Mən bu gün səhər keçirdiyimiz iclasda hesabat verdim və məlum oldu ki, Urmu gölünün hazırkı səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyun həcmi isə təxminən yarım milyard kubmetrdir.
Gunaz.tv
Bunu İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə deyib.
“İyul, avqust və sentyabr aylarında buxarlanmanın intensivliyini və ölkə üzrə yüksək temperaturu nəzərə alsaq, buxarlanmanın bu intensivliyi və gölün səthinə daxil olan suyun olmaması onu göstərir ki, biz çox güman ki, bu yayın sonuna kimi gölün tamamilə qurumasının şahidi olacağıq.
Gölü xilas etmək üçün indi görülməli olan iş payız əkini üçün kənd təsərrüfatı bitkilərinin növünün müzakirəsinə başlamaq, fermerlərin su payını müəyyən etmək və gölə daxil olan suyun miqdarını nəzərdən keçirməkdir"-, deyə o əlavə edib.
Xatırladaq ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.