AZ

Gələcək təhlükəsizliyin “İlham Əliyev formulu”:  Hər kəs öz toxunulmazlığının qarantı olmalıdır!

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə ölkəmizin gələcək təhlükəsizliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təhlükəsizliyinin qarantı elə Azərbaycanın özüdür və bu səbəbdən də Ordumuz öz gücünü, qüdrətini artırmaqda davam edir:

“Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Göründüyü kimi, bütün dünyanın, hətta Qərbin ən böyük, qüdrətli dövlətlərinin belə təhlükəsizliklə bağlı müxtəlif modellər, birlik və ittifaqlar haqqında düşündüyü bir zamanda İham Əliyev təhlükəsizliklə bağlı son dərəcə sadə və bir o qədər də effektiv model təklif edir. Bu, dövlətin özünün kimsəyə bağlı və ya kimsədən asılı olmadan güclü olması, özü-öz müdafiəsini təşkil edəcək, öz müstəqilliyini və suverenliyni qoruyacaq qədər qüdrətli olmasıdır. Hansı ki, biz 44 günlük Vətən müharibəsində bu modelin səmərəliliyinə, işləkliyinə şahid olduq. Azərbaycan 30 illik erməni işğalına 2020-ci ildə cəmi 44 gün içində son qoydu və bununla sübut etdi ki, təhlükəsizliklə bağlı ən etibarlı qarant dövlətin özü, ordusu və xalqıdır.

Bu mənada, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi bu ideya əslində bütün dünya dövlətləri üçün keçərli model hesab edilə bilər. Beynəlxalq razılaşmaların, ikitərəfli və çoxtərəfli öhdəliklərin tez-tez pozulduğu, icra edilmədiyi, kağız üzərində qaldığı bir zamanda bu formulun daha optimal olduğu birmənalıdır. Nümunə üçün qeyd edək ki, bir vaxtlar böyük güclər tərəfindən təhlükəsizlik təminatı alan Ukraynanın dörd ildir ki, Rusiyanın təcavüzünə məruz qalması, böyük dağıntı və itkilərlə üzləşməsi də İlham Əliyev formulunun alternativsizliyinin sübutudur.  Və bu gün müasir dünyada baş verən proseslərin gedişatı onu deməyə əsas verir ki, hər bir dövlətin gələcək təhlükəsizliyi getdikcə daha çox məhz “İlham Əliyev formulundan” – öz gücündən və müdafiə qabiliyyətindən asılı olacaq.

Seymur ƏLİYEV

 

Seçilən
103
moderator.az

1Mənbələr