Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən proses şahidlərin ifadələri ilə davam edib.
Prosesdə şahid kimi ifadə verən E.Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib.
"Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Ümumi, "WhatsApp"da paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaqda dedilər ki, sən 300 manat göndərmisən. İfadəmdə də demişəm ki, mənim xəbərim yoxdur. Dəqiq heç nə bilmirəm".
Digər şahid Aytən İsayeva isə təqsirləndirilənlərdən Xəqani Ömərovu tanıdığını bildirib:
"Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda Azad Suriya Ordusu bizə maliyyə yardımı edirdi. Ehtiyac olduğu üçün Xəqani də bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim".
Cinayət işində adı keçən şəxslərdən biri olan Elşən Mustafayevin anası Məlahət Mustafayeva şahid qismində ifadəsi zamanı Suriyaya getdiklərini deyib:
"Bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Biz Suriyadakı evimizi 11 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə, Xəqani bizə 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm", - şahid deyərək bildirib.
Təqsirləndirilən Xəqani Ömərov isə ünvanına deyilənləri cavablandıraraq vurğulayıb ki, onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı şəxslər sədəqə kimi onun kart hesabına atıblar.
Şahid İsmayıl Məmmədov ifadəsində özünün və yoldaşının kartından Xəqani Ömərovun kartına məbləğ köçürüldüyünü təsdiqləyib:
"1200 manat sədəqə məqsədilə karta köçürmüşəm. Həmin karta pul göndərilməsi və yardım edilməsi barədə heç bir paylaşım etməmişəm. Yalnız yaxınlara, qohumlara demişəm ki, Ramazan ayıdır, köməklik edin. Pulların kimin hesabına köçürülməsindən xəbərim yoxdur. Atdığım məbləğin hərbi əməliyyatlarla bağlılığı yoxdur. Göndərdiyim pulların aidiyyəti üzrə xərclənməsi barədə daha sonra heç nə dəqiqləşdirməmişəm".
Daha sonra Xəqani Ömərovun vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.