AZ

Azərbaycan Rusiyaya qarşı Qərb sanksiyalarına qoşula bilər...


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Odessada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus enerji obyektinə hücum qəsdən törədilib və bu, ölkələr arasındakı münasibətlərə yönəlib: “Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə də Rusiyanın şüurlu zərbəsi olub. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyimizə zərbədir”.

Xatırladaq ki, avqustun 18-nə keçən gecə ruslar “Şahed” kamikadze dronları ilə Azərbaycanın SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına zərbələr endirib. Bu, artıq son iki həftədə ikinci hücumdur. Məlum olduğu kimi, bir sıra birbaşa zərbələrdən sonra neft bazasında güclü yanğın başlayıb. Bütün çənlər, nasos stansiyası, operator otaqları, çəki və texniki konstruksiyalar zədələnib, hasar dağıdılıb. Anbarda yanacaq anbarının həcmi 16 min kubmetrdən çoxdur. Bundan başqa, avqustun 8-də SOCAR-ın neft bazası artıq ruslar tərəfindən hücuma məruz qalmışdı. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına artıq ikinci dəfə zərbə endirib. İşğalçı ölkə bunu bilərəkdən, Azərbaycanın maraqlarına zidd olaraq edir. "Ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarına zərbələr endiriblər. Bu, artıq Rusiyanın Azərbaycan dövlət şirkətinə son həftələrdə ikinci zərbəsidir”. Onun sözlərinə görə, bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavabların verilməsinin zəruriliyini nümayiş etdirir. Bunlar fonunda Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb. Stefançuk bildirib: “Söhbətimiz zamanı həmkarımın söylədiyi həmrəylik və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Biz mühüm beynəlxalq hadisələr, xüsusən də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması ilə bağlı fikir mübadiləsi apardıq. Bu, Cənubi Qafqazda davamlı sülhə doğru mühüm addımdır. Ukrayna beynəlxalq hüquq, BMT Nizamnamə prinsipləri, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləyir... Mən həmçinin Rusiyada azərbaycanlılara qarşı repressiyalar və Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlarla bağlı Ukraynanın Azərbaycanla həmrəy olduğunu bildirdim. Bu hərəkətlər bizim qətiyyətlə pislədiyimiz daha geniş təcavüz zəncirinin bir hissəsidir”. İndi fikirlər səslənir ki, Rusiyanın Ukraynadakı SOCAR bazalarına hücumuna Azərbaycan hökumətinin cavabı Kiyevə silah verməsi ola bilər. Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov deyir ki, Rusiyanın bu davranışı təhdid, Azərbaycanı cəzalandırmaq istəyidir, lakin bu, iki ölkə arasında məsafəni dərinləşdirəcək. Cavab tədbirlərinə gəlincə, o bildirir ki, bu, nə Azərbaycanın maraqlarına uyğundur, nə də buna imkan var. Amma başqa üsullarla bu davranışın cavabını verə bilər: “Rusiyaya qarşı sanksiyalara qoşulmurduq. İndi düşünürəm ki, Azərbaycan öz mövqeyini dəyişəcək və o, müzakirələrdə Rusiyanı qınayan qətnamələrə qoşulacaq. Eyni zamanda, Ermənistan gəlib bizim torpağımızı işğal etmişdi, Azərbaycan torpağında Azərbaycana qarşı müharibə aparırdı və Rusiya heç nədən utanmadan Xəzər və İran ərazisindən Ermənistana 44 günlük müharibə zamanı 1 milyard dollarlıq müftə silah ötürmüşdü. Belə olan halda, Azərbaycan da Ukraynanın hərbi silahla bağlı müraciətlərinə müsbət yanaşa bilər. Ukrayna bizə vaxtı ilə 100 ədədə yaxın tank satmışdı, 12 dənə “MiQ-29” təyyarə satmışdı, cürbəcür silah növləri satmışdı. O silahlar bizə artıqdırsa, biz öz ordumuzu daha çox Türkiyə, İsrail silahı ilə təchiz etmək istəyiriksə və özümüzün də istehsalımız varsa, köhnə sovet silahlarını biz Ukraynaya qaytara bilərik, sata bilərik. Buna görə Rusiyanın gəlib bizi qınamağa heç bir haqqı yoxdur”.

Rusiyanın “Voenkor Kotenok” teleqram kanalı yazıb ki, bir sıra mənbələrə görə, Bakı artıq Ukraynaya göndərilməsi üçün 122 mm və 155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb, istənilən halda, qərar artıq verilib. Daha öncə Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib ki, Azərbaycan tərəfindən Ukraynaya silah tədarükünə qoyulan embarqonun mümkün ləğvi münaqişənin həllinə kömək etməyəcək və yerdə vəziyyəti daha da ağırlaşdıracaq: “Azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə silah və ya ikili təyinatlı humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər”. qeyd edəkki, bu günlərdə Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sözlərinə görə, Rusiyanın hücumlarından sonra Ukraynanın enerji sisteminin bərpasına kömək məqsədilə bu ölkəyə generatorlar, transformatorlar və kabellər göndərilib. Bir daha xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında gərginlik ötən ilin dekabrında AZAL sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bəri davam edir. Bakı bu hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyur. Kreml isə bu insidentdə məsuliyyətini qəbul etmir. İyunun 27-də Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrinin saxlanılması, iki nəfərin ölümündən sonra Bakıda təxminən 20-yə yaxın Rusiya vətəndaşı, o cümlədən Kremlin nəzarətində olan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşları həbs edilib. Onlardan bəzilərinə narkotik qaçaqmalçılığı və kiberdələduzluq ittihamları irəli sürülüb. “Sputnik Azərbaycan”ın lisenziyası fevralda ləğv olunmuşdu.

Tahir TAĞIYEV

Seçilən
67
baki-xeber.com

1Mənbələr