AZ

Pakistanda musson yağışları fəlakətə səbəb olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Pakistanda musson yağışları nəticəsində 746 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, iyunun 26-dan bəri Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 746-ya çatıb. Milli Fəlakət İdarəsinin (NDMA) məlumatına görə, yalnız son 24 saatda, əsasən Gilgit-Baltistan bölgəsində 44 nəfər ölüb.

Təxminən iki ay davam edən fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb. Şimal-qərb bölgəsindəki axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir.

Rəsmi qurumlar güclü yağışların cənub bölgələrində də davam edəcəyini açıqlayıb. Bildirilib ki, yağıntılar avtomobil yollarını su altında saxlaya, nəqliyyatı poza, Sind əyalətinin Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurxas və Sukkur şəhərlərində elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.

Qeyd edək ki, Pakistan hər il musson yağışlarının təsirinə məruz qalır və xüsusilə dağlıq və çay sahillərində yerləşən bölgələrdə insan itkisi və infrastruktur dağıntıları qaçılmaz olur.

Seçilən
18
turkic.world

1Mənbələr