AZ

Üç türk dövləti üçün karvan yolu: Zəngəzurdan keçən yolun xəritəsi belə olacaq - MÜSAHİBƏ

BAKI, 25 avqust. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən üzçtərəfli görüş, əldə edilən razılaşmaların əsas istiqamətləri nədən ibarətdir? Yeni nəqliyyat və enerji dəhlizlərindən bəhs olunur. Üç türk dövlətinin ortaq həyata keçirə biləcəyi hansı layihələr var?

- Azərbaycan Prezidentinin Türkmənistana səfəri, Özbəkistan Prezidentinin də burada üçtərəfli görüşdə iştirakı olduqca əhəmiyyətli idi. Üç türk dövləti olan Azərbaycan, Türkmənistan və Özbəkistan arasında geniştərkibli nümayəndə heyətlərinin iştirakı ilə müəyyən sənədlərin imzalanması vacib idi. Bu addım ilkin olaraq hansı məsələlərin prioritet olması haqqında xəbər verir. Görünən odur ki, əsasən iki məsələ üzərində müzakirələr aparılıb. Bu ilk növbədə qlobal enerji layihələri ilə bağlı olub. Söhbət elektirik enerjisi, neft və qaz layihələri ilə yanaşı logistika məsələlərindən gedir. Azərbaycan Orta Asiya respublikaları, qardaş türk dövlətləri ilə birlikdə yeni logistika xəttinin, karvan yolunun yaradılmasına çalışır. Bunun üçün artıq xeyli işlər də görülüb.

- Uzun müddətdir müzakirə edilən “Transxəzər” boru kəməri layihəsinin reallaşması ilə bağlı da ortaq razılaşmaların olduğu iddia edilir. İndiki halda bu layihənin reallaşması nə dərəcə aktualdır?

- Çox güman ki, 90-cı illərdən bəri müzakirə edilən “Transxəzər” boru kəmərlərinin çəkilməsi məsələsi üç türk dövlətinin lideri arasında müzakirə edilib. Çünki indi Transxəzər neft və qaz kəmərlərinin çəkilməsi üçün yeni bir şərait yaranıb.

- İndiyə qədər bu layihənin reallaşmasına əsas maneə nə idi?

- Əvvəllər Transxəzər layihəsinin reallaşmasına Rusiya və İran daha çox maneə olurdu. Çünki Rusiya hər il Avropaya 176-178 milyard kubmetr qaz satırdı. İndi isə bu satışı etmək mümkün deyil. Əvvəlki illərə nisbətən yeni Avropa marşurutu üzrə hansısa qaz layihəsinin olması Rusiya üçün o qədər də həyatı əhəmiyyət kəsb etmir. Ona görə də Transxəzər layihəsinin reallaşması üçün münbit şərait yaranıb. Ən azından müəyyən qarşılıqlı güzəştlərlə bu layihəyə qarşı Rusiyanın müqavimətinin azalması mümkündür.

- Transxəzər layihəsinin reallaşması Xəzər hövzəsində yerləşən ölkələr üçün nə vəd edir?

- Türkmənistan sahillərindən Xəzər dənizinin dibi ilə Azərbaycana boru kəmərinin çəkilməsi reallaşa bilər. Azərbaycan üzərindən Türkmənistan qazının Avropaya çatdırılması üçün hazır infrastruktur var. İlkin mərhələdə 8-10 milyard kubmetrlik qazın Azərbaycanın boru kəmərləri vasitəsi ilə Avropaya çatdırılması mümkündür.

- Qazaxıstanla enerji daşıyıcılarının ixracı ilə bağlı hansı layihələr reallaşa bilər?

- Bu layihə Xəzər hövəsində yerləşən ölkələr üçün əsas priotitetlərdən biridir. Qazaxıstandan da neft kəmərinin çəkilməsi gündəmə gələ bilər. Neftin tankerlərlə daşınması rahat olsa da boru kəməri ilə daha ucuz və sürətli nəqlin həyata keçirilməsi məsələsi var. Faktiki olaraq indi bu layihələri həyata keçirmək üçün Azərbaycan-Türkmənistan və Özbəkistanın müəyyən addımlar atacağı da istisna edilmir.

- İxracın Avropaya çatdırılması nəzərdə tutulur. Bu halda layihənin reallaşmasında Avropa Birliyin üzərində hansı öhdəliklər düşür?

- Sözsüz ki, Avropa Birliyi bu layihələrin reallaşmasında daha çox maraqlı olan tərəfdir. Transxəzər layihəsinin reallaşması üçün maliyyə mənbələrinin tapılması çox asandır. Böyük maliyyə korporasiyaları və banklar da bu layihə üçün yaxşı şərtlərlə pul ayıra bilərlər.

- Özbəkistanın bu layihələrdə əsas rolu nədən ibarət olacaq?

- Nəqliyyat dəhlizləri vasitəsi ilə yük daşımaları məsələsində Özbəkistanın rolu böyükdür. Hazırda bu ölkənin iqtisadiyyatı böyüyür. Bu halda Özbəkistan öz məhsullarını Avropaya və yeni ixrac bazarlarına çıxarmaqda maraqlı olacaq. Bunun üçün də yeni logistik xəttlər axtarılır. Ən sərfəli marşurut isə Azərbaycan üzərindən keçən Orta dəhliz, gələcəkdə açılacaq Zəngəzur dəhlizi, artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bütün bu layihələrin canlanması üçün Orta Asiya respublikaları ilə Azərbaycan arasında iş birliyinin getdikcə artacağını indidən proqnozlaşdırmaq olar.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr