AZ

Biz niyə obyektiv deyilik?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dilimizdə belə bir məsəl var: "Heç kəs öz ayranına turş deməz".

Bu nə deməkdir? O deməkdir ki, insan özünə tənqidi yanaşa bilmir. Öz qüsurlarını ya görmür, ya da görmək istəmir. Bu, ən çox siyasətdə özünü göstərir: hər kəs işin ən doğrusunu "görür", sözün ən doğrusunu "deyir".

Birini düşmən olaraq qazanmaq üçün bircə dənə yanlışını de, dur qırağa. Gör, səni necə "ağ yuyub, qara sərir".

Hamı yanlışı başqasında axtarır. Ona görə elliklə bir məsəl də quraşdırmışıq: "Öz gözündə tiri görmür, özgənin gözündə tük axtarır".

Siyasətimiz halına ağlanacaq durumdadır. Çünki, əvvəl də dediyim kimi: siyasətimiz sağlam rəqabət səviyyəsinə qalxmadı, şəxsi düşmənçilik dərəcəsinə endi.

Bir-birimizi rəqib, opponent yox, düşmən gözündə görürük. Çünki nə özümüzə qarşı obyektivik, nə özgəyə qarşı.

Pisə "pis" deməyi pis bacarmırıq, amma yaxşıya da "yaxşı" deməyi yaxşı bacarmalıyıq axı.

Yeri gəldi-gəlmədi, tənqid etməyə aludə olmuşuq, ancaq yeri gələndə təqdir etməyi "unutmuşuq".

Bəli, biz bir çox sferalarda, bəzi parametrlərə görə, öz bölgəmizdə bizdən kiçik qonşularımızdan geri qalırıq. Məsələn, az qazanıb, çox xərcləyirik.

Deyə bilərsiniz, az qazandığı halda insan necə çox xərcləyə bilər?

Baxın, ölkəmizdə kimin vəzifə səlahiyyəti varsa, dövlət malına, puluna kimin əli çatırsa, çoxu çalıb-çapmağa meyllidir; korrupsiya buna görə xərçəng xəstəliyi kimi metastaz verib. Yerdə qalan əksəriyyət isə ya bir-birinə borcludur, ya da bankların borc boyunduruğundadır.

İndi bunu ayrı-ayrılıqda kimə desən, sənə düşmən olacaq.

Siyasətdə hərənin öz troll "ordu"su var. Bir fərqli mülahizə, bir tənqidi fikir deyənin üstünə dərhal elliklə hücum edirlər.

Sosial mediada bu, daha aydın görünür: iqtidar olsun, ya müxalifət, fərq etməz, hərənin öz sosial media "əsgər"ləri öz liderinin ətrafına "ətdən çəpər çəkir". Hamısı da eyni cür "silahlanıb": topu şantaj, bombası böhtan, gülləsi təhqir...

Məsələn, biz niyə dünyada bu qədər günahsız məhbusla anılaq deyə sual edəcəm, yaxud niyə rəqəmləri şişirtməyə hələ də belə öyrəncəliyik deyəcəm, bir çoxlarının xətrinə dəyəcək. Eləcə də hansı düşərgədən olursa-olsun, siyasi kimliyi olanların, eləcə də, cəmiyyətin bəlli kəsimlərinin bu qədər snabizmə - şahsevənliyə yuvarlanması yanlışdır deyə fikrimi bildirəcəm, yenə bir çox insana xoş getməyəcək.

Yox, cəmiyyət olaraq, bu yolla uzağa gedə bilmərik. Toplum təfəkkürü daşlaşmış yanlış paradiqmalardan yapışıb qaldıqca, bu ağırlıq altında əzilə-əzilə gedəcəyik.

Adamların çoxu, illah da "öndə gedənlər" hələ də keçmişdə yaşamaqda davam edirsə, bu ölkəyə gələcək vaxtından çox gec gələcək. Əgər hələ gələcəksə.

Hərə özünə balaca, xudmani "dünya" yaradıb və orda dünyadan xəbərsiz, "xoşbəxt" yaşamaqda davam edərsə, heç nə dəyişməz, heç nə gəkişməz.

Tanınmış bir siyasətçinin dediyi kimi, bəzi fikirlər o qədər dəyişməz qalır, o qədər köhnəlir ki, artıq "ağızda iylənir".

Bu, doğrudan da, belədir. Yaxşı bir deyim var: "Bir dəlilər, bir də ölülər fikrini dəyişmir".

Bəzi inzanlara öz fikrini dəyişmək az qala dünyasını dəyişmək kimi qorxuli görünür. Ancaq anlamaq istəmir: dünya dəyişir, şərtlər dəyişir. Əgər illərlə, onillərlə getdiyin yol özünə və özgəyə bir xeyir gətirmirsə, deməli, ən azı bir yerdə, heç olmasa, bir hovur nəfəsini dərib düşünməlisən. Öz fikrindən, öz yolundan şübhə etməlisən. Başqa fikirlərə dirəniş göstərmək əvəzinə, diqqət ayırmalısan, qulaq verməlisən. Saf-çürük etməlisən. Gərəkdirsə, öz paradiqmalarını dəyişməlisın. Burda qorxulu və ya qəbahətli bir şey yoxdur.

Ancaq yox, reallığımız başqadır. Biz obyektiv ola bilmirik; fikri iradəmiz iflicdir. Acı gerçəyi olduğu kimi görmək əvəzinə, şirin xülyalara sığınıb "rahat" gün keçirməyi üstün bilirik. Dayanmadan yalan vədlər üyüdən "siyasi dəyirmanlar" ona gözüyumulun inanan insanları uyutmaqda davam edir.

Biz niyə beləyik axı?! Nə zamana qədər belə olacağıq?!

Bu suallar ətrafında bir az düşünək bəlkə. Cəmiyyət olaraq düşünək.

Dəfələrlə özüm deyib, özüm eşitmişəm: biz sağlam müzakirə müstəvisini itiririk, xəbəriniz olsun! Bir-birimizi dinləmək və anlamaq bacarığını itiririk!

Gerçəklər bu qədər ağırdır və insanı ağrıdır.

Bunları açıb demirsən, deyirlər, niyə susursan? Deyirsən, "pis kişi" olursan...

Bax, elə ona görə də Şair belə deyirmiş:

"Dilimin ucunda köz olan sözü

Desəm öldürərlər, deməsəm, ölləm"...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr