Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verildiyi kimi, Ukraynanın zərbələri nəticəsində Rusiyanın Bryansk vilayətindən keçən “Drujba” neft kəməri partladılıb. Nəticədə Rusiya neftinin Macarıstana və Slovakiyaya nəqli dayanıb. İndi kəmərin və paylayıcı qurğunun təmirinə xeyli vaxt lazım olacaq. Buna görə hətta Macarıstan Baş naziri Viktor Orban Donald Trampa Ukraynadan şikayət edib.
Bu arada Ukraynanın getdikcə öz istehsalı olan raketlərdən daha çox istifadə etməyə başladığına dair məlumatlar yayılır. Bir neçə gün əvvəl mətbuatda “Flaminqo” adı verilən yeni Ukrayna raketinin fotoları yayıldı. Bundan sonra isə şəxsən Volodimir Zelenski bu raketin uğurla sınaqdan keçirildiyini bəyan etdi. Təbii ki, bu cür sınaqlar hazırda Rusiya ilə ölüm-dirim savaşı verən Ukrayna tərəfindən birbaşa hərb meydanında həyata keçirilir. Demək, raket Rusiyaya aid hansısa hərbi obyekti, yaxud infrastruktur müəssisəsini vurub.
Yeri gəlmişkən qeyd edək ki, bu raketin ABŞ-nin “Tomoqavk” raketinin prototipi olduğunu iddia edən mütəxəssislər var. Həmin raketlər isə 3000 kilometrə qədər məsafədəki hədəfləri vurmaq iqtidarındadır.
Bu arada Macarıstanın XİN başçısı Petr Siyarto “Drujba” kəmərinin əvvəl xəbər verildiyi kimi, yalnız PUA-larla vurulmadığını deyib. Rusiya energetika nazirinin müavini ilə söhbətindən sonra Siyarto bəyan edib ki, Ukrayna kəmərə PUA ilə yanaşı, həm də raket zərbəsi endirib. Buna görə də, dağıntı böyük olub və onun nəticələrinin aradan qaldırılması üçün ən azı beş gün vaxt lazımdır. Bu açıqlama bir daha Ukraynanın daha tez-tez raket hücumları həyata keçirməyə başlamasından xəbə verir.
Təbii ki, “Drujba”nın Bryanskdakı hissəsinə endirilən zərbədə məhz “Flaminqo”dan istifadə edildiyini demək doğru olmazdı. Çünki Belarusla Rusiya sərhədinə yaxın ərazidə yerləşən həmin nöqtədən Ukrayna sərhədinə qədər olan məsafə cəmi 50 kilometrdən bir qədər çoxdur. “Flaminqo” isə daha uzaq məsafələri vurmaq üçündür. Ona görə də “Drujba”nın hansı raketlə vurulması məsələsi açıq qalır.
Hər halda, Ukrayna tərəfi Siyartonun bəyanatına hələ ki, hər hansı münasibət bildirməyib. Ancaq işğalçıya onun öz ərazisində zərbə endirilməsi işğala məruz qalan ölkənin təbii haqqı, oradakı hədəflər isə qanuni hədəflərdir.
Xatırladaq ki, “Drujba” kəməri Bryanskda iki qola ayrılır. Cənub qolu Ukrayna ərazisindən keçərək, Avropaya çıxır və əsasən Slovakiya, Çexiya və Macarıstanı neft məhsulları ilə təmin edirdi. Həmin istiqamətdə axın Ukrayna tərəfindən dayandırılıb. Şimal qolu isə Belarus ərazisindən keçərək, Polşaya, oradan da Slovakiya və Macarıstana neft ötürür ki, bu qol da hazırda fəaliyyətini dayandırmalı olub.
C.Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.