AZ

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? -

İbtidai siniflərdə dərslərin müddəti uzun illərdir pedaqoqların, valideynlərin və təhsil ekspertlərinin müzakirə mövzusudur. İlk dəfə məktəbə başlayan 6-7 yaşlı uşaqların dərs prosesinə uzun müddət diqqətini yönəltməkdə çətinlik çəkməsi psixoloq və müəllimlərin də diqqət mərkəzindədir. Buna görə də bir çox ölkələrdə ibtidai siniflərdə dərslərin müddəti yuxarı siniflərdən daha qısa müəyyənləşdirilir.Mətbuat.az "Azərbaycan müəlliminə" istinadla xəbər verir ki, ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərs müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsdiqlənib. Qaydalara görə, ibtidai siniflərdə təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox olmamalıdır. Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi bildirib ki, bu normativlərin dəyişdirilməsi gündəmdə deyil. Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva təsdiqləyir ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Onun sözlərinə görə, bu müddət xüsusilə I sinif şagirdləri üçün kifayət qədər uzun görünə bilər:"Əgər uşaq məktəbəqədər hazırlıq və ya bağça təcrübəsinə malikdirsə, müəyyən qaydalara uyğunlaşır. Amma birbaşa evdən məktəbə gələn uşaqlar üçün 45 dəqiqəlik dərs həm psixoloji, həm də fiziki baxımdan ağır ola bilər", - deyə Dünyamalıyeva bildirib.O əlavə edib ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətlə məşğul olduqda yorulurlar, hərəkət etmək və oyun oynamaq istəyirlər. Buna görə də müəllim dərsi elə qurmalıdır ki, həm öyrədici, həm əyləncəli, həm də motivasiyaedici olsun."Dərsin maraqlı və cəlbedici olması üçün vizual materiallardan istifadə etmək vacibdir. Şəkillər, rəngli kartlar və videolar uşaqların diqqətini daha uzun müddət saxlamağa kömək edir. Tapşırıqlar isə müxtəlif və qısamüddətli olmalıdır, 7-10 dəqiqəlik fəaliyyətlərdən sonra dərhal başqa məşğuliyyətə keçmək daha effektivdir. Həmçinin şagirdlərə sinifdə müəyyən rollar vermək - məsələn, müəllim köməkçisi olmaq, dəftərləri paylamaq, lövhəni silmək həm məsuliyyət hissini artırır, həm də diqqəti tez yayınan uşaqları dərs prosesinə aktiv şəkildə cəlb edir".Metodist vurğulayır ki, müəllim dərsi şagirdlərin yaş səviyyəsinə və öyrənmə tipinə uyğun planlamalıdır. Kimisi vizual, kimisi eşitmə, kimisi isə kinestetik üsullarla daha yaxşı öyrənir. Müxtəlif metodların tətbiqi bütün uşaqlar üçün balanslı və səmərəli mühit yaradır.İbtidai dərslərin effektiv planlanması üçün tövsiyələrARTİ-nin metodisti dərslərin daha səmərəli təşkili üçün belə bir ardıcıllıq təklif edir:1. Motivasiya mərhələsi - Şagirdlərin marağını oyatmaq üçün şəkil, mahnı, sual-cavab, animasiya və real əşyalar istifadə olunur.2. Mövzuya giriş - Hər mərhələ üçün 5-7 dəqiqə vaxt ayrıldıqda, 45 dəqiqəlik dərs uzun görünmür.3. Əsas fəaliyyət - Müəllim müşahidəçi rolunda olur, uşaqlar oyun, tapşırıq, kartlar və hərəkətli məşğələlərlə mövzunu mənimsəyirlər.4. Yaradıcı fəaliyyət - Mövzunu möhkəmləndirmək üçün rəsm, plastilin, kəsib-yapışdırma, qrup və cüt işləri tətbiq olunur.5. Refleksiya - Sonda "Bu gün nə öyrəndiniz?", "Nə yadınızda qaldı?" kimi suallarla uşaqlar fikirlərini bölüşürlər.Beynəlxalq təcrübə nə deyir?Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri fərqlidir və bu, pedaqoji yanaşmaların müxtəlifliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlərə daha çox fasilə imkanı yaradır. Finlandiyada isə dərslərin müddəti 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir.Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır.Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur.Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir.İngiltərədə isə şagirdlər fəaliyyət blokları ilə öyrədilir, qısa, 15-20 dəqiqəlik bloklar fasilələrlə növbələşərək dərs prosesini maraqlı və cəlbedici edir.Çin məktəblərində dərslərin müddəti adətən 40 dəqiqədir, bəzi bölgələrdə isə I sinifdə 35 dəqiqəyə qədər qısaldılır.Yaponiyada ibtidai sinif şagirdləri isə 35 dəqiqəlik dərslərdə iştirak edirlər.Səhiyyə təşkilatlarının yanaşmasıAmerika Pediatriya Akademiyasının (AAP) tövsiyələrinə görə, uşaqların diqqət saxlama qabiliyyəti onların yaşına uyğun dəqiqələrlə ölçülür. Məsələn, 6 yaşlı uşaq 6-8 dəqiqə, 7 yaşlı uşaq isə 7-9 dəqiqə fasiləsiz diqqət göstərə bilir. Buna görə də dərslərin qısa bloklarla təşkili və ardınca fəaliyyət dəyişikliyi vacibdir.Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində qeyd olunur ki, 6-7 yaşlı uşaqlar ən geci 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməlidirlər. Bu, həm fiziki, həm də zehni sağlamlıq baxımından zəruridir.Təhsil psixoloqları diqqət müddətini sadə düsturla izah edirlər: yaş vurulsun 2-5 dəqiqə. Yəni 7 yaşlı uşaq dərs prosesində maksimum 14-35 dəqiqə diqqətini qoruyaraq öyrənə bilir. Bu isə yalnız oxu-yazı ilə deyil, oyun, rəsmlə məşğuliyyət, qrup işi kimi fəaliyyətlərin növbələşməsi ilə mümkündür.Göründüyü kimi, bəzi ölkələrdə (Latviya, Yaponiya, İtaliya və s.) ibtidai siniflərdə dərs müddəti daha qısadır. Finlandiya və İngiltərə kimi ölkələr isə fasilələrin tezliyinə və uşaqların aktivliyinə xüsusi diqqət yetirirlər.

Azərbaycanda mövcud qaydalar dərsin 45 dəqiqədən az olmamasını tələb etsə də, beynəlxalq təcrübə sübut edir ki, dərsin keyfiyyətinə təkcə müddət yox, həm də onun təşkili, fasilələrin düzgün planlanması və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılması birbaşa təsir göstərir.

Seçilən
8
19
metbuat.az

10Mənbələr