AZ

Jerom Boatenq “LASK”dan ayrıldı

Almaniyalı müdafiəçi Jerom Boatenq Avstriyanın “LASK” klubu ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

36 yaşlı futbolçunun 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

“Jerom komandada olduğu müddətdə peşəkar davranışı və təcrübəsi ilə seçildi. Xüsusilə gənc oyunçularımıza böyük dəstək verdi və onları ruhlandırdı. Ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə klubun idman direktoru Dino Buriç bildirib.

“Burada keçirdiyim vaxt mənim üçün dəyərli təcrübə oldu. İndi yeni səhifə açmağın vaxtıdır. Tezliklə gələcəkdə qarşılaşacağım idman və şəxsi layihələr barədə məlumat verəcəyəm. “LASK”a uğurlar arzulayıram”, – deyə Boatenq vurğulayıb.

Boatenq 2024-cü ilin iyulunda “LASK”a qoşulmuşdu və bu müddətdə komandanın heyətində ümumilikdə 14 rəsmi oyuna çıxmışdı.

Qeyd edək ki, Jerom Boatenq Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub. Təcrübəli müdafiəçi “Bavariya” ilə iki dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
20
90deqiqe.az

1Mənbələr