AZ

Azərbaycan əsgərinin qəhrəmanlıq yürüşü davam edir

Erməni işğalçılarının təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində sevinc dolu anlar yaşadıq, yaddaqalan tarixi hadisələrə şahidlik etdik. Həmin günlər sanki gözlərimiz qarşısında birdən-birə möcüzə baş verdi. Bir-birindən qəhrəman olan Azərbaycan əsgərləri illərdən bəri ərazilərimizi işğalda saxlayan Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı, onu ağ bayraq qaldırmağa məcbur etdilər. Zabit və əsgərlərimiz igidlik və cəsarətləri ilə qəsbkarları diz çökdürdülər, məğlubiyyətin acısını dadızdırdılar.

Əvvəlki illər qəsbkarlar özləri haqqında  heç bir əsası olmayan sərsəm mif yaratmışdılar. Və bu mifin kölgəsində mürgüləyirdilər. Azərbaycan əsgəri isə həmin zaman təlim mərkəzlərində tər tökə-tökə yeni silahların sirlərini öyrənir, müasir döyüş taktikasını mənimsəyirdi. Gücünü, qüdrətini artıra-artıra erməni işğalında qalmış torpaqlarımızı azad etməyə hazırlaşırdı. 

44 günlük Vətən müharibəsi başlayan kimi ermənilərin məğlubedilməzliyi haqqında uydurulmuş mif sabun köpüyü kimi bir göz qırpımında partlayıb havaya sovruldu. Təlimlərdə hazırlığını artırmış Azərbaycan Ordusunun igid zabit və əsgərləri düşmənin artilleriya qurğularını, zirehli texnikalarını, zəruri döyüş avadanlıqlarını dəqiq atəş zərbələri ilə darmadağın etdilər. Amal və məqsədləri yurdumuzu qəsbkarlardan azad etmək olan hərbçilərimiz erməni işğalçılarını sözün həqiqi mənasında torpaqlarımızdan iti qovan kimi qovdular. Qovulduqca hiss olunurdu ki, işğalçılar illərdən bəri sahiblərinə arxalanaraq çox qudurmuş, çox quduzlaşmış və çox harınlamışdılar. Amma bu harınlıq, qudurğanlıq və quduzluğa baxmayaraq, yağılar arxalarına baxmağa belə macal tapmadan gəldikləri yerə, üzü Ermənistana tərəf qaçdılar. Ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyən düşmən geri çəkildikcə işğaldan azad olunan ərazilərimizin üzü gülürdü. Gördüyü bu mənzərələrdən, şahidi olduğu hadisələrdən xalqımızın da ürəyi açılır, qəlbi fərəhlə dolurdu.

Şəhər və kəndlərimiz addım-addım yağılardan azad edildikcə hər gün bir-birindən xoş və sevindirici xəbərlər eşidirdik. Artıq bəzi təşkilatlar vaxt itirmədən qollarını çimrəyib qəsbkarlardan təmizlənmiş ərazilərimizdə ilkin quruculuq işlərinə başlamışdılar. Düşmən tapdağından azad olunmuş ərazilərə işıq çəkir, yeni yollar salır və başqa infrastruktur tədbirləri görürdülər. Böyük quruculuq işlərinə başlanması üçün zəruri addımlar atılırdı. 

İnsanlığa ləkə olan erməni qəsbkarları döyüş meydanlarındakı məğlubiyyətlərinin əvəzini şəhər və kəndlərimizi, mülki əhalimizi atəşə tutmaqda, evləri dağıtmaqda görürdülər. Buna görə də həm cəbhə bölgəsindəki, həm də cəbhə xəttindən xeyli uzaqlarda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tuturdular. Müharibənin davam etdiyi günlərdə erməni qəsbkarları dəfələrlə Gəncəyə, Bərdəyə, Qəbələyə, Kürdəmirə, Xızıya, Füzuliyə, eləcə də başqa şəhər və kəndlərimizə böyük dağıdıcı gücə malik olan raketlər atdılar. Təəssüflər olsun ki, atılan bu raketlər yaşayış binalarına düşdü, ölənlər və yaralananlar oldu. Ev-eşiklər dağıldı, təsərrüfatlara külli miqdarda ziyan dəydi. Qəsbkarlar bu addımları ilə çalışırdılar ki, müharibənin gedişinə hansı yolla olursa-olsun əngəl yaratsın, ordumuzun hücumlarını ləngitsin. Amma bu qanlı qətliamlardan daha da qəzəblənən zabit və əsgərlərimiz işğalçıların üzərinə hücumlarını daha da gücləndirdilər, yağıların planlarını alt-üst etdilər. Düşmənə qarşı daha da amansızcasına, qisas və intiqam hissi ilə vuruşdular. 

Erməni işğalçılarının döyüş bölgələrindən xeyli uzaqlarda yaşayan mülki əhalini böyük dağıdıcı gücə malik raketlərlə hədəfə alması və qanlı qətliam törətməsi hamımızı hiddətləndirdi. Xalqımız üçün ağır olan günlərdə ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirləri də, hərbi attaşeləri də hadisə yerinə baxış keçirdilər. Onlar mətbuata verdikləri açıqlamalarında gördükləri bu dəhşətli mənzərədən sarsıldıqlarını, üzüldüklərini bildirdilər. 

Təbiidir ki, erməni qəsbkarlarının mülki əhalini raket atəşinə tutması düşmənlərin gücsüzlüyünü, acizliyini göstərirdi. Qəsbkarlar bu cür qeyri-insani addımları ilə cəbhədəki məğlubiyyətlərini ört-basdır etməyə, ölkələri daxilində əhali arasında müharibəyə qarşı baş qaldıran narazılıqları yatırtmağa çalışırdılar. Amma daşnaklar mülki vətəndaşlarımıza nə qədər mərmi, raket atsa da, çirkin məqsədlərinə, iyrənc niyyətlərinə çatmadılar, düçar olduqları məğlubiyyətdən canlarını qurtara bilmədilər. 

Evləri düşmənin atdığı mərmilərdən dağılan insanlarımız üçün nə qədər çətin olsa da, qələbəmiz, torpaqlarımızın azadlığı naminə bütün ağrı-acılara dözdülər, çətinliklərə sinə gərdilər. Onlar müsahibələri zamanı deyirdilər ki, qoy qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qətiyyətlə vuruşsun, torpaqlarımızı işğaldan azad etsin! Təki əsgərlərimizə, zabitlərimizə güllə dəyməsin. Onlar evlərinə Zəfər xəbərləri ilə dönsünlər. 

Hər şey xalqımızın fikirləşdiyi və arzuladığı kimi də oldu. 2020-ci il sentyabrın 27-də erməni təxribatı ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımız işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında möhtəşəm qələbə qazandı, düşmən üzərindəki üstünlüyü, qalibiyyəti ilə xalqımıza böyük sevinc bəxş edən tarixi qələbəyə imza atdı. Dünyaya həm gücünü, qüdrətini, həm də haqlı olduğunu göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində düşmən üzərində qazanılmış tarixi zəfərdən söz açaraq demişdir: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib". Dövlətimizin başçısı tarixi qələbəni texniki vasitələrin deyil, əsgər və zabitlərin qazandığını da xüsusi olaraq vurğulamışdır: "Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr