AZ

Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... Furqan Əliyevin şeirləri

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Furqan Əliyevin şeirlərini təqdim edir.

Təəssüfüm ifadə edə bilməyəcəyim qədər...Hələ lap əvvəldən, ondan da əvvəl...

İfadə edə bilmədiyim təəssüfümlə...

Hələ lap əvvəldəki güllər, çiçəklər

Və ehmalca uzadılmış kürəklərlə...

O kürəklərə birdən yüklənən iztirabla

Deyirəm bu sözləri...

İztirabın göz yaşları o qədər gözəl idi ki,

Çox da olmasa,

anlamaq mümkündü o anı belə sevməyi,

o andakı bütün iztirablara belə bağlanmağı.

Sənə yazdığım məktublardakı halın...

O haldan qalan əlamət...

Hələ lap əvvəlini deyirəm - sənin sən olduğun

o anın ahəngini və o andakı bənizini.

Hər şeydə olduğu kimi

bu yaşantının da ortası bir göz qırpımında gəldi.

O zirvədən düşməyimiz ortalarda oldu...

Fəqət həmin zirvədən də yüksəyə qalxdığımız

o anlar məni bir az da insan etdi.

İndi isə...

Gördüyüm kimi ifadə edə bilmirəm bunu,

bu soyuqluğu, heç cür...

Bəlkə, heç soyuqluq da deyil bu...

Bir heçlikdir...

Heçliyin də heçliyi...

Özünübilməzliyin, görünməzliyin,

yoxluğumuzun təsviri yoxdur,

ifadəsizliyin ifadəsi elə heçlikdir,

izah da oluna bilməz bu, heçdir çünki!

İndicə - o zirvədən də yüksəyə

qalxmaq istəyəcəyimiz anda

"heç nə yoxdur" deyiləcək və

bu, içimi daha da soyudacaq...

Əslində sətirlərin sonu heç cür isitməz

və bəlkə, heç soyutmaz da içimi.

Səhvlərini götür-qoy edə bilməyəcəyim qədər

böyükdür təəssüfüm...

Təəssüfüm ifadə edə bilməyəcəyim qədər...HamartiaHamartia - ən dərin soyuqluğum,

Ən böyük anlaşılmazlığım və qayğım...

Təəccübüm, təəssüfüm, tənəzzülüm...

Kürəyimə sancılan həmin o iztirab,

zirvəni rədd edən həmin o...

Həyəcanım, utanc və qorxum...

Yaş tökən gözlərə baxdığım anda da, ondan öncə də...

O anı təsvir etməyə gücüm yetməz.

Çünki görmədiklərimin də həyəcanının olduğunu

gördüklərimin gərginliyindən dərs almaqla anladım.

Xəyalımın gücünün məni aparmasına göz yumdum,

təbii ki, xeyir üçün.

Nə hayqırışlara, nə yalvarışlara, nə də

onlara qurban olmağı vəd edənə bir şey dedim.

Çünki sonsuzluğa uzana biləcək hər şeyə göz yumdum,

özümsə saniyələrin ahəngi ilə bir yerlərə qapıldım.

Məhz bundandı qapıldığım həyəcan, utanc və qorxu...

Möhtəşəm idi.

Sevgiylə dolu və sonsuzluqdaymışam kimi.

Zirvə...

Bambaşqa bir zirvə...

Parıltısını sezdiyim göz yaşları...

Başqalarında daha çox,

məndə isə daha az olan.

Ən əsas məqamda sağımda gördüm onu.

Onun da gözləri yaşlı,

bənizi bir təbəssümü üzərinə götürmüş.

O, tanış idi,

bir qədər fərqli, daha yaxın imiş kimi,

fəqət elə olmadığını bilirdim.

Zirvəmdə nə ki fərqli duyğu var, indi qabardı.

İndi məni həm darda, həm də arada buraxdı.

Eynilə Hamartianın gözləri qapalı "anlaması" kimi.

Həm heç, həm də seçilməz olan Hamartia.

Ələ almağa çalışdığım,

amma əlində qaldığım Hamartia...

Hamartia mən idimmi - yox!

Fəqət üzümü turşudub sizi əmin edərəm,

Hamartia sən, mən, o da ola bilər.

Eynilə sevginin də sən, mən, o

və heç uzatmayaq,

Tanrının özü ola biləcəyi kimi.

Hamartia hələlik səadəti inkar edən aciz,

gözü bağlı və "xoşbəxtdir".

Onunla dünən vədələşdik, amma bugün gəlmədi.

Bəlkə də, sevgini çoxdan unudub, amma...

Hamartia bir vaxt mən boyda olmaq istəyirdi,

İndi isə, anlayışsız qalmasına rəğmən,

tək anlamın boy olduğunu düşünür.Zərrəsi də vərəqə tökülməmiş şeirDörd divar arasında

yalqız deyilkən belə, mən

quşların qanad çırpıb ötərək

pıçıldadıqları həqiqətəm.

Mən ömür boyu bir gözucu baxışa rəğmən,

saysız-hesabsız qırışlardan yapışan,

dağ-dərə demədən

yerində qalan həmin o mənzərəyəm.

İslah üçün tərbiyə, qisas üçün qan çanağıyam.

Cəza verən Allahın

əfvdən boyun qaçıracağını deməyənlərdənəm.

Çünki qisas üçün

buraya gəlməyəcəyinə də əminəm,

elə cəza üçün də...

Bizə görünəndə isə

həmin o quştək

cəh-cəh vurmayacağını da bilirəm.

Cəza həqiqət deyil:

Mənim, hər yaradılanın, adil bir əldən çıxanın

adi məxluq ola bilməyəcəyi kimi.

Vərəqi qoyub, yeri gəldi-gəlmədi, gözünü

başqa bir şeyə zilləməyəcəyi kimi.

Yalana tabe olmamağını

gülərək

həqiqətin özü olmağına bağladığı kimi.

Bunların hər birinin

və yeri gələndə heç birinin,

elə onun həm özü,

həm də mən ola biləcəyi kimi

Bir bütöv kimi,

təbəssümdən boylanan təcəssüm kimi,

O təcəssümü layiqincə alıb,

yenə də zərrə ola bilmənin

xoşbəxtliyi kimi.

Elə bilməyin, zərrə heçdir.

Zərrə ilə heçi yan-yana qoysaq,

Yaradanla yaradılanı görərsiniz.

Zərrə ilə yaradılanı, yəni həqiqəti,

məni, səni, onu yanaşı qoyduqda isə

Yaradan gözdən itər.

Bir də, zərrəsi özü boyda olana qədər,

yalnız kiçik zərflərlə, vərəqlərlə və

onlardan yarananlarla

asta-asta pıçıltısını qoyar ortaya,

tən ortaya,

Həm də görünə biləcək şəkildə.

Bəlkə, pıçıltısı bir quşun ağzında,

bəlkə də, bir küləyin dilində

çatacaq yaradılanın qulaqlarına,

mütləq nə cürsə çatacaq.

Elə bu zaman şeirin də zərrəsi

bəlkə də, heç tökülməmiş olacaq

həmin o vərəqlərə.

Bəlkə də, buna görə könül

sığmaq istəməyəcək bir yerə.

sığmağa

ehtiyacı olmadığı anda

bütün vərəqlər şeirlə dolub-daşacaq

bir-birindən tam fərqli şeirlərlə...

Bəzisi utancla, iztirabla,

Digərləri eşqlə, qürurla...

Fəqət yavaş-yavaş

hamısı eyniləşəcək sonda.

Qəlbi sancmayan, eynilə bizim kimi,

bir-birindən fərqli eyniliklər,

bir-birindən gözəl,

hər zərrəsi vərəqə köçürülmüş şeirlər.

Bataqlıqİnanın ki, nə gizlətmək, nə bilməmək,

nə də daş atmaq günahdır...

Ən azından bizim üçün...Qarışdıra biləcəyin

ən sonuncu mühitdir bataqlıq.

Göl desən,

ağlından çıxarmalı olduğundur bataqlıq.

Üzmək istəməsən, girəcəyin ən rahat məkan,

Batmaq istəsən, düşəcəyin ən uyğun yerdir bataqlıq.

İstəməyənin,

“maraqsız”ı seçə bilənin ünvanıdır bataqlıq.

Görməyənin,

qanmayanın tanımadığı,

fəqət mütləq tanıyacağı yerdir bataqlıq.

Böyük hərflə yazmamalı olduğun addır bataqlıq,

Onunla oynamasan,

sənə bulaşmayacaq yeganə çirkabdır bataqlıq.

Təbiətin bataqlığı deyil, bu yerdən-yerə vurduğum.

Çünki o,

görmədiyimiz daha nələr, nələr gizlədir içində.

Bizimki isə, anlayın artıq,

bu qədər zaman keçsə belə,

haqqında bir kəlmə də bilmədiyimiz bataqlıqdır:

Ədəb naminə,

atdığımız daşı özümüzə qaytaran bataqlıq.Danırıq- Sülh üçün mütləq müharibə olmalıdır?

- Bilmirəm... Ancaq...Danırıq qəlib olmuş qəlbləri,

Düşsə də torpağa bizim olmayacaq qəlpələri.

Danırıq, danlayırıq Allahın da yerinə.

Dan yerinin sahibinə nəsə öyrədirmiş kimi.

Baxmırıq təpəyə-düzə...

Danırıq, hansı üfüqdən çıxsa da Günəş.

Deyirik: “Çox parladın, azca gözlə!”

Budur bizim gücümüz - inkar edərkən bəsirəti,

Budur bizim gücümüz - sezəndə ən böyük fəziləti.

Ortalıqda söz olur,

qovğa qopur,

Nə üçün?

Bunun üçün, ay dananlar!

Bəlkə də baxsaq xəzinə kimi,

batininə hər şeyin,

Görmədiyindən qorxanlarımız da nəsə anlayar.

Çünki adına “qaranlıq” deyilən

gecələrin birində

itəcək aydınlığa əngəl olan hər nöqtə.

Aşkar görünəcək hər doğru söz bəyaz səmada.

Baxın, görəcəksiniz onda:

Sizdən bir biz yaranacaq,

Bir səhvi, bir düzü, bir günahı,

bir savabı qalan,

Bir sancan, bir də sancılmış olan,

Bir də geridə buraxdıqlarına da

Heyranlıqla baxan biz.İdbarAdımız iki dəfə qoyulur:

Biri heçlikdə,

Digəri isə heçlikdən çıxa biləcəyimiz anda.

Çıxanda öz içindən İnsan,

Qalanda yerində idbar

Adsız qalmırıq...

Ancaq elə adı ən rəzil möhtəkir də

satmağa utanar.

Onda ki, adımız, varlığımız idbara çevrilir

bəzi gözlərdə,

ən çox da görməyənlərdə,

bir söz baş qaldırır batinimizdən:

Qəlbindən gələn qədər sev məni,

Əlindən gələn qədər qoru,

Çünki mən o qədər sevirəm,

Elə fərəhliyəm,

sanki

idbar adlanan hər şeydən uzaq kimi gəlir həyat.

Gözümdən axan yaşdır idbar,

Yalnız iki seçimi var.

Ya sevincdən süzülüb gedəcək,

ya da...

Musiqi alətlərini zədələnməkdən qoruyan "ağıllı çantalar"

Sən də tufanla oynama... - Günün şeiri

"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
7
kulis.az

9Mənbələr