AZ

Regional əməkdaşlığın yeni səhifəsi

2025-ci il avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri regionun siyasi və iqtisadi gündəmində mühüm hadisə kimi yadda qaldı. Bu səfər yalnız Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə kifayətlənmədi, həm də geniş regional əməkdaşlığın strateji əsaslarını daha da möhkəmləndirdi.

Azərbaycan və Türkmənistan əsrlər boyu ortaq mədəniyyətə, tarixə və dil yaxınlığına malik olan dövlətlərdir. Prezident İlham Əliyevin səfəri bu ənənəvi dostluğu daha da gücləndirdi. Görüşlər zamanı enerji, ticarət, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu. Türkmənistanın simvolik “Axaltəkə” atını Azərbaycan Prezidentinə hədiyyə etməsi isə münasibətlərin dostluq və qardaşlıq xarakterini açıq şəkildə nümayiş etdirdi.

Səfərin ən əhəmiyyətli məqamlarından biri Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan–Türkmənistan–Özbəkistan liderlərinin üçtərəfli zirvə görüşü oldu. Bu platforma Orta Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni modelini ortaya qoydu. Zirvə çərçivəsində qəbul edilən qərarlar regionda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji təhlükəsizliyi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın coğrafi mövqeyi onu Şərqlə Qərb arasında körpüyə çevirib. Türkmənistan səfəri zamanı xüsusi vurğulanan “Orta Dəhliz” layihəsi həm Azərbaycan, həm də Türkmənistan üçün böyük strateji imkanlar açır. Bu dəhlizin inkişafı Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və region dövlətlərinin qlobal bazarlara çıxış imkanlarının yaxşılaşmasına xidmət edir.

Azərbaycan və Türkmənistan enerji resurslarına malik dövlətlərdir. Prezident İlham Əliyevin səfəri zamanı enerji sektorunda əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu. Xəzər hövzəsində ortaq layihələrin həyata keçirilməsi gələcəkdə həm regionun enerji təhlükəsizliyinə, həm də dünya bazarlarına sabit enerji təchizatına töhfə verə bilər.

Səfərin mədəni aspektləri də diqqətdən kənarda qalmadı. İki xalq arasında mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə əldə olunan razılaşmalar xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Bu istiqamətdə atılacaq addımlar təkcə dövlətlərarası münasibətləri deyil, həm də xalqların qarşılıqlı anlaşma və dostluq münasibətlərini gücləndirəcək.

Azərbaycan Prezidentinin 22 avqust Türkmənistan səfəri strateji baxımdan mühüm hadisədir. Bu səfər nəticəsində yalnız ikitərəfli münasibətlər deyil, həm də regional əməkdaşlıq formatları yeni məzmun qazanıb. “Orta Dəhliz”in inkişafı, enerji təhlükəsizliyi məsələlərinin koordinasiyası və mədəni-humanitar sahələrdə əməkdaşlıq regionun gələcəyinə yönəlmiş mühüm addımlar kimi qiymətləndirilir.

Beləliklə, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan diplomatiyasının uğurlarını və regional əməkdaşlığın perspektivlərini parlaq şəkildə ortaya qoydu.

Əminə Ağazadə

Milli Məclisin deputatı

 

Seçilən
6
1
sabahinfo.az

2Mənbələr