Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.
ADY-dən Moderator.az-a verilən məlumata görə, hadisələr nəticəsində heyvanlar tələf olur, qatarların texniki vəziyyətinə zərər dəyir və maşinistlər təcili tormozlama etməyə məcbur qalırlar ki, bu da sərnişinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Dəmir yolu xətlərinin keçdiyi sıx məskunlaşmış ərazilərdə qoruyucu hasarlar çəkilsə də, bəzi hallarda məsuliyyətsiz heyvan sahiblərinin nəzarətsiz buraxdığı mal-qara bu maneələri keçərək dəmir yolu xəttinə daxil olur. Nəticədə həm qatarların hərəkət cədvəli pozulur, həm də maddi və mənəvi itkilər baş verir. Belə hallarda heyvan sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnirlər.
Qanunvericiliyin tələblərinə görə, "Yol hərəkəti haqqında" qanuna əsasən, təsərrüfat heyvanlarını dəmir yolu xətlərindən yalnız xüsusi ayrılmış keçidlər vasitəsilə keçirmək icazəlidir. Günün qaranlıq vaxtlarında və ya məhdud görünmə şəraitində bu cür keçidlər tamamilə qadağandır. Bundan əlavə, heyvan sürüləri dəmir yolu xəttindən keçirilərkən təhlükəsizliyin təmin olunması üçün kiçik dəstələrə bölünməlidir.
"Gəlin hamımızın sərvəti olan dəmir yollarını və qatarları qorumaq üçün məsuliyyətli və həmrəy olaq." - qurum bildirib.