AZ

Fuad Nəcəfli: Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını sürətləndirməyə xidmət edəcək

Bakı, 26 avqust, AZƏRTAC

Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı bildirib.

O deyib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası sona çatacaq və muxtar respublika təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq: “İllərlə davam edən blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun istifadəyə verilməsi Naxçıvan üçün yeni imkanların qapısını açacaq. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq”.

Fuad Nəcəfli vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız kommunikasiya xətti deyil, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcıdır. Bu dəhliz bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyət kəsb edir.

Seçilən
36
11
azertag.az

10Mənbələr