AZ

Fədayə Laçın: “Laçın mənim dünyaya göz açdığım torpaqdır”

Bu gün 26 avqust Laçın Şəhəri Günüdür. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.

Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Şəhərin tarixi, mədəniyyəti və sakinləri üçün əhəmiyyətli olan bu gündə, əslən Laçından olan müğənni Fədayə Laçın öz xatirələrini “Cebheinfo.az” ilə bölüşüb. 

Fədaya Laçın bildirib ki, Laçında uşaqlıq xatirələri ilə zəngindir:

“Azərbaycan mənim vətənimdir, Laçın isə mənim dünyaya göz açdığım torpaqdır. Orada çox xatirələrim var, amma ən yadımda qalan xatirəm odur ki, bizim həyətimizdə iki cökə ağacı vardı. Onlardan birində işıq yanırdı. 

Qışda qar yağanda, iri qar dənələri, biz ona “quşbaşı” deyirdik, həmin işıqda qar dənəciyinin göydən tutub yerə düşənə qədər necə hərəkət etdiyini izləyirdim. Bu mənzərə mənə ikiqat zövq verirdi.

Təsəvvür edin, qar dənəciyi göydən sakit halda düz yerə düşənə qədər izləyirdim. İlk yadıma düşən xatirəm o oldu. Əslində xatirələrim çoxdur. Məktəbimiz… Mən 6-cı sinifə qədər Laçında oxumuşam. Kəndimizin hər daşı, ağacı, bulağı, bir sözlə hər qarışı mənim yadımdadı”.

Müğənni bütün laçınlıları bu möhtəşəm gün münasibətilə təbrik edib:

“Bundan əlavə, onu da qeyd edim ki, avqustun 30-u inşallah Azərbaycana gəlirəm və Laçına gedəcəm. Bütün laçınlıları Laçın Şəhəri Günü münasibətilə təbrik edirəm”. 

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr