AZ

Təbii düşmənlərinin azalmasına görə Ağ Amerika kəpənəyinin populyasiyaları sürətlə artır -AÇIQLAMA

Son günlərdə paytaxtın bəzi ərazilərində tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar həyətlərə, yaşayış binalarına, yol kənarlarına da yayılır. Bu da öz növbəsində sakinləri narahat edir.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağata zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Ağ Amerika kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sherg.az-a bildirib ki, Ağ Amerika kəpənəyi (Hyphantria cunea) Azərbaycanda da son illər tez-tez rast gəlinən invaziv zərərvericilərdən biridir:

“Onun tırtılları (qurdları) xüsusilə yay aylarında sürətlə çoxalır və şəhər şəraitində, xüsusilə tut, qovaq, söyüd kimi ağaclarda müşahidə olunur. Iqlim dəyişikliyi, temperaturun yüksəlməsi və yumşaq qışlar tırtılların qışdan sağ çıxmasına və çoxalmasına şərait yaradır. Eyni zamanda təbii düşmənlərin azalması, yəni bu kəpənəyin tırtıllarını məhv edən quşlar, parazitlər və ya mikroorqanizmlər azaldıqda, populyasiyaları sürətlə artır. Digər tərəfdən şəhər mühiti və bağlarda nəzarətsiz yayılma, müntəzəm dərmanlama və aqrotexniki tədbirlərin aparılmaması da onların yayılmasına səbəb olur.
Mobillik və yayılma qabiliyyəti də prosesi sürətləndirir. Ağ Amerika kəpənəyi yumurtalarını çoxlu sayda yarpaqlara qoyur və sürfələri torvari yuvalar quraraq sürətlə yayılır. Nəqliyyat vasitələri ilə daşınma da yayılmanı intensivləşdirir. Yumurtalar və ya tırtıllar nəqliyyat vasitələri, ağac tingləri və ya qablaşdırma materialları ilə fərqli bölgələrə daşına bilər. Ağ Amerika kəpənəyi tırtıllarının ziyan vurduğu əsas ağac və bitkilər bunlardır.  Bu zərərverici çoxsaylı ağac və kollarla qidalanır. Tədqiqatlara görə 200-dən çox bitki növünə ziyan vura bilər. Ən çox tut (ağac tut və qara tut), qovaq, söyüd, alma, armud, gavalı, şaftalı, cökə və fındıq və digər meyvə ağaclarına ziyan verir.
Bu tırtıllar yarpaqları yeyərək ağacları defolyasiyaya (yarpaqların tam itirilməsi) uğradır, bu da fotosintezin pozulmasına, ağacların zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Mübarizə tədbirləri belədir. Dərmanlamaq lazımdır.  Torvari yuvaların yığılması və məhv edilməsi, əl ilə və ya mexaniki üsullarla.
Təbii düşmənlərin (parazitlər və yırtıcılar) artırılması bioloji mübarizə üsulları”.
Seçilən
12
1
sherg.az

2Mənbələr