AZ

Baş nazir: Trampın sözləri dövlət başçımızın misilsiz fəaliyyətinə verilən yüksək dəyər və qiymətdir

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqımızın ən çətin taleyüklü problemini həll etməklə adını tarixə qızıl hərflərlə yazdırmış cənab İlham Əliyevin 22 illik liderlik fəaliyyəti dövründə Azərbaycan XXI əsrdə heç bir müstəqil dövlətin nail ola bilmədiyi uğurlara imza atıb.
Sherg.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.
“Zənnimcə, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi: “Siz böyük lidersiniz” sözləri dövlət başçımızın misilsiz fəaliyyətinə verilən yüksək dəyər və qiymətdir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda həyata keçirilən ardıcıl siyasi və sosial-iqtisadi islahatlar, müdafiə qabiliyyətinin, ordu quruculuğunun və milli təhlükəsizliyin gücləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edən layihələr, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması, Vaşinqton Zəfərinin Azərbaycanın regionda strateji liderliyini təsdiqləməsi – bütün bunlar ölkəmizin daha böyük inkişafının başlanğıcıdır”, - deyə Baş nazir vurğulayıb.

Əli Əsədov qeyd edib ki, qazanılmış nailiyyətləri əldə saxlamaq üçün hər zaman güclü dövlətə, güclü iqtisadiyyata, güclü müdafiə qabiliyyətinə malik olmalıyıq: “Buna nail olmağın yeganə formulu, hesab edirəm ki, xalqının mənafelərini və milli-mənəvi dəyərlərini hər şeydən üstün tutan Prezident İlham Əliyevin şəxsiyyətində cəmləşən dəmir məntiq, dəmir iradə və dəmir yumruğun gücüdür. Hökumət adından bir daha bildirmək istəyirəm ki, bu hədəflərə çatmaq üçün möhtərəm cənab Prezident tərəfindən qoyulan bütün tapşırıq və vəzifələrin vaxtında, bütövlüklə və yüksək keyfiyyətlə icrasını təmin etmək üçün bundan sonra da var gücümüzlə çalışacağıq”.
Seçilən
17
3
sherg.az

4Mənbələr