AZ

"Mehriban Abasquliyeva bildirsək də, bizə qapını göstərirdi" - Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə...


“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Firuzə Məmmədova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır:

“Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda olurdu. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyeva bildirsək də, bizə qapını göstərirdi. Uşaq çoxluğundan elektik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını elektrik vurmuşdu. Rəhbərliyə bildirsək də nəticə olmurdu”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni təsdiq edib.

Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalımış Günel Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və mərkəzdə iki il fəaliyyət göstərib:

“Əvvəllər Yenidoğulmuşların intensiv terapiya bölməsində iki otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra otaq sayı 4 oldu. Hətta bu sayı 6 etmək istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədə Mehriban Abasquliyeva bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək “Kim istəyirsə, ərizəsini yazıb yazıb işdən çıxa bilər, qapı açıqdır”,- deyirdi. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş ağırlığından su belə içməyə vaxt olmurdu ”.

Daha sonra şahid qismində İlahə Nuriyeva ifadə verib:

“İş yükümüz çox ağır idi. Əvvəl həm otaq, həm də uşaq sayı az idi. Lakin otaq sayı 4 olduqda işimiz çox ağırlaşdı. Tibb bacısı az idi. Bununla bağlı rəhbərliyə məlumat versək də, bir xeyri olmadı. Otaqda əvvəllər küveyz sayı 3-dək olurdu. Lakin sonradan bu say 4-dən artıq oldu. Panellərə uzadıcı qoşurduq. Həmçinin panellərdə açıq olan hissələr var. Bizi “tok” vururdu. Rəhbərliyə məıumat versək də, tədbir görülümürdü”.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Seçilən
4
10
baki-xeber.com

10Mənbələr