"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın 2-ci turunda "Ovyedo" ilə matçdan (3:0) sonra komandanın hücumçusu Kilian Mbappenin oyunu barədə danışıb. 26 yaşlı fransalı futbolçu yeni mövsümün ilk iki turunda üç qol vurub.
QOL.az xəbər verir ki, Xabi Alonso mətbuat konfransında bildirib:
"O, klublararası dünya çempionatında itirdiyi dörd kiloqramı geri qaytarıb. Keçən mövsüm barədə çox danışa bilmərəm. Çünki o vaxt burada deyildim. Düşünürəm ki, onunla bağlı hər şey yolundadır, motivasiyalıdır və bu, komandaya da keçir. Mbappenin geridönüşlərini görmək mənə xoş gəlir. Bilirik ki, o, qollar vuracaq. Bu gün əla oynadı. Oyundan oyuna inkişaf edirik və nələri düzəltməli olduğumuzu görürük. Hələ çox az vaxt keçib. Amma komandada pozitiv əhval-ruhiyyə var".