ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Kiyevin təhlükəsizlik zəmanəti məsələsi beynəlxalq gündəmə çıxıb.
Müzakirələrdə Ukraynaya müəyyən güzəştlər müqabilində yeni təhlükəsizlik təminatlarının verilməsi təklif olunur. Qeyd edək ki, 1994-cü ildə də Kiyev nüvə başlıqlarından imtina etməsi müqabilində Qərbdən təhlükəsizlik təminatı almışdı, lakin bu öhdəliklər sonradan pozulmuşdu. İndi isə Ukraynadan müəyyən güzəştlər qarşılığında yeni təhlükəsizlik zəmanətləri təklif olunduğu bildirilir.
İndi Ukrayna hansı addımı atmalıdır? Yeni təminatlar realdır, yoxsa əvvəlki kimi kağız üzərində qalacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Ukraynaya yeni təhlükəsizlik zəmanəti mövzusu əslində Qərbin Kiyevlə münasibətlərində təkrar olunan bir ssenaridir.
Onun sözlərinə görə, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukraynaya beynəlxalq təminatlar versə də, Rusiya işğalı fonunda bu sənədin heç bir hüquqi çəkisi qalmadı:
“İndi isə yenidən “təhlükəsizlik zəmanəti” anlayışı gündəmə gətirilir, lakin bu dəfə şərtlərin fərqli olacağı gözlənilir. Qərb faktiki olaraq Ukraynanı müəyyən güzəştlərə məcbur etməklə qarşılığında kağız üzərində təminatlar vermək niyyətindədir. Əslində isə Kiyevin ən böyük dərsi heç bir yazılı öhdəliyin real güc balansı olmadan təminat vermədiyi gerçəkliyidir.
Bu səbəbdən Ukrayna güzəştə getmədən öncə sual verməlidir ki, Qərb real hərbi müdafiə mexanizmi təmin edəcəkmi? NATO-ya tam üzvlük alternativi olmayan zəmanətlər sadəcə siyasi bəyanat kimi qalacaq. Ukrayna üçün ən ağıllı yol şərtləri çox sərt qoymaq və boş vədlərlə kifayətlənməməkdir. Əks halda, Kiyev eyni səhvi ikinci dəfə təkrarlaya bilər. Hər hansı sənəd yalnız hüquqi mexanizmlərlə, icra mexanizmləri ilə və konkret sanksiya rejimi ilə təmin olunmalıdır. Əks halda, bu yeni zəmanət Rusiyanın növbəti təcavüzünü dayandırmayacaq”.
Politoloq qeyd edib ki, ABŞ-də keçiriləcək seçkilər və Avropada populist qüvvələrin güclənməsi verilən öhdəliklərin sabitliyinə ciddi şübhələr yaradır:
“Kiyev həm də Qərbin daxili siyasi durumunu nəzərə almalıdır. ABŞ-də seçkilər, Avropada populistlərin güclənməsi bu öhdəliklərin sabitliyinə şübhə yaradır. Ukraynanın atacağı ən düzgün addım müstəqil müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, kollektiv təhlükəsizlik mexanizminə real üzvlük tələb etməkdir. Bu, NATO və ya yeni Avropa təhlükəsizlik alyansı ola bilər. Əgər Ukrayna bu mərhələdə yalnız kağız üzərində zəmanət alarsa, gələcəkdə yenidən aldadılmaq ehtimalı çox yüksəkdir. Ona görə Kiyev güzəşt məsələsində tələsməməli, real mexanizmlər olmadan heç bir sənədə imza atmamalıdır. Nəticə olaraq, Ukrayna yalnız və yalnız praktik, icra olunan, konkret hərbi-siyasi mexanizmlərlə təmin olunmuş zəmanəti qəbul etməlidir, əks halda 1994-cü ilin faciəsi bir daha təkrarlana bilər”.