AZ

Zəngəzur folkloruna elmi baxış

AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Savad” nəşriyyatında “Zəngəzur folkoru: poetik sözdən sosial mənaya” elmi araşdırmalar kitabı işıq üzü görüb.

Kitaba Zəngəzur, Qərbi Azərbaycan, o cümlədən Qarabağ folklor mühitlərinə məxsus olan folklor nümunələrinin sosial, tarixi və etnoqrafik kontekstdəki təbiəti, semantikası, psixoloji və funksional xüsusiyyətlərinin tədqiq olunduğu araşdırma yazıları daxil edilib. Tədqiqatçı alimlərin gərgin zəhməti sayəsində bölgənin folklor xəzinəsinə yeni baxışların əks olunduğu elmi məqalələr toplusu müasir folklorşünaslıq üçün böyük əhəmiyyət kəsb edir.    

Kitabda filologiya elmləri doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikası (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında), filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi”, filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər”, filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında), Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqalələri yer alır.

Filologiya elmləri doktoru Hikmət Quliyev öz məqaləsində Zəngəzur və Qarabağ folklor nümunələri əsasında problemə bir neçə aspektdən yanaşıb, Müdrik Qoca arxetipini və dağ kultunu, bu arxetipə daxil olan obrazların normaqoruyuculuq və normayaradıcılıq davranışını, triksterik rakurs və yaradılış məsələlərini təhlil edib. Müəyyən olunub ki, folklorda müqəddəs hesab olunan məkanlar (ocaq, pir, ziyarətgahlar), kritik məqamlarda ortaya çıxan “nizamlayıcı”, “barışdırıcı” subyektlər (ağsaqqallar, seyidlər), həmçinin atalar sözləri vasitəsilə qəlibləşdirilən (“mötəbər” mənbəyə istinad) norma və davranışlar özünün psixosemantikası baxımından Müdrik qoca arxetipindən qaynaqlanır. Araşdırmada K.Q.Yunqun analitik-psixoloji metodu əsasında Zəngəzur və Qarabağ folklor mühitlərində müdrik və ağsaqqal obrazlarının yaradılışla bağlı semantikası təhlil olunub, bölgəyə məxsus nümunələr əsasında konkret nəticələr əldə edilib.

Professor Əfzələddin Əsgər sonu sevgililərin ölümü ilə bitən dastanların türk-islam xalqlarının folklorunda geniş yayıldığını, bu dastanlarda qoşa dəfn olunan sevgililərin ruhlarının qovuşmasına icazə verilmədiyini, sevgililərin əbədi ayrılıq düşüncəsinin yasaq kəbin düşüncəsi ilə bağlılığını, bu hadisələrin İslam dininin qəbulu ilə bağlı olaraq türklər içərisində geniş yayılan endoqam kəbinə qarşı ənənəvi ekzoqam kəbin düşüncəsi nəticəsində ortaya çıxdığını və çoxsaylı dastan, əfsanə və rəvayətlərin yaranmasına səbəb olduğunu vurğulayıb. Alim tədqiqatda müxtəlif türk xalqlarına məxsus materiallardan, o cümlədən, Zəngəzur, Göyçə, Qarabağ folklor nümunələrindən istifadə edib.

Filologiya elmləri doktoru Sərxan Xavəri məqaləsində müəllif Zəngəzur folklorunun etnoqrafik mətnlər əsasında funksional analizini vermiş, folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsindəki rolundan bəhs edib. Müəllif funksional yanaşmadan istifadə edərək, Zəngəzur folklorunun yalnız estetik və əyləncə funksiyaları barədə deyil, həm də praktiki, sosial və psixoloji funksiyaları haqqında da təhlil aparıb. Tədqiqatda Zəngəzurda yaranan və şifahi olaraq nəsildən-nəslə ötürülən etnoqrafik mətnlər, xüsusilə  adət-ənənələr və bayram ritualları təhlil edilir. Məqalə həm də bu folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsində rolunu diqqət mərkəzinə gətirir.

Afaq Ramazanova, Səfa Qarayev, Sahibə Paşayeva da maraqla oxunan məqalələrində Qərbi Azərbaycan və Zəngəzurun şifahi ədəbiyyat nümunələri əsasında folklor yaraqdıcılığına elmi özəl elmi yanaşmalarını sərgiləyiblər.   

XQ

 

Seçilən
6
4
xalqqazeti.az

5Mənbələr