AZ

İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını-Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.

Bu barədə Ermənistanın “Respublika Meydanı” teleqram kanalı məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək.

“Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”,- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra işğal altında qalmış dörd kəndin qaytarılması gözləniləndir. Böyük ehtimalla yekun sülh müqaviləsi imzalanana qədərErmənistan qoşunları işğal altındakı anklavlardan çıxarılacaq. Azərbaycan və Ermənistan liderlərinin sülh sazişinin Ağ Evdə imzaladığı ilkin mətnindəərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığına dair konkret maddələr var. Belə ki, qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır, hörmət edirlər.

Sazişin 2-ci maddəsində isə qeyd edilir ki, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.“Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər”,-deyə sənəddə göstərilir.

Bundan başqa, Azərbaycan və Ermənistan 3-cü maddədə bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı,BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada güc tətbiq etməkdən,yaxud güc tətbiq etməklə hədələməkdən çəkinəcəkləri barədə razılaşma əldə ediblər.

Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını nəzərə alsaq, bu sazişin icrası ilə bağlı əsas öhdəlik Ermənistanın üzərinə düşür. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Eləcə də, Ermənistan Azərbaycanın dörd yaşayış məntəqəsini işğal altında saxlayır. Bu da öz növbəsində, paraflanmış sülh sazişinə ziddir. Ona görə də Ermənistan qısa müddətdə öz qoşunlarını həmin ərazilərdən çıxarmalı və Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini Azərbaycana qaytarmalıdır.

Ermənistan qoşunlarının çıxarılması məsələsinə sərhədlərin delimitasiyası çərçivəsində baxılması barədə razılaşma əldə olunsa da, bu prosesin uzun müddət sürəcəyi gözlənilmir. Çünki ortada işğal faktı var. Bu isə sülh prosesinə ziddir. Ermənistanın kəndləri nəzarətdə saxlamaq cəhdi müharibə riski yaradır və yekun sülh müqaviləsinin imzalanmasına mane ola bilər. Qeyd edilən səbəbdən yaxın müddətdə anklavların Azərbaycana qaytarılacağı gözlənilir. Kəndlərin yerləşdiyi ərazidən keçən sərhəd xəttinə gəlincə, bu, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya komissiyalarının müzakirələri çərçivəsində müəyyənləşəcək.

İşğal altındakı dörd kəndin qaytarılmasını zəruri edən digər vacib səbəb adları çəkilən yaşayış məntəqələrinin nəqliyyat-kommunikasiya marşrutlarının üzərində yerləşməsi ilə bağlıdır. Belə ki, hələ SSRİ dövründə fəaliyyət göstərən Bakı-İcevan dəmir yolu xətti Barxudarlı və Sofulu stansiyalarından keçirdi. Həmin kəndlərin işğalına son qoyulmadan Azərbaycanla Ermənistan arasında mühüm dəmir yolu marşrutlarından biri açıla bilməz.

Yuxarı Əskipara kəndi isə Ermənistan-Gürcüstan avtomobil yolunun üzərində yerləşir. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək “Tramp marşrutu”nun açılması bölgədə sabitliyin təmin olunmasını tələb edir. Bu baxımdan, Kərki kəndinin işğalına son qoyulması çox vacibdir. Eyni zamanda, Kərki kəndi Ermənistanın şimalını İran sərhədi ilə əlaqələndirən Şimal-Cənub magistral yolunun yaxınlığında yerləşir.

Paşinyan hökuməti əvvəllər bu kəndin qaytarılmasını Ermənistanın şimalı ilə cənubi birləşdirən yolu bloklaya biləcək təhlükə hesab edirdisə, indi əks mövqedən çıxış edərək “Sülh kəsişməsi” layihəsinin reallaşması imkanı kimi nəzərdən keçirir. /cebheinfo.az/

Seçilən
6
2
turkustan.az

3Mənbələr