Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Anar Natiqoğlu: “Ukrayna dövləti, ordusu, xalqı heç bir zaman ərazi güzəştinə getməyəcək”
Rusiya – Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. Alyaskada baş tutan Tramp – Putin, ardınca Vaşinqtonda keçirilən Tramp – Zelenski – Avropa liderləri görüşü sülhə dair müəyyən ümidlər yaratsa da, hansısa real nəticədən söhbət gedə bilməz. Hətta, bu görüşlərin nəticəsizliyi fonunda, daha genişmiqyaslı müharibə təhlükəsindən danışanlar var.
Fakt da odur ki, bu gün Ukrayna insanı meydanda işğalçıya qarşı qəhrəmancasına savaşır, böyük dirəniş göstərir. Kimin kiminlə nə haqda danışmasından asılı olmayaraq, xalq öz torpağı, suverenliyi, namusu uğrunda canından-qanından keçməyə tərəddüd etmir.
AYNA.AZ mövzu ətrafında Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu ilə həmsöhbət olub. Beləliklə:
- İstər Alyaskada reallaşan Tramp – Putin görüşü, istərsə də Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən görüş, bu görüşdən çıxan nəticə Ukrayna cəmiyyətində necə qarşılandı?
- Alyaskada keçirilən Tramp - Putin görüşü, təbii ki, konkret nəticə olmaması baxımından Ukrayna ictimaiyyəti tərəfindən məyusluqla qarşılandı. Amma bu, gözlənilən idi. Digər tərəfdən illərdir yaxın qonşulardan başqa heç bir ölkəyə səfər etməyən Putinin uzaq bir məsafə qət edərək müzakirələr aparması, savaşı bitirmək niyyətini ortaya qoyması irəliyə doğru addım sayıla bilər. Bu, həm də Avropa liderləri üçün Trampın sülhpərvər missiyasını tamamilə ələ almaq istəyi fonunda, Putinin əslində "səmimi" şəkildə öz ərazi iddialarından əl çəkmək istəməməsi cavabı ilə bir siqnal oldu. Tramp Nobel sülh mükafatı, Amerikanın verdiyi kreditləri geri qaytarmaq dərdində olduğunu daha açıq şəkildə ortaya qoymuş oldu. Az qala, deyə ki, “Putinin istədiyini verin, savaş dayansın, sonra inkişaf edib çiçəklənin, pul qazanın, borcumuzu verin”. Amma bir maraqlı məqam var ki, Ukraynanın Amerika ilə birgə istismarına dair bağlanan müqavilədə yer alan qiymətli metalların əsas yataqları Putinin iddia etdiyi iki əsas vilayətin - Donetsk və Luqanskın ərazisinə düşür.
- Son günlərin əsas müzakirə mövzusu Tramp administrasiyasının Ukraynanın sülh müqabilində ərazi güzəştinə getməsi ilə bağlı mövqeyidir. Kiyev və sıravi ukraynanlılar ərazi güzəştinə hazırdırmı?
- Burda ikibaşlı məsələ var. Həm Tramp, həm Putin bilir ki, 3 ildir, özündən dəfələrlə güclü resurslara, orduya sahib Rusiya qarşısında rəşadətlə dirəniş göstərən Ukrayna dövləti, ordusu, xalqı heç bir zaman ərazi güzəştinə getməyəcək. Sadəcə söhbət Donetsk və Luqansk vilayətlərinin hazırda Ukraynanın nəzarətində olan hissəsindən çıxma məsələsi var. Əslində, Krım və bu iki vilayətin böyük hissəsi elə 2014-cü ildən işğal altındadır. Savaşın ilk günündən bu günə qədər başda Prezident Zelenski olmaqla, Ukrayna dövlət rəsmiləri dəfələrlə danışıqlar üçün rusların 24 fevral 2022-ci ilə qədər olan mövqelərə çəkilməli olduğunu bildiriblər. İşğalçı tərəf isə hələ yarıdan çoxunun və vilayət mərkəzinin Ukraynanın nəzarətində olduğu Xerson və Zaporojyeyə də iddia edir. Üstəlik, bunlardan kənarda qeyri-müəyyən bufer zona da təklif edir. Bu isə artıq şərq və cənubun tam işğalını rəsmiləşdirmək istəyi deyil, faktiki Ukraynanın yarısını iflic vəziyyətdə saxlamaqdır – bu, mümkün olan məsələ deyil. Bu plan, sadəcə Ukraynada hakimiyyətin dəyişib, Putinin qubernator təyin etdiyi kimsənin iş başına gələcəyi versiyasında baş tuta bilər.
Amma Ukrayna ictimaiyyəti, hətta rusdilli əhali belə, artıq kimin kim olduğunu anlayır. 10 ildən çoxdur rusların nəzarətində olan Krım və Donetsk-Luqanskda yaşayış şəraiti Ukraynadan üstün deyil. Üstəlik, 21-ci əsrdə bu bölgələr ciddi içməli su, kanalizasiya problemi yaşayır. Bu isə “rusları müdafiə edirəm” deyib, əslində onların yaşadığı əraziləri yerlə yeksan edən, həm milyonlarla rus əsgərini, həm də Ukraynada yaşayan yüzminlərlə rusu, rusdilli mülkü əhalini qətlə yetirən Putin və onun rejiminin “səmimiyyətini” göstərir. “Odessanı sevirik” deyirlər, hər gecə onlarla dron göndərib şəhəri dağıdır, mülki insanları, uşaqları qətl edirlər. Bu, təxminən meymunun sevdiyindən balasını boğması ilə müqayisə oluna bilər.
- Ümumiyyətlə, Ukrayna xalqı üçün hansı prioritetdir: “nəyin bahasına olur-olsun, sülh”, yoxsa “Vətən bölünməz”?
- Bu mövzuya öncələr də toxunmuşuq. Ukraynada bəlli bir kəsim var ki, nə olur-olsun, sülh istəyir. Bunlar əsasən yalnız öz biznesini düşünən, müharibə şəraitində az qazanan, yaxud özləri və yaxınları indiyə qədər müxtəlif şərtlərdə savaşmaqdan boyun qaçıranlardır. Təbii ki, aralarında yaxınları savaşda olanlar da yox deyil. Bu tip düşünənlər “hansı torpaq gedir-getsin” düşüncəsi ilə patriotluqdan daha çox gəlir əldə etmək və özünün, yaxınlarının canının sağ qalmasını arzu edənlərdir. Amma artıq müəyyən itkilərə məruz qalmış və işğalçı orduya, dövlətə nifrət hissi bəsləyən böyük bir kəsim heç bir ərazi güzəştini qəbul edə bilməz.
Sizə bir fakt deyim. 2022-ci ilin pasxa günlərində rusların atdığı ballistik raket nəticəsində 3 aylıq Kira, anası Valeriya və nənəsi Lyudmila evin içində həlak oldu. Təsadüfən marketdə olan ailə başçısı Yuriy Qlodan sonra könüllü savaşa qatıldı və həlak oldu. İndi onların soyadına Semya Qlodan küçəsi var şəhərimizdə. Savaşın yarımçıq qoyduğu yüzminlərlə talelər var. Bu gün Rusiya təbliğat maşını və onlara qulluq edənlər Ukraynada tez-tez komissarlıqların küçədə adamları zorla aparmaları faktını yayır, “Ukrayna xalqı döyüşmək istəmir” fonu yaradır. Amma əl-ayağını itirən, bu halda da protezlə könüllü şəkildə cəbhə bölgəsinə yollanan minlərlə gənc oğlan və qız haqqında danışılmır. Mənim şəxsən tanıdıqlarım var belələri arasında.
Ukrayna dövləti, xalqı, ordusu bu 3 ildə verdiyi mücadilə ilə özünü sübut edib. Artıq Rusiya ilə arada bir ideoloji uçurum yaranıb. Bunu orta məktəb sagirdləri, yeniyetmələr, tələbələr də gözəl başa düşürlər ki, şimaldan xeyir gəlməz, qan işğal, ölüm gələr. Əgər Putin 2022-ci ildə geniş savaş başlatmasaydı, bəlkə də, siyasi mühitdə öz agenturasını iqtisadi problemlər fonunda hakimiyyətə yenə gətirə bilərdi, ikinci "Yanukoviç" dönəmi başlada bilərdi. Amma o qatar artıq gedib. Ona görə də aqressivdir. Anlayır ki, Ukraynada bir daha rusiyayönümlü siyasi qrup və ya şəxslər heç bir seçkidə uğur qazana bilməzlər. Bu savaşla Putin 20 il öncə Avropaya istiqamət kursu götürən Ukraynanı özündən daha da uzaqlaşdırdı. Artıq Ukrayna təkcə coğrafiya olaraq deyil, geopolitik, iqtisadi maraqlar baxımından da Avropanın həm giriş qapısı, həm təhlükəsizlik sərhədi, həm də mərkəzidir! Bu savaşla qoca qitə Ukrayna və ukraynalıların timsalında həm də çoxlu savadlı, çalışqan, vuruşan yeni nəfəs kontingent qazanmış oldu.
- Zelenskiyə Vaşinqtonda olarkən prezident seçkiləri ilə bağlı sual ünvanlandı. O da “əvvəlcə təhlükəsizlik, sonra seçki” mesajını verdi. Xalq necə, ölkədə növbəti prezident seçkisi istəyirmi?
- Seçki məsələsi bu şərtlərdə birmənalı şəkildə mümkün deyil. Ölkənin böyük bir hissəsində savaş gedir və böyük şəhərlər vaxtaşırı raket-dron hücumuna məruz qalır. Fiziki olaraq nəinki seçki, hər hansı bir qapalı və ya açıq yerdə keçirilən toplantı və ya mitinq belə, təhlükəsizlik baxımından risklidir.
- Deyək ki, Ukraynada seçkilər keçiriləsi oldu. İndiki məqamda Zelenskinin qələbə şansı varmı?
- Zelenski son vaxtlara qədər keçirilən reytinq sorğularında yenə 50+ üstünlüyünü qoruyub saxlayır. Məsələ burasındadır ki, hər kəsə aydındır ki, dövlət başçısı və komandasının əsas fəaliyyət dövrü seçildiyi müddətin ikinci yarısına düşür, bəzən bu da yetmədiyi üçün ikinci dönəm seçilməyə ehtiyac olur. Bu baxımdan Zelenski nə yatdı ki, nə yuxu görsün?! Adamın prezidentliyinin ilk dönəmi daxili siyasi çəkişmələr və Rusiya ilə “soyuq müharibə”, ikici yarısı isə aktiv savaş fazasına düşdü. Bəlkə də, sülh dönəmi olsaydı, artıq seçki yolu ilə hakimiyyətdən getmişdi və ya ikinci dəfə seçilmişdi. Bunlar ehtimallardır. İndi isə fakt odur ki, bir dövlət başçısı kimi özünü sübut etməyə imkan verilmədi.
Hər bir Prezident kimi Zelenskinin də öz seçici kontingenti, sevənləri var. İstəməyənlər, müxalif olanlar, nifrət edənlər də yox deyil. Hətta, bu savaşın başlanmasında onu günahkar sayanlar da tapılır. Halbuki, işğalçı qalıb o tərəfdə. Bu məntiqlə Zelenski savaş başlayan kimi postunu tərk edib qaçmalı və yaxud təslimcilik aktına qol çəkməli idi. Amma adam yerində qaldı, xalqla, ordu ilə bərabər dirəniş göstərdi. Savaşın ilk günlərində mərmi belə, çatışmırdı düşmən texnikasını vurmaq üçün. O ki qaldı Zelenskinin bundan sonrakı siyasi taleyinə. Çox çətin proqnozlaşdıra bilinəcək məsələdir. Çünki xeyli insan itkisi var, dağıntılar var. İstər-istəməz dövlət başçısı kimi onun üzərində olan məsuliyyətlər var.
Savaşın necə bitəcəyi məsələsi burda açar rolunu oynayır. Zelenski artıq vuruşan, dirənən xalqın, ölkənin, ordunun başçısı kimi tarixə düşüb. Ona görə də hər hansı ərazi güzəştinə getməyəcək. Həm də bu, təkcə onun səlahiyyəti deyil. Mən deyərdim ki hakim "Xalqın xidmətçisi" partiyasının çoxluq təşkil etdiyi parlament də bu qərarı vermək istəməyəcək. Qalır tək bir variant - referendum və xalqın mövqeyi. Ukrayna xalqı seçməlidir: güzəştlər müqabilində sülh və ya sona qədər savaş.
- Son olaraq: bu gün Avropa tərəfindən Kiyevə birmənalı dəstək verilməsinə baxmayaraq, Ağ Ev rəhbərliyinin alverçi münasibəti ucbatından Moskva özünü daha inamlı hiss edir. Belə bir şəraitdə Rusiya – Ukrayna müharibəsindən gözləntilər nədən ibarətdir: sülh, dondurulmuş münaqişə, yoxsa müharibə?
- İndiki bu reallığı Trampın alver təfəkkürü və Putinin cığallıqları fonunda, Avropanın tam dəstəyi və işğalçı üzərində tam qələbə olmasa da, rusların xeyli geri oturdulması dəyişə bilər. Avropa və Rusiyanın digər qonşuları, Cənubi Qafqaz ölkələri və Orta Asiya xalqları da Rusiya Ukraynada uğur qazanarsa, bir gün qapılarının döyüləcəyini anlayır. Amerika və Çinə tam məğlub duruma düşmüş Rusiya, Avropanın daha sərbəst, özünə əmin yaşaması baxımından, bəlkə də, sərf etməyə bilər. Amma dağılmış sovetlərdən qalma Rusiyanı toparlayıb qonşulara real təhdid formasına salan Putin rejiminin kaprizlərinə də kimsə sonuna qədər dözmək fikrində deyil məncə.
Zelenski Amerikada açıq mövqe ortaya qoydu. Həm təhlükəsizlik qarantiyası istədi, həm də bunun təminatı üçün Ukrayna ordusunun güclənməsi, təyyarələr və hava hücumundan müdafiə sistemlərinin verilməsi, eyni zamanda dron və digər silahların istehsalına dəstək verilməsi ilə bağlı yardım paketi tələb etdi Amerikadan və digər Avropa ölkələrindən. Eləcə də işğalçıya qarşı sanksiyaların artırılmasının vacibliyini vurğuladı. Bu isə o deməkdir ki, kimsə Rusiyanın sakitcə işğal etdiyi ərazilərdən çəkiləcəyinə və sülhə razı olacağına inanmır. Çünki tarixdə belə hallar olub və Rusiya heç bir müqavilənin şərtlərinə davamlı əməl etməyib.
Bütün hallarda, şəxsən mən düşünürəm ki, payızın ortalarında hansısa formada atəş dayanacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.