AZ

Fransız ekspert: Paris Minsk Qrupunun ləğv olunması ilə bağlı razılaşmanın ən qısa zamanda ratifikasiya edilməsini arzulayır - MÜSAHİBƏ

Bakı, 26 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC fransız siyasi analitik Maksim Gauin ilə müsahibəni təqdim edir.

- Vaşinqton sammitinin Cənubi Qafqaz regionu üçün əsas nəticələrini necə qiymətləndirirsiniz?

- Bu, sülh müqaviləsinin imzalanmasına doğru atılmış daha bir addımdır və çox vacib bir addımdır. ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın məzmunu, həm İlham Əliyev, həm də Nikol Paşinyan tərəfindən istifadə olunan ton bu istiqamətdə uğuru təsdiqləyir. İndi Ermənistanın Baş nazirinin konstitusiyada zəruri dəyişiklikləri əldə etmək üçün daha bir arqumenti var: Azərbaycan və Amerika ilə imzalanmış razılaşmalar. O, özünü həddindən artıq güzəştlər etməkdə və əvəzində heç nə əldə etməməkdə ittiham edən Ermənistan müxalifətinin böhtanlarına cavab verə bilər. Təbii ki, 907-ci düzəlişin ləğvi ölkəniz üçün mühüm bir nailiyyətdir. Zəngəzur dəhlizi ilə bağlı qərar özlüyündə bu müsbət bir məqamdır, hətta kompromisə nail olunması bir rahatlıqdır. Azərbaycan razıdır və heç kim ciddi şəkildə iddia edə bilməz ki, bu, Ermənistanın suverenliyinin itirilməsi deməkdir.

- Siz Fransanın Zəngəzur dəhlizi və ona bağlı nəqliyyat və siyasi layihələrə dair indiki mövqeyini necə qiymətləndirirsiniz? Ermənistan və Azərbaycan arasında qarşılıqlı razılıqla Minsk Qrupunun faktiki olaraq fəaliyyətini dayandırması ilə bağlı Fransanın mövqeyi necədir, nəzərə alsaq ki, Paris uzun illər bu qrupun işini fəal şəkildə dəstəkləyib?

- Mövqe açıq şəkildə ifadə olunub və aydındır: “Fransa Vaşinqtonda, Prezident Trampın himayəsi altında, Prezident Əliyev və Baş nazir Paşinyan arasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş razılaşmanın elanını alqışlayır”. Kommyunikedə həmçinin qeyd olunur ki, Fransa Minsk Qrupunun ləğv olunması ilə bağlı ümumi çağırışa qoşulur və razılaşmanın ən qısa zamanda imzalanıb ratifikasiya edilməsini arzulayır. Zəngəzur dəhlizi ilə bağlı heç bir şərh bildirilməyib. Parisin əsas narahatlığı bu məsələni Ermənistan müxalifətinin, Rusiya və İranın Nikol Paşinyanı ləkələmək üçün istifadə edə biləcəyindən ibarət idi. Kompromis əldə olunduğundan bu qorxu artıq mövcud deyil.

- Sizcə, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində və regional sabitliyin təmin edilməsində fəal rol oynamağa nə qədər hazırdır? Vaşinqton sammiti fonunda Fransanın Cənubi Qafqazda əsas təhlükəsizlik məsələləri və infrastruktur layihələrinə yanaşmasının nəzərdən keçirilməsi və ya uyğunlaşdırılması gözlənilə bilərmi?

- Fransanın əsas qayğısı Nikol Paşinyanın süqut etməsinin və onun Robert Koçaryan və ya buna bənzər bir şəxs tərəfindən əvəzlənməsinin qarşısını almaq olub. Mən sitat gətirdiyim rəsmi reaksiya bunu təsdiqləyir. Amma başqa bir məqam da var, əvvəlki dövrün (2022-ci ilin payızı – 2025-ci ilin yazı) anlaşılmazlıqları tədricən aradan qalxır. Bu, artıq may ayında Emmanuel Makron ilə İlham Əliyev arasında görüş zamanı, sonra isə iyul ayında Fransadakı Azərbaycan səfirliyinə qarşı vandalizmə görə Loris Tufanyanın (2016-cı ildə dissident qrup yaradan Ermənistan İnqilabi Federasiyasının gənclər qanadının keçmiş lideri) məhkumiyyətinin artırılması ilə bağlı Paris apellyasiya məhkəməsinin qərarına Azərbaycan reaksiyasında və eyni ayda Bakıdakı Fransız səfirliyi tərəfindən təşkil olunan Milli Gün ilə əlaqəli tədbirdə (orada 2023 və 2024-cü illərlə müqayisədə daha çox Azərbaycan rəsmi şəxsləri iştirak edirdi) artıq görünürdü. Məhz buna görə, Minsk Qrupunun fəaliyyətinin dayandırılması istiqamətində Fransanın dəstəyi Bakıda müsbət qarşılanır və sizin ölkəniz tərəfindən Ukraynaya yeni maddi yardım partiyasının göndərilməsi Fransada müsbət qarşılanır.

Regional sabitlik məsələsini qeyd etdiyiniz üçün xatırlatmaq istəyirəm ki, Fransa 2024-cü ilin dekabrında Türkiyəyə “Meteor” zenit raketlərinin ixracına “yaşıl işıq” yandırıb. “Meteor” Avropa raketidir, amma əsasən Fransa istehsalıdır. Sürətinə, uçuş məsafəsinə, manevr qabiliyyətinə və aldadıcı siqnallara qarşı davamlılığına görə dünyada analoqu yoxdur. Bu raket illər əvvəl Yunanıstana satılıb. Bu ixrac, həmçinin eyni ölkəyə “Eurofighter” qırıcılarının (2025-ci ildə Almaniya tərəfindən qəbul edilmiş) satışı hava sahəsində Yunanıstanla bərabərliyi bərpa edir. Başqa bir vacib element — Fransanın Qazaxıstan və Özbəkistanla siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə möhkəm münasibətləridir. Siz yaxşı bilirsiniz ki, bu iki türkdilli ölkə Cənubi Qafqazdakı infrastruktur layihələri üçün əsas rol oynayır.

- Bakı və İrəvan arasında, o cümlədən nəqliyyat və enerji infrastrukturuna dair yeni razılaşmalar fonunda Fransa regionun inteqrasiyasını və iqtisadi əməkdaşlığı dəstəkləməkdə iştirak imkanlarını necə görür?

- Əvvəla, Fransanın artıq Türkiyədə mövcudluğu var. Orada 2024-cü ildə Fransayla ikitərəfli ticarətdə tarixi rekord göstərilib və bu il həmin rekord yenidən müşahidə oluna bilər. İstanbulda “Bouygues Construction” şirkətinin dörd beynəlxalq törəmə şirkətindən biri yerləşir, “Vinci Construction” isə bir neçə türk törəmə şirkətinə malikdir. Fransız şirkətləri, həmçinin Ermənistanda, Azərbaycanda və Mərkəzi Asiyada fəaliyyət göstərir. Bakıdakı vəziyyətə gəldikdə, bildiyiniz kimi, “TotalEnergies” 2023-cü ildə Azərbaycanla böyük bir müqavilə imzalayıb, “Vinci Construction” isə burada iki törəmə şirkətə malikdir.

Bundan başqa, Fransız şirkətləri tərəfindən dünyanın digər bölgələrində imzalanmış müqavilələrə diqqət yetirmək olar. Məsələn, “Alstom” 2021-ci ildə Meksikaya, 2024-cü ildə Böyük Britaniya və Almaniyaya, 2025-ci ildə isə Mərakeş və Nyu-Yorka qatarların tədarükü üzrə sifarişlər alıb. Fransız şirkəti SNCF 2021-ci ildə Çexiyada dəmir yolu şəbəkəsi üzərində işləyib. “Airbus Aerials” və “Delair” 2017-ci ildə Gürcüstan və ABŞ-da elektrik xətlərinin monitorinqini həyata keçirib. EDF enerji şirkəti isə 2025-ci ildə Böyük Britaniyada atom elektrik stansiyalarının tikintisində iştirak edib. Bütün bu nümunələr göstərir ki, Fransız şirkətlərinin müxtəlif ölkələrdə böyük infrastruktur layihələrini həyata keçirmək üzrə böyük təcrübəsi var və bu təcrübə Cənubi Qafqazda, Mərkəzi Asiyada və Türkiyədə layihələrin reallaşdırılması üçün bir nümunə kimi istifadə oluna bilər.

“Türk Hava Yolları”, AZAL, “Air Astana” və digər şirkətlərin aviaparklarında “Airbus” təyyarələrinin geniş istifadə olunmasını nəzərə alaraq, baş ofisi Fransada yerləşən və təyyarələrinin əksəriyyətini orada istehsal edən “Airbus” Avropa şirkəti gələcək hava nəqliyyatı layihələrində iştirakı məntiqli olacaq. Əgər hər şey yaxşı gedərsə, Azərbaycana neft yataqlarının qorunması üçün gəmilərin satışı üzrə müzakirələr yenidən başlana bilər. Eyni zamanda, bu layihəni Qazaxıstanla birgə müqaviləyə çevirmək olar ki, hər iki ölkə bir-biri ilə uyğunluq təşkil edən donanmalara malik olsun. Buna oxşar nümunə kimi, Yunanıstan və Xorvatiya (tezliklə onlara Serbiya da qoşulacaq) “Rafale” qırıcılarından ibarət bir donanmaya malikdir və bu donanma ümumi təchizat və xidmət sistemi ilə idarə olunur.

- Son illərdə Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir. Sizcə, bu missiyanı indi hansı perspektivlər gözləyir?

- Sülh müqaviləsinin VII maddəsi belə deyilir: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”. Mətnində “qüvvələr” sözü işlədilib və qadağa yalnız hərbi qoşunlara deyil, üçüncü ölkələrin digər hərbi birliklərinə də aiddir. Belə şəraitdə, missiya ehtimal ki, müqavilə ratifikasiya edildikdən sonra regionu tərk edəcək. Bəzi müşahidəçilər isə keçid dövrü üçün məsləhətçi kimi müvəqqəti inteqrasiya oluna bilərlər.

Seçilən
3
2
azertag.az

3Mənbələr