Regionlarda innovasiyanın inkişafına təkan verən “İnnostart” layihəsinin qalib startapları bəlli olub.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub.
Bildirək ki, proqram çərçivəsində innovasiya ekosisteminin inkişafı və gənclərin startap təşəbbüslərinin dəstəklənməsi məqsədilə “SUP VC” MMC tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Naxçıvan Dövlət Universiteti artıq neçə müddətdir birgə “İnnostart” layihəsini həyata keçirir.
Layihənin icrası çərçivəsində 2024-cü ilin oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin yaxından dəstəyi ilə muxtar respublikada iki dəfə hakaton təşkil olunub. Hakatonların yekununda seçilən qalib komandalar üçün investisiya imkanları yaradılıb, eyni zamanda onların “Grand Final” mərhələsinə hazırlıqları məqsədilə 3 aylıq təlim proqramları keçirilib. Təlimlərdə öz sahəsində peşəkar və tanınmış mentorlar iştirak edərək komandaların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə veriblər.
20 avqust 2025-ci il tarixində isə Bakı şəhərində keçirilən “İnnostart” Grand Final tədbirində Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət dörd komanda ölkənin müxtəlif ali təhsil müəssisələrinin komandaları ilə birlikdə final mərhələsində mübarizə aparıb.
Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. Belə ki, final mərhələsində NDU-nun startapçıları “İnnostart” Grand Finalda böyük uğura imza atıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onlardan ikisi NDU-nu təmsil edən komandalar olub. IMYEN və Specdeaf komandalarının hər biri 12 500 manat investisiya dəyərində mükafat qazanıblar. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ əldə ediblər.
Bu uğur Naxçıvan Dövlət Universitetində innovativ təşəbbüslərinin dəstəklənməsi və ölkənin rəqəmsal inkişafına töhfə verilməsi istiqamətində mühüm addımlar atdığını bir daha təsdiqləyir. Eyni zamanda, Türkiyənin Bilişim Vadisində keçiriləcək təcrübə proqramına yollanacaq 10 komanda arasında 3 komandanın da Naxçıvan Dövlət Universitetini təmsil etməsi universitetin bu sahədə qazandığı uğurlu təcrübənin bariz nümunəsidir.