ABŞ və bir sıra Avropa ölkələrinin hərbi rəhbərləri Ukrayna ilə bağlı hərbi fəaliyyət variantları hazırlayıb və onları milli təhlükəsizlik üzrə müvafiq məsləhətçilərinə təqdim edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters"ə ABŞ rəsmisi məlumat verib.
Bundan əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ və Avropa hərbi planlaşdırıcıları prezident Donald Trampın Ukraynanı Rusiyayla müharibəni dayandırmağa yönəlmiş istənilən razılaşma çərçivəsində qorumağa kömək vədindən sonra post-münaqişə dövrü üçün Kiyevə təhlükəsizlik zəmanətlərini öyrənməyə başlayıblar.
Rəsmilərin sözlərinə görə, hazırlanmış variantlar davam edən diplomatik səylər çərçivəsində lazımi şəkildə nəzərdən keçirilməsi üçün hər bir ölkənin milli təhlükəsizlik üzrə məsləhətçilərinə təqdim olunacaq.
Məlumata əsasən, çərşənbə axşamından cümə axşamına qədər ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə rəhbərləri Vaşinqtonda görüşlər keçiriblər.
Ukrayna və onun Avropadakı müttəfiqləri Trampın bazar ertəsi sammitində Kiyevə təhlükəsizlik zəmanətləri barədə verdiyi vəddən ruhlansalar da, çoxlu suallar hələ də cavabsız qalır.