İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzzada “Gideonun Arabaları – 2” əməliyyatına hazırlıq məqsədilə 60 min ehtiyat hərbçini çağırıb və 20 min nəfərin xidmət müddətini uzadıb.
Ölkə.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“‘Gideonun Arabaları’ əməliyyatının növbəti mərhələsinə hazırlıq çərçivəsində ehtiyatdan çağırış təsdiqlənib. Bu gün səhər saatlarında təxminən 60 min nəfərə çağırış vərəqəsi göndərilib. Bundan əlavə, artıq xidmətə cəlb olunmuş 20 min ehtiyatçıya xidmət müddətinin uzadıldığı barədə bildiriş verilib”, – deyə açıqlamada qeyd olunub.
Mətbuat xidməti vurğulayıb ki, “ehtiyat qüvvələrin çağırılması ilə bağlı qərar döyüş əməliyyatlarının davam etdirilməsi üçün lazım olan şəxsi heyət məsələsinin hərtərəfli müzakirəsindən sonra qəbul olunub və müdafiə naziri tərəfindən təsdiqlənib”.
"The Times of Israel" qəzetinin məlumatına görə, çağırış vərəqəsi alan ehtiyatçılara hazırlıq üçün iki həftəyədək vaxt verilə bilər.
Avqustun 20-də İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib. Dövlət radio-televiziya şirkəti "Kan"ın xəbərinə görə, əməliyyat “Gideonun Arabaları – 2” adlandırılıb.
Həmidə İbrahimova