AZ

Ənənəvi poçtun transformasiyası: zaman tələb edir ki... ANALİZ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Poçt xidməti və poçtalyon fiquru mənim xatirimdə həmişə Nazim əmini canlandırır, poçt barədə yazanda, danışanda uşaqlığımı onunla birgə xatırlayıram, elə də uzaq keçmişi yox, cəmi 30 il əvvəli. Nazim əminin özünəməxsus sürətli yerişi vardı, çiynindən asılmış brezent çantası, çantadan aşıb-daşan rəngarəng markalı məktublar, teleqramlar, qoltuğundakı qəzet-jurnal, ayaqla gəzdiyi onlarla küçə, girdiyi yüzlərlə ev – onu belə xatırlayıram. O hamının ailə üzvü idi, bir gün valideynlərimizə məktub ya teleqram, başqa gün bizim abunə olduğumuz maraqlı “Göyərçin” jurnalını, o biri gün sevimli “Tumurcuğ”umuzu gətirirdi.

Məncə, poçtalyonlar o zamanın sosial şəbəkəsi idi. Onlar ünsiyyətin, sosiallaşmanın ayrılmaz hissəsi idi. Nazim əminin qonşu ölkələrdə dərc olunan jurnalları, almanaxları gətirməsini elə həsrətlə gözləyirdik ki... O bizim dünya ilə körpümüz idi. İndi təəccüblənirəm, amma o zaman bizim üçün adi idi, hansı evə hansı gün məktub gələcəyini, kimin hansı qəzetə, jurnala abunə olduğunu əzbər bilirdi. Məktubda ünvan səhv yazılsa belə doğru ünvana çatdırırdı, çünki adbaad, evbəev hamını tanıyırdı.

Poçtunu daşıdığı hamının dostu idi poçtalyon. Gözü yazını seçməyən qocaların məktub oxuyanı, yazı yazmağı bilməyənlərin mirzəsi idi onlar. Kiminin evində nahara dəvət edilirdilər, kiminin evində isti sacın, təndirin çörəyinə, qaynar samovarın pürrəngi çayına qonaq olurdular. Qızmar yay günlərində küçədən keçəcək poçtolyon üçün soyuducuda daima sərin su, buz kimi qarpız saxladan babamı gülümsəyərək xatırlayıram bu yazını yazdıqca...

Ünsiyyət vasitələri insanın mövcud olduğu tarixdən bu günə qədər həm də sosial təkamül hesab edilir. Poçt göyərçinləri, günəşin doğması və batması vaxtına uyğun vədələşmək, teleqraf, teleqram, faks, teletayp, məktub kimi ünsiyyət vasitələri əslində sosiallaşmanın ilkin nümunəsidir. Rabitə texnologiyalarının inkişafı ilə bu sahədə yenilik durmadan artdı və günümüzdəki texnologiya əjdahası – internet yarandı.1990-cı illərin sonu internetin mülki vətəndaşların istifadəsinə verilməsindən sonra bu əsrarəngiz texnologiya möcüzəsi bütün insanların həyatında ən vacib element oldu. Beləcə, ənənəvi poçt sistemi transformasiyaya uğrayaraq online müstəviyə keçdi.

Düşünün, rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl ya məktubla, ya telefonla görüş təyin edirdik, vaxt-vədə yetişəndə görüşür, sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Məktub göndərdiyimiz adamdan 1 ay sonra məktub almağımız bizə normal görünürdü. Lakin indi bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət qura bilirik, mesajla, adi zənglə, görüntülü zənglə və s. Mesajımıza 1 dəqiqə gec cavab alanda səbirsizlənirik, hövsələmiz daralır. Başqa ölkədəki tanışımza göndərdiyimiz məktubumuzun cavabı üçün 1 ay yol gözlədiyimiz vaxtlar bizə nağıl, yuxu təsiri bağışlayır. Haradan hara gəldik, elə deyil?

Texnologiya o qədər sürətlə inkişaf edir ki bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Elə bu sürət, bu transformasiya poçtalyonların ayağını kəsdi küçələrdən, evlərdən. Bir zamanların ən çox axtarılan adamları indi gözəgörünməz oldu. Zamanla poçt sektorunda işçi sayı da azaldı, elektron poçt və online xidmətlər bu sahədə ciddi durğunluq yaratdı. Ənənəvi məktub poçtları azaldığı üçün işçilərə tələbat da azaldı, poçtolyonların yerini yavaş-yavaş kuryerlər tutdu. Telefonumuz, kompyuterimiz poçtalyonumuz oldu bizim.

Zənnimcə, Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etməmək olmaz. Həmin dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması, rabitənin qurulması bütün mənalarda məsuliyyət tələb edirdi. Hərbi poçt xidməti də böyük məsuliyyət tələb edən vəzifə idi, hərbi sirrin yayılmaması üçün cəbhəyə göndərilən məktublar, qurulan rabitə əlaqələri xüsusi kodlar və ünvanlar ilə işarələnirdi.

Müharibə dövründə poçtalyon işləmək həm də möhkəm iradə tələb edirdi. Bunu da hər adam bacarmırdı, cəbhədən gələn qara xəbərin ağırlığına dözməyərək işindən uzaqlaşan poçtalyonlar da olub. Üçbucaq əsgər məktublarını sevinclə daşıyan poçt işçiləri “qara kağız” gətirəndə sarsıntı keçirir, aylarla, illərlə əsgər məktubu daşıdığı ailəyə ölüm xəbəri verməyin əzabını yaşayırdılar. O dövrdə poçtalyonlar ən çox arzulanan qonaq idi, amma məktubların arası kəsiləndən sonra poçtalyon arzuedilməyən qonaq olurdu, “qəfil gələr, qara xəbər gətirər” qorxusu olurdu ailələrdə. O ailələrin dərdini onlarla birgə çəkən bir adam da vardı, yad idi, amma doğma adam idi – poçtalyon.

Qeyd etmək yerinə düşər ki, həmin illərdə poçtalyonların mənzil şəraitinin yaxşılaşdırılması da dövlətimizin prioritetlərindən biri olub. Rabitənin, poçt daşınmalarının gecikməməsi üçün poçtalyonlar poçt şöbələrinin yaxınlığında evlə təmin olunurdular, bu mənzillər adətən dövlət balansında olan çoxmənzilli binalardan ayrılırdı. Şəhərin mərkəzində evi olan poçtalyonlar kifayət qədər çox idi. Rayonlarda, kəndlərdə poçt şöbələri tikilərkən binanın yanında mütləq poçtalyon üçün mənzil də inşa edilirdi. Çətin bölgələrdə işləyən poçtalyonlar üçün maaşdan əlavə ödənişlər olurdu, onlar atla, motoskl, velosipedlə təmin olunurdular. İlboyu gərgin işləyən poçt işçilərinin məzuniyyətini sanatoriyada keçirməsi üçün putyovka-göndəriş verilirdi. Poçtalyonlar “Əməkdar rabitəçi”, “Sosialist əməyi qəhrəmanı” fəxri adı, “Qırmızı əmək bayrağı ordeni”, “Fəxri fərman” və s. mükafatlarla təltif edilirdi.

Zaman dayanmır. Zaman heç kimə, heç nəyə güzəşt eləmir, əksinə, sürətlə axır, axdıqca texnoloji yeniliklər baş verir, ənənəvi xidmətlərdə transformasiya yaranır. İnternet və mobil rabitənin ixtirası, geniş yayılması da poçt xidmətindəki transformasiyanı labüd etdi. Elektron poçtlar məktubları əvəz etdi, messencerlər teleqramı, sosial şəbəkələr isə bir-birini tanımadan məktublaşan insanları. Tanımadığın bir ünvana məktub yazmaq, cavab gözləmək, beləcə uzaqlarda tanımadığın tanışlar qazanmaq 40-50 il əvvəl nə qədər əyləncəli idisə, internetin inkişafı ilə meydana çıxan virtual dostluqlar da bir o qədər maraqlı oldu.

Amma zamanın tələbinə uyğunlaşmağı bacaran poçt sistemi tarixə gömülmədi, itib-batmadı. Rəqəmsallaşma poçt xidmətini də virtual xidmətlər fenomeninə çevirdi. Poçt şöbələri yalnız məktub daşımadı, yalnız qəzet-jurnal mübadiləsi ilə məşğul olmadı, rəqəmsal bank, ödəniş və logistika mərkəzinə çevrildi. Azərbaycanın milli poçt operatoru Azərpoçt da dövrün tələblərinə ayaq uydurdu, zamanla ayaqlaşdı, ənənəvi poçt sistemində inqilab etdi desək, yanılmarıq. İndi Azərpoçt ənənəvi poçt xidmətləri ilə yanaşı, daha çağdaş yollar - rəqəmsal həllər də təqdim edir. Müştərilər öz göndərişlərinin statusunu onlayn yolla izləyə bilirlər, SMS və e-mail vasitəsilə məlumatlandırma xidmətindən istifadə mümkündür, Azərpoçt-un saytından və mobil tətbiqindən onlayn ödəniş xidmətlərinin əlçatanlığı var.

Həmçinin rəqəmsal maliyyə xidmətləri sayəsində poçt kartı və onlayn bank xidmətlərindən yararlanmaq mümkündür, vətəndaşlar E-Pul sistemi vasitəsilə sürətli pul köçürmələri edə bilir, Azərpoçt e-commerce platforması vasitəsi ilə həm yerli, həm də xarici onlayn sifarişlərin çatdırılması həyata keçirilir, poçt şöbələrində vətəndaşlar elektron imza xidmətlərini əldə edə bilirlər. Bir sözlə, Azərpoçt artıq təkcə məktub və bağlama daşıyan qurum deyil, həm də rəqəmsal bankçılıq və e-xidmət platforması rolunu oynayan milli brenddir.

Poçtların zamanın tələbinə ayaq uydurması bir az da qlobal kuryer şirkətlərinin artması, bazarda boy göstərməsi və güclənməsi sayəsində oldu. UPS, DHL, FedEx, SF Express, TNT Express kimi fenomenlər bazarda gücləndikcə dövlət poçtları sözün yaxşı mənasında modernləşməyə və transformasiyaya məcbur qaldı. Beynəlxalq poçt, yükdaşıma və sürətli çatdırılma xidmətlərində dünya markası olan qlobal kuryer şirkətləri ilə ayaqlaşmalı olan dövlət poçt xidmətləri qiymətlərini də buna görə tənzimləməli olur. Bu isə adət etdiyimiz qiymətlərin bahalaşması, əlçatanlığın azalması deməkdir. Çünki, vətəndaş üçün dövlət poçtu qiymətlərnin ucuz olması baxımından sərfəli idi, amma etiraf etmək lazımdır ki, kuryer şirkətlərində qiymətlər daha yüksəkdir.

Doğrudur, dövlət poçt xidməti hər baxımdan sərfəlidir, ən ucqar bölgələrdə belə poçt şöbələrinin olması hamı üçün əlçatanlığından xəbər verir, amma bəzən sürətli xidmət imkanları zəif olur. Sürət əsrində istehlakçını razı sala bilmək üçün xidmətlərin də sürətlənməsi əsas şərtlərdəndir. Qlobal kuryer şirkətləri öz xidmətinin əsasən şəhərlərdə, biznes sektorunda, o cümlədən nisbətən baha qiymətlərlə təklif edir, dövlət poçtu isə hər kəs üçün bərabər imkan yaradır, ölkənin ən ucqar kəndlərində belə xidmət göstərir.

Poçt rabitəsi strateji sahədir, dövlətin nəzarətində olduğu üçün etibarlılığı da alternativlərinə nəzərən daha çoxdur. Hər nə qədər özəl kuryer şirkətləri yaransa da, daha çevik, daha dinamik xidmət təklif etsələr də, dövlət poçt şəbəkəsi olmasa ölkənin rəsmi informasiya mübadiləsi çətinləşər. Poçt xidməti dövlət və vətəndaş arasında körpüdür. Rəqəmsallıq zamanın tələbidir, amma bu tələb bizi ənənəmizdən, tariximizdən qoparırsa milli poçt sistemi bizi tariximizə bağlayır. Çünki rəqəmsallıq insanları təməl ehtiyacdan – ünsiyyətdən uzaqlaşdırır, poçt isə ənənəvi ünsiyyət vəd edir. Unutmayaq ki, poçt məktubları, markalar və ənənəvi rabitə formaları həm də mədəni irs deməkdir. Ənənəni qorumaq, irsinə sahib çıxmaq milli kimliyin qorunması deməkdir.

Lalə Mehralı

Yazı, “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
sesqazeti.az

1Mənbələr