AZ

Özbəkistan Azərbaycanın qida təhlükəsizliyi təcrübəsini öyrənir 

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Səfərin məqsədi Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, görüş zamanı qonaqlara İnstitutun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sistemləri, laboratoriya imkanları və beynəlxalq standartlara uyğun idarəetmə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. 

Görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına baxış keçirib, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Həmçinin səyyar laboratoriyalar ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub.

Xatırladaq ki, ötən gün Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) görüş keçirilib. Görüşdə Agentliyin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Seçilən
14
3
operativmedia.az

4Mənbələr