AZ

Avropa İttifaqı və ABŞ gömrük razılaşmasının detalları üzrə razılığa gəlib  

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət sahəsində əldə olunan razılaşmanın detalları açıqlanıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Avropa Komissiyası və ABŞ hökuməti arasında yayımlanan birgə bəyanatda Birləşmiş Ştatların Aİ-dən idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunu 27,5 faizdən 15 faizə endirəcəyi əksini tapıb. Rüsumun endirilməsi Avropa İttifaqının ABŞ məhsullarına idxalda müəyyən güzəştlər tətbiq etməsi ilə şərtləndirilir.

Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ-nin qanunvericilik prosesini tezliklə başlatmaq niyyətində olduğunu açıqlayıb. ABŞ-ın ticarət naziri Hovard Lutnik isə bildirib ki, bu halda avtomobil üçün gömrük rüsumları 2025-ci il avqustun 1-dən geriyə dönük şəkildə 15 faizə endiriləcək. Bu qərarın Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətini qorumaq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Avropa İttifaqı ABŞ-dan idxal edilən sənaye məhsullarına tətbiq olunan gömrük rüsumlarını tamamilə ləğv edəcək, eləcə də müəyyən ərzaq məhsullarının idxalında texniki baryerlər aradan qaldırılacaq.

Xatırladaq ki, ABŞ ilə Avropa Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, Birləşmiş Ştatlar avqustun 7-dən etibarən Aİ məhsullarının əksəriyyətinə 15 faizlik gömrük rüsumu tətbiq edib. Avropa İttifaqı, öz növbəsində, ABŞ-dan 750 milyard ABŞ dolları dəyərində enerji resursları, o cümlədən mayeləşdirilmiş təbii qaz, neft və nüvə yanacağı almağa razılaşıb. Bu addım Aİ-nin Rusiya enerjisindən tamamilə imtina etməsi planı çərçivəsində həyata keçirilir. Bundan əlavə, Avropa İttifaqı ABŞ iqtisadiyyatına qarşıdakı illərdə əlavə olaraq 600 milyard dollar həcmində investisiya yatıracaq.

Bununla belə, yeni yayımlanan sənəddə bir sıra sahələr razılaşma çərçivəsinə daxil edilməyib. Belə ki, şərab və spirtli içkilər, həmçinin rəqəmsal xidmətlər ticarət razılaşmasına salınmayıb. Avropa Komissiyası qeyd edib ki, gələcəkdə bu məhsul kateqoriyalarının da azad ticarət rejiminə daxil olunması üçün danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, birgə bəyanat hüquqi cəhətdən məcburi xarakter daşımır. Avropa İttifaqı razılaşmalar yerinə yetirilməzsə, ABŞ-ın rüsumları birtərəfli qaydada yenidən artıra biləcəyindən narahatdır. ABŞ Aİ-nin sənaye məhsulları üzrə rüsumların qarşılıqlı şəkildə tamamilə ləğv olunması təklifinə müsbət cavab verməyib.

Seçilən
3
8
azerbaijan-news.az

9Mənbələr