Azərbaycanın dövlətçilik tarixində Laçın rayonu həm coğrafi mövqeyi, həm də siyasi-strateji əhəmiyyəti ilə seçilən mühüm məkanlardan biridir. Qədim yaşayış məskəni olan bu diyar 1923-cü ildə şəhər statusu almış, 1930-cu ildə isə inzibati rayon kimi formalaşdırılmışdır.
Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu sərhəd mövqeyi Laçını qısa müddət ərzində strateji əhəmiyyət daşıyan bölgələrdən birinə çevirdi. 1 şəhər, 1 qəsəbə, 125 kəndə sahib rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Ərazisi zəngin təbii resurslarla, geniş yaylaq və meşə sahələri ilə yanaşı, tarixi-mədəni abidələrin çoxluğu ilə də diqqət çəkirdi. Lakin bu gözəl diyarın taleyinə XX əsrin sonlarında ağır sınaqlar yazıldı.
1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğalı Azərbaycan tarixində ən faciəli səhifələrdən biri oldu. Rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Ermənistanın hərbi təcavüzü nəticəsində yüzlərlə sosial obyekt, təhsil və səhiyyə müəssisələri, sənaye sahələri, mədəniyyət ocaqları dağıdıldı, qiymətli tarixi abidələr vandalizmə məruz qaldı.
Şübhəsiz ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı. Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə, Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır.
İşğal altında olduğu illərdə Laçın təkcə hərbi deyil, həm də siyasi məqsədlərə xidmət edən bir məkan kimi istifadə olundu. Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq burada qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirdi. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin talan olunması, rayonun iqtisadi potensialının qarət edilməsi Ermənistanın işğalçılıq siyasətinin bariz nümunələridir. Buraya Suriyadan və digər ölkələrdən erməni əsilli ailələrin köçürülməsi isə açıq şəkildə demoqrafik tərkibin zorla dəyişdirilməsi idi. Bütün bunlar Ermənistanın beynəlxalq hüquq normalarını tapdaladığını, işğalı möhkəmləndirmək üçün məqsədyönlü siyasət apardığını sübut edirdi.
2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər Laçın üçün də tarixi dönüş nöqtəsi oldu. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə yaxın davam edən ədalətsizliyin aradan qaldırıldı.
Bu gün Laçın Azərbaycanın azad edilmiş torpaqları sırasında yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Laçına ilk sakinlər geri dönüb. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə burada müasir infrastruktur layihələri həyata keçirilir, eyni zamanda işğalın vurduğu yaraları sağaldaraq, Laçın əvvəlkindən də güclü bir mərkəzə çevrilir.
Azərbaycanın qəhrəmanlıq salnaməsində Laçın rayonu həm mübarizə, həm də quruculuq simvoluna çevrilmişdir. İşğaldan azad edilməsindən sonra burada başlanan genişmiqyaslı yenidənqurma işləri Laçını yalnız tarixi ədalətin bərpası yox, həm də müasir inkişaf modelinin nümunəsinə çevirir.
2020-ci ildə Vətən müharibəsində əldə edilən qələbədə Laçının azad olunması xüsusi strateji əhəmiyyət daşıdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.” Bu gün Laçında aparılan quruculuq işləri dövlətin strateji vizyonunu əks etdirir. Şəhərin yenidən qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi, sosial-mədəni mühitin bərpası Laçını Azərbaycanın müasir simasına uyğun şəkildə inkişaf etdirir.
Dövlət başçımız İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu. Həmin qərara əsasən 26 avqust “Laçın şəhəri günü” kimi qeyd edilir. Bu gün Laçının əzəli Azərbaycan torpağı olaraq yenidən dirçəlişinin təntənəsidir.
Laçın rayonu təkcə strateji mövqeyi ilə deyil, həm də enerji imkanları ilə seçilir. Rayon ərazisində ümumi gücü 65,5 MVt, illik 194 milyon kilovat-saat istehsal potensialı olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.
2021-ci ildə Güləbird SES istifadəyə verilmiş, daha sonra “Ağbulaq”, “Mişni”, “Alxaslı” kimi stansiyalar bərpa olunmuşdur. 2023–2025-ci illərdə istifadəyə verilən “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-ləri isə ölkəmizin “yaşıl enerji” strategiyasına töhfə verir.
Laçında inşa edilən yeni avtomobil yolları, xüsusən də 75,8 kilometrlik Kəlbəcər-Laçın yolu bölgənin inkişafında həlledici rol oynayacaq. Bu yolun üzərində 17 tunel və 23 körpünün tikilməsi yalnız texniki göstəricilər baxımından deyil, həm də Laçının regionun nəqliyyat mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2025-ci ilin 28 mayında istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın mühüm strateji nailiyyətlərindən biridir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən və ölkəmizdə ən yüksək aeroport olan bu hava limanı həm strateji hərbi-siyasi, həm də turizm baxımından böyük imkanlar açır. Uçuş-enmə zolağının 3 min metr uzunluqda olması istənilən tip hava gəmisinin qəbuluna şərait yaradır. Laçın, Şuşa və Kəlbəcər istiqamətlərinə yaxın yerləşməsi isə regionun beynəlxalq inteqrasiyasını möhkəmləndirir.
Laçının Baş planı müasir urbanizasiya prinsiplərinə əsaslanır. 258 hektar ərazidə fərdi evlər, çoxmənzilli yaşayış binaları, məktəb, xəstəxana, muzey, mədəniyyət və turizm obyektləri inşa edilir. “15 dəqiqəlik şəhər” prinsipi isə bütün gündəlik tələbat obyektlərinin yaxın məsafədə yerləşməsini təmin edərək həm sakinlərin rahatlığını, həm də ekoloji dayanıqlığı nəzərdə tutur.
Azadlıqdan sonrakı dövrdə Laçında tikinti və bərpa prosesi xüsusi miqyas almışdır. 1000-dən çox fərdi yaşayış evi inşa olunmuş, onlarla çoxmənzilli bina və qeyri-yaşayış sahələri istifadəyə verilmişdir. Şəhərdə müasir standartlara cavab verən 626 fərdi ev, 138 mənzil və 87 qeyri-yaşayış sahəsi artıq sakinlərin ixtiyarına buraxılıb. Hazırda da tikinti və bərpa işləri davam etdirilir, yüzlərlə yeni evin istifadəyə verilməsi planlaşdırılır.
Laçın rayonunun təhsil infrastrukturu da müasir tələblərə uyğun şəkildə bərpa olunur. 510 şagird yerlik Laçın şəhər 2 nömrəli tam orta məktəbi, 176 yerlik Zabux kənd məktəbi və digər təhsil müəssisələrində gənc nəslin bilik qazanması üçün ən müasir şərait yaradılır. Bu, Laçının gələcəyini təmin edən əsas sütunlardan biridir.
Qarabağın təbii gözəllikləri fonunda Laçının turizm potensialı xüsusi diqqət mərkəzindədir. 2025-ci ildə açılışı olan “Laçın” İstirahət Kompleksi həm yerli, həm də xarici turistlər üçün yüksək standartlı xidmət təqdim edir. Mehmanxana, kotteclər, konfrans və ziyafət zallarından ibarət bu məkanda yüzlərlə insan işlə təmin olunmuşdur.
Laçında turizm infrastrukturuna çaykənarı bulvar, asma körpü, göl, çimərlik və kanat yolu da daxildir. Bu layihələr həm əhalinin istirahətini, həm də turizmin inkişafını təmin edir.
2023-cü ildə istifadəyə verilmiş “Hoçazfilm” yaradıcılıq studiyası Qarabağın audiovizual mərkəzinə çevrilməkdədir. Burada çəkiliş pavilyonları, inzibati binalar yaradılmış, yerli və xarici film istehsalçıları üçün müasir şərait təmin olunmuşdur. Studiyanın fəaliyyəti Laçını gələcəkdə regional mədəniyyət mərkəzinə çevirməkdədir.
2025-ci ildə isə Laçının beynəlxalq mədəni statusu daha da gücləndi – MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın “MDB-nin mədəniyyət paytaxtı” elan edildi. İyun ayında keçirilən açılış mərasimi Laçının mədəni inteqrasiyasının rəsmi təsdiqi oldu.
Laçında yaradılan “Laçın Aqro-Sənaye Parkı” bölgənin iqtisadi inkişafının mühüm dayağıdır. Parkda 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur: mebel, ayaqqabı fabriki, yüngül sənaye müəssisələri, balıqçılıq və heyvandarlıq təsərrüfatları burada iqtisadiyyatın çoxşaxəli strukturunu formalaşdırır.
Mebel fabrikləri, prefabrik evlərin istehsalı, xırdabuynuzlu heyvan kəsim məntəqəsi və balıq təsərrüfatları həm məşğulluğu artırır, həm də yerli istehsalın inkişafına xidmət edir. Xüsusən, “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyəti regionun aqrar potensialını gücləndirir.
2023-cü ildən başlayaraq Laçın sakinlərinin Böyük Qayıdışı həyata keçirilir. Dövlət Proqramı çərçivəsində Laçın şəhərinə 571 ailə, Zabux kəndinə 217 ailə, Sus kəndinə 59 ailə, Bəylik kəndinə isə 89 ailə köçürülüb. Onların hər biri müasir evlər, məktəb, uşaq bağçası, sosial və mədəni obyektlərlə təmin olunub.
Zabux kəndində günəş enerjisinə əsaslanan işıqlandırma sistemləri, Sus kəndində yeni məktəb və bağça, Bəylikdə isə yaşıl enerji ilə işləyən klub-icma mərkəzi qurulub. Bu, ekoloji davamlılıq və müasirlik baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin azad olunmuş Laçına səfərləri rayonda bərpa-quruculuq işlərinin miqyasını və strateji əhəmiyyətini əks etdirir. 2021-ci ildən etibarən keçirilən səfərlər zamanı Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması, hava limanının və əsas infrastruktur layihələrinin təməlqoyması, elektrik yarımstansiyaları, su anbarları və tunellərin inşası kimi mühüm layihələr reallaşdırılıb. Sonrakı illərdə şəhərin Baş planı təqdim olunub, məktəblər, sənaye zonası, mebel və tikiş fabrikləri, balıqçılıq təsərrüfatı, mehmanxana və istirahət kompleksləri açılıb, kəndlər bərpa olunaraq sakinlərə evlər təqdim edilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının açılışı, kanat yolunun təməlqoyması və beynəlxalq Zirvə görüşünün keçirilməsi Laçının təkcə Azərbaycan üçün deyil, region üçün də mühüm strateji və siyasi mərkəzə çevrildiyini təsdiqləyib.
Laçın bu gün bərpa və quruculuğun, milli həmrəyliyin və qayıdışın rəmzi kimi öz tarixində yeni bir səhifə açır. Burada görülən işlər ölkəmizin gücünü, dövlət siyasətinin məqsədyönlülüyünü və xalqın doğma yurduna bağlılığını nümayiş etdirir. Laçının dirçəlişi bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf yolunun aydın göstəricisinə çevrilmişdir.
Bu gün Laçın təkcə azad edilmiş bir rayon deyil –həm də Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür. Qəhrəmanlıq tarixi ilə şərəflənən Laçın indi quruculuq, tərəqqi və dayanıqlı inkişaf yolundadır. Burada həyata keçirilən genişmiqyaslı layihələr Laçını həm yaşayış, həm iqtisadiyyat, həm də mədəniyyət baxımından bölgənin parlayan mərkəzinə çevirir.
Laçın həm qələbənin, həm dirçəlişin, həm də gələcəyə inamın rəmzidir.
Ziyafət ƏSGƏROV
Azərbaycan RespublikasıMilli Məclisinin Sədr müavini.