“Fukusima-1” qəzalı atom elektrik stansiyasının (AES) administrasiyası iki il ərzində radioaktiv maddələrdən təmizlənmiş ümumilikdə 102 min ton texniki suyu okeana axıdıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Asahi” qəzeti “Tokyo Electric Power” enerji korporasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, suyun axıdılmasına 2023-cü il avqustun 24-də başlanılıb və proses Yaponiya hökuməti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında bir çox ölkələrdən olan inspektorların iştirakı ilə həyata keçirilib. Eyni zamanda, stansiyanın ərazisində hələ də 1000-dən çox polad çəndə 1,28 milyon ton texniki su saxlanılır. Bunun təxminən 70%-i hələ də kifayət qədər yüksək radioaktiv maddə konsentrasiyasına malikdir və əlavə təmizləmə tələb edir. Əgər bu proses uzanarsa, “Fukusima-1” AES-in tam sökülməsinin planlaşdırıldığı 2051-ci ilə qədər suyun tam təmizlənməsi və okeana axıdılması mümkün olmaya bilər.
2023-cü ildə Yaponiya hökuməti təmizlənmiş suyun tədricən okeana axıdılmasına başlamaq qərarı qəbul edib. Suyun axıdılması prosesində bu günədək hər hansı qayda pozuntusu qeydə alınmayıb.