Cari il avqustun 22-də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Jdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq, bunun qurumlararası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.
Yuri Jdanov Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.
Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.