Olaylar.az xəbər verir ki, bu iddia ilə İsrail Druzi icmasının lideri Şeyx Müvəffək Tarif "Əl Hadath" TV-də çıxış edib.
O, Əs-Suveyda əyalətində pisləşən humanitar vəziyyətə beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edib.
İcma lideri avqustun 19-da Parisdə ABŞ-ın xüsusi nümayəndəsi Tom Barakla görüşdüyünü deyib:
"Söhbət əsnasında mən amerikalı vasitəçiyə Əs-Suveyda ilə İsrailin druz bölgələri arasında humanitar dəhliz açılması tələbimizi çatdırdım".
Tarif iddia edib ki, suriyalı druzlar "mühasirə altındadır və bu, onların yaşayış şəraitinə mənfi təsir göstərir":
"Biz sülh, xalqımıza qarşı hücumların dayandırılması və əsir götürülən bütün vətəndaşların azad edilməsini istəyirik".
Səudiyyə Ərəbistanının "Asharq al Awsat" qəzetinin yazdığına görə, iyul ayında 1600-dən çox insanın ölümünə səbəb olan klanlararası toqquşmalar Suriyanın cənubunda su və elektrik təchizatında fasilələrə, həmçinin ərzaq, dərman və yanacaq çatışmazlığına səbəb olub.
Bundan əvvəl Əs-Suveyda şəhərində humanitar yardımın artırılması və əhaliyə ərzaq və zəruri malların çatdırılması üçün İsraillə dəhlizin açılması tələbi ilə kütləvi nümayişlər keçirilib. Nəşrin məlumatına görə, Əl-Kərəmə meydanında etirazçılar İsrail bayraqları və Suriya hakimiyyətinin separatçı mövqelərdə ittiham etdiyi yerli radikal Şeyx Hikmət əl-Həcərinin portretləri ilə küçələrə çıxıblar.