Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
Görüşdə Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, həmçinin ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Qonaq, eyni zamanda Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.
Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə də Prezident İlham Əliyevi təbrik edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib və Azərbaycanın sülh gündəliyinin, Ermənistanla normallaşma prosesinin irəli aparılması istiqamətində səylərin davam etdiriləcəyini qeyd edib.
Prezident İlham Əliyev, həmçinin COP29 zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşü xatırladıb.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında siyasi münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. İqtisadiyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Xüsusilə enerji sahəsində tərəfdaşlığa diqqət çəkilib və Azərbaycanla bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlığın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi qeyd olunub. Bu əməkdaşlığın qarşıdakı onilliklərdə də davam edəcəyinə ümidvarlıq ifadə edilib.
Görüşün sonunda qonaq Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.