AZ

“Kəpəz”in futbolçusu: “Xal qazanmağa artıq məcburuq”

“Azarkeşlər iradında haqlıdır. Onlar komandadan yaxşı nəticələr gözləyirlər. Biz də çalışacağıq ki, birlikdə əl-ələ verib növbəti oyunlara daha ciddi köklənək və xal qazanmağa nail olaq. Artıq buna məcburuq”.

İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az saytında açıqlamasında “Kəpəz”in futbolçusu Əli Səmədov deyib.

27 yaşlı yarımmüdafiəçi “Karvan-Yevlax”la oyunda məğlubiyyətin səbəblərinə də toxunub: “Oyuna pis başlamamışdıq. Lakin buraxdığımız ilk qoldan sonra komandada ruh düşkünlüyü yarandı. Komanda olaraq müdafiə olunuruqsa və buna baxmayaraq, 3 qol buraxırıqsa, deməli, səhvlərimiz var. Bunun üzərində işləyib düzəltməliyik. Uduzduqca futbolçular psixoloji baxımdan çətinlik yaşayır, toparlanmaq da ağır olur. Bu vəziyyətdən çıxmağın yeganə yolu qələbədir. Əslində, “Sumqayıt”a məğlubiyyəti “Karvan-Yevlax” üzərində qələbə ilə unutdurmaq istəyirdik, amma təəssüf ki, gözləmədiyimiz halda uduzduq”.

Komandanın kapitanı son olaraq gələcək üçün nikbin danışıb: “Daha diqqətli və məsuliyyətli olmalıyıq. Komandama inamım sonsuzdur. Bilindiyi kimi, heyətdə çox dəyişiklik baş verib. Futbolçuların əksəriyyəti yenidir və müəyyən vaxt adaptasiya prosesi tələb olunur. Birlikdə daha çox məşq etdikcə və oynadıqca, daha yaxşı “Kəpəz” görəcəyinizə əminəm”.

İdman.biz

Seçilən
17
1
idman.biz

2Mənbələr