AZ

Möminə Xatun türbəsi: gizli kosmik işarələr və sirlər - Yunis Xəlilovun araşdırması

Möminə Xatun türbəsi: gizli kosmik işarələr və sirlər - Yunis Xəlilovun araşdırması

Yunis Xəlilovun “Kosmik işarələr: Möminə Xatun türbəsinin kitabələrinə səyahət" araşdırmasını təqdim edirik:

Möminə Xatun türbəsində onun xarici üzünü çevrələyən ön tərəfə kufi xətlə müəyyən kitabələr həkk edilib. Bir sıra ərəb xətti növləri (himyər, nəsx, tumari və s.) içərisində niyə məhz kufi xəttinin seçilməsi sualına dərhal belə aydınlıq gətirək ki, islam dini meydana gəldikdən sonra kufi xətti Quran-Kərimin nüsxələrində istifadə olunurdu.

Sonrakı dövrlərdə bir çox başqa xətlər yaransa da, daş oymaları kufi xətti ilə işlənir, məscid və binaların dekorasiyasında ən çox kufi yazısından istifadə edilirdi. Böyük ehtimal ki, Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi türbənin üzərinə işlədiyi kitabələrdə məhz bu səbəbə görə kufi xəttinə üstünlük vermişdi.

Möminə Xatun türbəsinin üzərində olan kitabələri elm aləminə təqdim edən alimlərdən biri tarixçi-etnoqraf və arxeoloq Əjdər Ələsgərzadə olmuşdur. O, belə bir nəticəyə gəlmişdir ki, onüzlü türbənin bütün üzləri kənardan Qurani-Kərimin 36-cı surəsi olan "Yasin"in mətni ilə haşiyələnib.

İki dəfə təkrar olunmaqla bu surə bir dəfə birinci üzdən beşinciyə, o biri dəfə altıncı üzdən onuncu üzədək davam edir. Hər üzdə yazı sağda aşağıdan yuxarıya yönəlir, sonra yuxarıda üfüqi davam edir və aşağı istiqamətlənir.

Maraq doğuran bir məqam budur ki, görəsən, böyük memar türbənin xarici üzü üçün 114 surə içərisində nəyə görə məhz "Yasin" surəsini seçib? Bu sual, bir neçə tədqiqatçının elmi əsərləri istisna olmaqla təəssüf ki, xüsusi araşdırmaya cəlb edilməyib.

Memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" (Bakı, "Şərq-qərb", 2007, s. 73-75) adlı kitabında bu sualın cavabını üç səbəblə əlaqələndirir. Tanınmış alimin fikrincə, bunun birinci səbəbi Möminə Xatun türbəsinin qəbirüstü abidə olması ilə əlaqədar ola bilər.

Müəllifin ikinci səbəb kimi gördüyü məsələ Möminə Xatun türbəsinin üzərinə işlənmiş kitabələrin birində yazılmış "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" ifadəsi ilə bağlıdır. Müəllifə görə, bu sözlər insan öldükdən sonra onun ancaq faydalı əməlləri qalacağına bir işarədir. "Yasin" surəsinin 12-ci ayəsində buyurulur: "Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq".

Alim üçüncü səbəb kimi Möminə Xatun türbəsinin quruluş nəzəriyyəsini qeyd edərək bunu "Yasin" surəsinin 33-cü və 36-cı ayələri ilə izah etməyə çalışır.

Müəllifin yuxarıdakı fikirləri həqiqətən maraq doğurur və biz bu barədə oxuculara məlumat verməklə yanaşı, öz görüşlərimizi də bölüşmək istərdik. Məlum olduğu kimi, "Yasin" surəsi 83 ayədən ibarət olub "Ya Sin" Qurani-Kərimin müqəttiə hərfləridir və bunun müxtəlif izahları vardır.

Ərəb dilindəki "Ya"nın əbcəd dəyəri 12, "Sin"in əbcəd dəyəri isə 120-dir. Bunlar toplandıqda 132 edir ki, bu həm "Məhəmməd", həm də ki, "qəlb" kəlməsinin əbcəd dəyərləridir. Buna əsasən fikir yürüdülür ki, "Yasin" surəsi Quranın qəlbidir.

Şəxsi qənaətimizə görə, ola bilsin ki, Əcəmi Naxçıvani, türbənin həm öz əsərləri içərisində yerinə (şah əsər) işarə edir, həm də "sirlərin kilidini açmağa yarayan mərkəz, ürək budur" deyir.

Möminə Xatun türbəsinin fasadına "Yasin" surəsinin işlənməsi səbəbinə sakral anlam daşıyan "Dünyanın mərkəzi" mifoloji anlayışı gözündən də nəzər salmaq maraqlı olar. Naxçıvan dünyanın qədim müqəddəs məkanlarından biri olub məşhur dini ziyarətgahlara ev sahibliyi etməklə yanaşı, müəyyən dini təriqətlərin də beşiyi hesab edilir.

Ezoterik ədəbiyyatlarda müqəddəs hesab olunan bölgələr dünyanın mühüm mərkəzi zonaları kimi qəbul edilir. Maraqlıdır ki, şamanizmə görə, dünya üç kosmik zonaya bölünür: göy, yer və yeraltı dünya. Bu üç zonanın birləşdiyi yer isə "Dünyanın mərkəzi" ("Dünyanın göbəyi") adlanır.

Dahi Əcəmi Qurani-Kərimin qəlbi sayılan "Yasin" surəsi ilə Naxçıvan bölgəsinin dünyanın mərkəzi zonalarından biri olmasına simvolik işarə də edə bilər.

Unudulmamalıdır ki, Möminə Xatun türbəsinin memarlıq quruluşu "qızıl bölgü" mütənasiblik sisteminə, eləcə də insan bədəninin harmonik quruluşu sisteminə, onun naxışlarının quruluşu isə kvadrat, düzgün altıbucaqlı və onların birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə əsaslanır.

Bu haqda memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev "Başlanğıcların başlanğıcı: Naxçıvan-Marağa memarlıq formalarının mahiyyəti" adlı kitabında (İstanbul, Akademi Titiz Yayınları, 2015) maraqlı məqamlara toxunub və diqqəti cəlb edən şəkillər üzərində fikirlərini əsaslandırmağa çalışıb.

Məsələyə bir də başqa prizmadan yanaşaq: Türbənin astronomiya və kosmik sirlərlə bağlı olması ehtimalını düşünsək, Qurani-Kərimin məhz astronomiyaya dair sirlərdən də bəhs olunduğu "Yasin" surəsinin onun üzərində məhz bu səbəbə görə əks olunması mülahizəsini də yürütmək olar. Surənin 37-40-cı ayələrində məhz sözügedən məsələlərə toxunulur.

Zənnimizcə, dünya xalqlarının mədəni irsi sayılan bir sıra məşhur abidələr kimi Möminə Xatun türbəsinin üzərində də gizli kosmik sirlərə işarələr vardır. Bu barədə bəhs etmək isə başqa bir araşdırmanın predmetidir.

Mövzudan yayınmadan gəlin, məsələyə bir də tamamilə fərqli müstəvidən baxaq. Kiçik bir haşiyə: Mustafa Kamal Atatürk türk diplomatı Tahsin Mayatepeki Meksikaya səfir təyin etməklə müəmmalı Mu mədəniyyətini araşdırmağı ona tapşırmışdı. Üç ilə yaxın müddət ərzində əldə olunan nəticələr üç cilddə toplanmış on dörd raportdan ibarət olub həmin dövrdə Mustafa Kamal Atatürkə və Türk Dil Qurumuna göndərilmişdi.

Nəhayət, 2006-cı ildə sözügedən raportlar kitab şəklində çap edildi. O vaxt aşkarlanmışdı ki, Qurani-Kərimin müqəttiə hərfləri artıq tarixdən silinmiş Mu mədəniyyətinin dili ilə paralellik təşkil edir. Mu dilində "YA" - "yas", "tragediya", "SİN" isə "sahə", "məntəqə" deməkdir. Birlikdə götürdükdə "suya gömülən qitənin tragedik taleyi" mənasını ifadə edir. Deməli, "Yasin" sözü buna işarə edə bilər.

Sual oluna bilər ki, bunun Möminə Xatun türbəsinə nə dəxli? Ola bilsin ki, "Yasin" surəsi ilə həmin mistik əfsanəvi qədim mədəniyyətlərə işarə oluna bilər. Yəni insanlığın kökü oradan gəlir. Mu, Atlantida, Qədim Misir... Bunlar haqda söhbət açmaq isə başqa bir məqalənin mövzusudur.

Qeyd edək ki, bəzi tədqiqatçıların fikrincə, türbə üzərində yalnız "Yasin" surəsi işlənməyib. Hesab edilir ki, türbənin içərisində yuxarı tərəfdə bant formasında abidənin bütün dairəvi çevrəsi boyu böyük ehtimal ki, Qurani-Kərimin "Fatihə" və "İxlas" surələri də həkk olunub.

Bu barədə Azərbaycanın tanınmış tarixçi-etnoqrafı və arxeoloqu Əjdər Ələsgərzadənin "Naxçıvan diyarının qədim memarlıq abidələrinin kitabələri" adlı məqaləsində (Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri, № 5, Bakı, 1949, s. 161) maraqlı məlumatlar yer alıb.

Daha sonra müəllif qeyd edir ki, gümbəzin içəri tərəfində bant formasında yazı vardır, lakin türbənin təmiri zamanı bu yazı suvaqla örtülüb və oxunaqlı deyil. Buna görə təmirdən sonra çəkilmiş fotoşəkillərdə bu yazını oxumaq mümkün olmamışdır. Fikrimizcə, ola bilər ki, burada "Fatihə" və "İxlas" surələri yerləşmişdir.

Əjdər Ələsgərzadə həmçinin rus tədqiqatçısı V.M.Sısoyevə istinad edərək türbənin içəri tərəfində bir neçə metr yüksəklikdə kəmər şəklində ikinci yazının mövcud olduğunu bildirib. Onun fikrincə, türbədə çoxsaylı kitabələrin olması ehtimalı böyükdür və bunlar bütöv şəkildə araşdırılmalıdır.

Buna görə də türbə üzərindəki kitabələrin suvaq altında gizlənmiş hissələri təmizlənməli, Möminə Xatun türbəsi orijinalına uyğun şəkildə bərpa olunmalıdır. Çünki kitabələrin həqiqi mənası yalnız belə üzə çıxa bilər.

Düşünürəm ki, türbənin üstünü qapayan günbəzin kərpic sıralarından olan yerlərində yerləşdirilmiş perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça-medalyon türbəyə işlənmiş kitabələrin gizli sirrinin kilid açarları rolunu oynayır.

Fikrimcə, medalyonların bucaq sayları ilə abidə üzərindəki naxışlar həndəsi və riyazi hesablamalarla birləşdirilərək təhlil edilərsə, türbəyə işlənmiş kitabələrin bu günədək açılmamış batini anlamları üzə çıxa bilər. Bu isə nəinki ölkəmiz, hətta dünya üçün də tarixin qaranlıq səhifələrində gizli qalmış əhəmiyyətli məsələləri işıqlandıra bilər.

Bu baxımdan türbə üzərindəki naxışlar dörd dairəvi xonça-medalyonla əlaqələndirilərək tamamilə fərqli rakurslardan yenidən elmi şəkildə araşdırılmalıdır.

Yeri gəlmişkən, ərəb və fars dili mütəxəssislərindən, tarixçi-etnoqraflardan, ilahiyyatçılardan, eləcə də ezoterik alimlərdən ibarət birgə xüsusi komissiya təşkil olunmaqla Möminə Xatun türbəsinin kitabələrinin yenidən dəqiq oxunmasına böyük ehtiyac vardır.

Təkcə bir fakta nəzər salaq: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" kimi tərcümə edilən cümlələrin orijinal farsca mətnində "gedirik" əvəzinə "bərgərdim" – "qayıdırıq", "əsər" əvəzinə isə "in" – "bu" yazılıb. Tərcümənin bədii formada verilməsi orijinal mənanı təhrif etməsə də, gələcək nəsillərə ötürülən ismarışların batini anlamı üçün daha dəqiq yanaşma zəruridir.

Unutmaq olmaz ki, abidələr üzərində gələcək nəsillərə çatdırılan yazılarda təkcə bir sözün belə yanlış tərcüməsi böyük məna təhriflərinə səbəb ola bilər. Buna görə də bu mövzuda həssaslıq vacibdir.

Ümid edirik ki, mütəxəssislərin aparacağı yeni elmi araşdırmalar bu mövzunun daha ətraflı tədqiqinə münbit şərait yaradacaq.

Seçilən
48
1
afn.az

2Mənbələr