Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 22 avqust, AZƏRTAC
Avropa Kubokunda hədəfimiz bacardığımız qədər irəli getməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” basketbol komandasının kapitanı Amil Həmzəyev deyib.
Təcrübəli oyunçu komandasının avrokuboklarda uğur qazanacağına inandığını bildirib: “Hazırda transfer pəncərəsi açıqdır. Heyətə beş legioner oyunçu cəlb olunub. Daha iki legioner basketbolçunun keçidi gözlənilir. Bu, bizim avrokuboklarda ilk çıxışımız olacaq. Rəqiblərə gəlincə, Estoniya təmsilçisi “Kalev/Kramo” bizə uyğun komandadır. Türkiyə “Bursaspor”unun bizimlə oynaması dəqiq deyil. Çünki onların Çempionlar Liqası matçları var. Orada məğlub olan kollektiv I qrupa düşəcək. Polşanın “Trefl” klubu öz liqalarının yaxşılarındandır. İlk görüşümüz onlara qarşı olacaq. Əlimizdən gələni edib, qrupdan çıxmaq istəyirik”.
A.Həmzəyev Azərbaycan Basketbol Liqasındakı hədəflərini də açıqlayıb: “Bu mövsüm çempion olmaq istəyirik. Rəqib komandalar daha da güclənib. B qrupundan “Gəncə” və “Şəki” A qrupuna yüksəldi. Bildiyim qədər, Gəncə təmsilçisi yaxşı oyunçular transfer edir. “Ordu” B qrupunun iddialı komandalarından biri olacaq. Çempionluq uğrunda mübarizə “Sabah”, “Neftçi” və “Abşeron Lions” kollektivləri arasında gedəcək. Şübhəsiz ki, digərləri də titul üçün mübarizə aparacaqlar”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.