AZ

Birinci sinfə gedəcək uşaqların VALİDENLƏRİNİN NƏZƏRİNƏ! Necə adaptasiya ola bilərlər?

Yeni dərs ilinin başlaması ilə birinci sinfə gedən uşaqlar üçün adaptasiya prosesi gündəmə gəlir. Bu mərhələ yalnız uşaqlar üçün deyil, həm də valideynlər və müəllimlər üçün mühüm əhəmiyyət daşıyır. Çünki uşaqlar ev mühitindən çıxaraq yeni qaydalar, müəllim obrazı və həmyaşıdlarla ünsiyyət kimi tamamilə fərqli bir mühitə qədəm qoyurlar.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki:

"Uşaqların məktəb mühitinə, xüsusən də birinci sinfə adaptasiya prosesi onların gələcək təhsil həyatına ciddi təsir göstərən mərhələdir. Bu dövr uşaqlar üçün həm psixoloji, həm də sosial baxımdan yeni mərhələdir. Çünki onlar evdəki mühitdən kənara çıxır, yeni qaydalar, müəllim obrazı, həmyaşıdlarla ünsiyyət kimi fərqli situasiyalarla qarşılaşırlar. Bu dəyişikliklər uşağın düşüncəsində gərginlik və narahatlıq yarada bilər və valideynlər ilə müəllimlərin yanaşması burada əsas rol oynayır.

Adaptasiya prosesində uşağın emosional təhlükəsizlik hissi önəmlidir. Uşaq bilməlidir ki, məktəb qorxulu yer deyil, onun inkişafı üçün bir mühitdir. Valideynlərin məktəbi pozitiv şəkildə təqdim etməsi, müəllimlərlə əməkdaşlıq münasibəti qurması uşağa güvən verir. Çox vaxt uşaqlar valideynlərin davranışlarını model alır. Əgər valideyn məktəb haqqında həyəcanlı danışırsa, uşaq da eyni hissi yaşamağa başlayır. Əksinə, sakit və dəstəkləyici bir münasibət uşağın da özünü rahat hiss etməsinə səbəb olur.

Məktəb adaptasiyası bir prosesdir və hər uşaq bu prosesi fərqli keçir. Bəziləri tez uyğunlaşır, bəziləri isə daha çox dəstəyə ehtiyac duyur. Burada səbirli olmaq, uşağın kiçik nailiyyətlərini dəyərləndirmək və motivasiyaedici münasibət göstərmək böyük rol oynayır. Əgər uşaq uzun müddət adaptasiya çətinliyi yaşayırsa, məktəb psixoloqu ilə əməkdaşlıq etmək vacibdir. Məktəbə adaptasiya təkcə uşağın deyil, ailənin və məktəb kollektivinin də ortaq məsuliyyətidir. Sevgi, diqqət, qayğı və əməkdaşlıq bu mərhələni daha sağlam edir".

Şahanə Xankişiyeva

Seçilən
4
2
far.az

3Mənbələr