AZ

"İsti hava insanın əhvalını pozur" - Araşdırma

 
"İsti hava yalnız fiziki sağlamlığa yox, psixoloji sabitliyə də zərbə vurur..."
 
Yeni araşdırma göstərir ki, güclü istilər təkcə bədəni deyil, insanın ruh halını da zədələyir. Massaçusets Texnologiya İnstitutu və dünyanın müxtəlif ölkələrindən alimlər 150-dən çox ölkədən 1,2 milyard sosial şəbəkə paylaşımını təhlil edərək havanın insan emosiyalarına təsirini öyrəniblər.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Sosial şəbəkələrdən emosiyaların "xəritəsi"
 
Məlum olub ki, havanın temperaturu Selsi üzrə 35 dərəcədən yuxarı qalxdıqda, insanların əhvalı nəzərəçarpacaq dərəcədə pisləşir. Xüsusən də aşağı gəlirli ölkələrdə bu təsir daha güclüdür: paylaşımlardakı neqativlik 25 faizə qədər artır. Yüksək gəlirli ölkələrdə isə bu göstərici təxminən 8 faizdir. Araşdırmada hər mesaja "əhalın əhval balı" verilib -  0,0 çox neqativ, 1,0 isə çox pozitiv mesaj deməkdir. Bu paylaşımlar 2988 coğrafi nöqtə ilə əlaqələndirilib və havanın təsiri izlənilib.
 
İstidən əsəb, aqressiya və hətta cinayət
 
Əvvəlki onilliklərdə aparılan araşdırmalar da istilərin davranışa təsirini göstərib. Məsələn, 1980-ci illərdə aparılan araşdırmada məlum olub ki, havanın hərarəti yüksəldikcə sürücülərin siqnal vermə ehtimalı artır. 2008-ci ilin Pekin Olimpiadasını işıqlandıran jurnalistlər isti günlərdə daha çox neqativ sözlərdən istifadə ediblər. Yunanıstanda 1995-2004-cü illərdə baş vermiş qətllərin 30 faizindən çoxu havanın 25 dərəcədən yuxarı olduğu günlərdə qeydə alınıb.
 
Tarixi araşdırmalar göstərir ki, 1791-1880-ci illər arasında baş verən üsyanların böyük əksəriyyəti yay aylarında olub. İstilik yalnız aqressiyanı artırmır, həm də özünə yönələn neqativlik doğurur. 2018-ci il tədqiqatına görə, isti günlərdə intihar halları da artır.
 
Niyə belə olur? Alimlərin müxtəlif izahları var. Bəziləri hesab edir ki, istilər beyində serotonin səviyyəsini dəyişir - bu maddə insanın xoşbəxtliyini və sakitliyini tənzimləyir. Digərləri isə istilərin testosteronu artıraraq aqressiyanı gücləndirdiyini düşünür.
 
Lakin tədqiqatçılar qeyd edirlər: bu, birbaşa səbəb-nəticə əlaqəsi deyil, yalnız korrelyasiyadır. Yəni istinin insan davranışına təsirini gücləndirən başqa amillər də ola bilər.
 
Gələcək nəsillərin əhvalı necə olacaq?
 
İqlim modellərinə əsaslanan proqnozlara görə, əsrin sonuna qədər qlobal istiləşmə nəticəsində dünyada insanların əhvalı orta hesabla 2,3 faiz pisləşəcək. Bu isə emosional dayanıqlığın gələcəkdə iqlim dəyişikliyinə uyğunlaşmanın mühüm hissəsinə çevriləcəyini göstərir.
 
Tədqiqatçılar vurğulayırlar ki, sosial şəbəkə istifadəçiləri bütün əhalini əks etdirmir. Uşaqlar və yaşlılar, yəni istidən ən çox əziyyət çəkən təbəqələr bu platformalarda az təmsil olunublar. Bu isə o deməkdir ki, real emosional zərər statistikadan da yüksək ola bilər.
 
İsti hava yalnız fiziki sağlamlığa yox, psixoloji sabitliyə də zərbə vurur. İnfrastruktur bizi istidən müəyyən qədər qoruya bilər, amma emosional təsirlərə hazırlaşmaq gələcəyin ən vacib məsələlərindən biridir.
Seçilən
51
moderator.az

1Mənbələr