlərinin nəticəsi olaraq baş verməyib. 7 oktyabr hadisəsi bizə təhkim olunmuş bir məsələ idi. Mən hələ də şənbə günü, oktyabrın 7-də bomba səsləri ilə oyandığımı xatırlayıram. Həmin vaxtı biz çox təəccüblənmişdik. Belə bir şeyin baş verəcəyini bilmirdik. Düşünürdük ki, Qəzza əhalisi sülh içində yaşamaq istəyir. HAMAS-ın İsrail vətəndaşlarına qarşı bu vəhşi hücumu həyata keçirməsi İsrailin aqqressiyasına cavab olaraq baş verməyib. O vaxtdan başlayaraq, biz müharibədəyik və bu müharibənin bir sıra məqsədləri var. Birinci məqsəd girovların azad edilməsidir. Mən hələ də pencəyimdə girovluqda olan israilliləri xatırladan sancaq daşıyıram. Onların sayı 50 nəfərdir və İsrail onların azadlığa qovuşmaları üçün çalışır. Girovlar azad olunmadığı müddət ərzində, hərəkətə keçməyə davam edəcəyik və onların azadlığı üçün lazım olan hər bir şeyi edəcəyik. İkinci məqsədimiz HAMAS-ın Qəzzada hər hansı bir rolunu və ya suverenliyinin olmamasını təmin etməkdir. Bu təkcə İsrailin xeyrinə deyil, həm də fələstinlilərin mənafeyinə uyğundur. Düşünürəm ki, onlar da terror təşkilatı HAMAS-ın təzyiqlərindən əziyyət çəkirlər. Qəzzanın demilitarizasiyasına ehtiyac var. Bu o deməkdir ki, Qəzzada İsrailə qarşı tuşlana biləcək heç bir silah mövcud olmamalıdır. Bundan başqa Qəzzada suverenlik və idarəçiliyin yeni həll yolunu tapmaq lazımdır.
Elə bir sistem qurulmalıdır ki, Qəzzanı idarə etmək daha mədəni və liberal formada həyata keçirilsin. Fələstin dövlətini tanımağa yönəlmiş hər hansı bir təşəbbüs və ya bəyanat HAMAS üçün bir mükafatdır. HAMAS bu bəyanatları öz çirkin əməllərinin bəraəti kimi görəcək. Fələstin dövlətinin tanınması terror təşkilatı tərəfindən törədilən və minlərlə israillinin ölümünə, 50 nəfərin girovluğuna səbəb olan terror əməllərinin mükafatlanmasıdır və tamamilə absurddur.
- İsrailin ünvanına səslənən əsas ittihamlar bölgədə yaşanan humanitar vəziyyətlə bağlıdır. İsrailin bu ittihamlara cavabı nədir?
- Təəssüf ki, dünya HAMAS-ın təbliğatının qurbanı olub. HAMAS-ın İsraili "aclıq yaratmaqda" günahlandırır. Dərc olunan fotolar aydın şəkildə araşdırılıb və sübut edilib ki, fotolardakı uşaqlar aclıqdan yox, başqa bir xəstəlikdən əziyyət çəkirlər. Fotolarda əks olunan uşaqlardan bəziləri isə əslində İsrail xəstəxanalarında müalicə olunan uşaqlardır. Amma bu fotolar təbliğat üçün istifadə olunub. İsrail gündəlik olaraq Qəzzaya yüzlərlə yük maşınının daxil olmasına icazə verir, bundan başqa hava vasitəsilə Qəzzaya humanitar yardımlar da göstərilir. Qəzzadan gələn görüntülərdə müşahidə olunur ki, orada kifayət qədər ərzaq var. Lakin təəssüf ki, bu yardımların çoxu HAMAS-ın əlinə düşür. Terror təşkilatı bu yardımlardan alət kimi istifadə edir. Yardımlar da Qəzza əhalisinə olduqca bahalı qiymətə satılır. HAMAS öz əhalisindən canlı qalxan kimi istifadə edir. HAMAS təbliğatı İsrailin Qəzzada aclıq kampaniyası apardığını iddia edir və buna son qoyulmalıdır.
- İsraillə HAMAS arasında atəşkəsin əldə olunmasına dair təkliflər və müzakirələr davam etsə də, nəticə əldə olunmur. HAMAS-la atəşkəs mümkündürmü? İsrail bölgədə münaqişəni necə bitirməyi düşünür? Problemin "iki dövlət prinsipi" əsasında həllini mümkün görürsünüz?
- Mən bu məsələdə optimist olmağa çalışıram. Çünki başqa yol yoxdur. Razılaşmanın həyata keçməsi üçün 50 nəfər girov azad edilməli, HAMAS Qəzzada öz kontrolunu itirməli və Qəzzada yeni bir hakimiyyət qurulmalıdır. Qəzza öz xalqına qaytarılmalıdır. Düşünürəm ki, buna nail ola bilərik.
- Siz iki dövlətli həll yolunu qəbul edəcəksiniz?
- Məncə, hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil. Hətta İsrailin xarici işlər naziri bunu iki dövlətli həll yox, iki dövlətli illüziya adlandırıb. Təəssüf ki, biz hələ də HAMAS-la müharibə aparırıq. 50 nəfər girov azad edilmədiyi müddət ərzində, heç bir həll yolundan söhbət gedə bilməz. Girovlar azad edilməli, HAMAS-ın Qəzzadakı hakimiyyəti sonlanmalı və Qəzzadakı fələstinlilər üçün uzunmüddətli həll yolu tapılmalıdır.
- Cənab səfir, icazə verin Azərbaycan-İsrail əməkdaşlığına qayıdım. Bir müddət əvvəl, Bakıda İsrail və Türkiyə nümayəndə heyətləri arasında görüşlər keçirilib. Bu Azərbaycanın vasitəçiliyi ilə baş tutub və müzakirə mövzusu isə Suriyada Türkiyə-İsrail toqquşmasının qarşını alan bir mexanizmin qurulması olub. Sizcə Azərbaycan İsrail-Türkiyə-Suriya münasibətlərində irəliləyişə töhfə verməyə davam edəcək? Ümumiyyətlə, gələcəkdə Bakıda bu dialoqların bir daha keçirilməsi nəzərdə tutulub?
- Əvvəla, Azərbaycana tərəflərin razılığa gəlməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkür etmək üçün bir fürsətdir. Bu səylər kifayət qədər uğurlu olub və İsrail tərəfindən yüksək qiymətləndirilir. Biz belə halların gələcəkdə də davam edəcəyinə inanırıq. Ümid edirəm ki, gələcəkdə İsrailin Suriya və Türkiyə ilə münasibətləri ən yaxşı vəziyyətini alacaq. Suriya ilə bir növ təhlükəsizlik razılaşması üzərində danışıqlar gedir. Azərbaycanda insanlar stabillik və təhlükəsizliyin mahiyyətini başa düşür və hörmət edir. Eyni hal İsraildə də mövcuddur. Ümid edirik ki, gələcəkdə ətrafımızdakı stabillik halqalarını genişləndirəcəyik. Bizim Misir və İordaniya ilə sülh razılaşmalarımız var. "İbrahim razılaşmaları"na da nail olmuşuq. Hazırda Suriya ilə danışıqlar gedir, ümid edirik Livanla da irəliləyişlər əldə edəcəyik. Zərərli təşkilat olan Hizbullahın aradan qaldırılması müsbət əlamətdir. Ümid edirik ki, İsrailin təhlükəsizliyi gələcəkdə daha yaxşı vəziyyət alacaq.