Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
26 Avqust Azərbaycan xalqı üçün təkcə bir təqvim günü deyil, Laçın şəhərinin öz sahiblərinə – azad və müstəqil Azərbaycana qovuşduğu, tarixi ədalətin bərpa olunduğu əlamətdar gündür. Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizənin nəticəsi olaraq, Laçın yenidən dirçəlir, inkişaf edir və gələcəyə doğru böyük inamla irəliləyir. Laçın rayonu 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğalın arxasında yalnız hərbi məqsədlər deyil, bölgədə süni şəkildə etnik-siyasi vəziyyəti dəyişmək, Azərbaycan torpaqlarını parçalamaq və bölgədə qeyri-qanuni idarəetmə qurmaq kimi məkrli niyyətlər dayanırdı. Laçının strateji mövqeyi – Ermənistanla işğal altındakı Qarabağ arasında birbaşa əlaqə rolu oynaması – bu şəhəri separatçılar və onların havadarları üçün xüsusi əhəmiyyətli edirdi. Ancaq Azərbaycan xalqının iradəsi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi bu planlara son qoydu. 2020-ci il 10 noyabr bəyanatı əsasında Laçın rayonu, 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri də daxil olmaqla tam nəzarətə götürüldü. Laçın azad olunduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Əhalinin təhlükəsiz və komfortlu şəkildə qayıdışını təmin etmək üçün müasir infrastruktur layihələri həyata keçirilir. Bunlar sırasında yeni yolların çəkilməsi, su, qaz, elektrik xətlərinin yenidən qurulması, sosial obyektlərin – məktəb, xəstəxana və mədəniyyət mərkəzlərinin tikintisi xüsusi yer tutur. Laçının strateji mövqeyinə uyğun olaraq burada inşa edilən Laçın Beynəlxalq Hava Limanı, Azərbaycanın bu bölgədəki iqtisadi-siyasi gücünü daha da artıracaq. Təməlqoyma mərasimi 2021-ci ildə keçirilmiş bu layihə təkcə nəqliyyat baxımından deyil, həm də turizm, ticarət və beynəlxalq əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hava limanı həm yerli əhalinin rahatlığını təmin edəcək, həm də Laçının dünyaya açılan qapısına çevriləcək. Azərbaycanın yenidən qurulan bölgələri, xüsusilə Laçın, artıq beynəlxalq tədbirlərin, forumların, konfransların keçirildiyi məkana çevrilməkdədir. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki siyasi, iqtisadi və mədəni potensialın dünyaya nümayiş etdirilməsi baxımından vacibdir. Laçının belə tədbirlərə ev sahibliyi etməsi, regionun sabitlik və inkişaf mərkəzinə çevrildiyini göstərir. 26 Avqust – Laçın şəhəri günü Azərbaycanın güclü dövlət iradəsinin, xalqın birliyinin və tarixi ədalətin təntənəsinin simvoludur. İşğal və dağıntılardan sonra Laçın bu gün yenidən doğulur. Bərpa olunan şəhər təkcə yenidən qurulan tikililərlə deyil, həm də əzəli sahiblərinin qayıdışı ilə canlanır. Laçın artıq yalnız bir şəhər deyil – dirçəlişin, qələbənin və gələcəyə doğru inamlı addımların rəmzidir.Vəfa İsmayılova
YAP Laçın rayon təşkilatının 48 saylı ƏPT-nin sədri
Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.