Qarabağ və Şərqi Zəngəzur isə “təmiz enerji” zonasına çevrilir
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev mediaya müsahibəsində hazırda respublikada istehsal edilən bərpa olunan enerjinin ixraca yönəldilməsi istiqamətində genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirib. Agentlik rəsmisi ənənəvi enerji resurslarından asılılığın azaldılması üzrə təşəbbüslərin gerçəkləşdirilməsindən danışarkən 2030-cu ilədək bərpa olunan enerji mənəbələri payının ümumi yatırımda 30 faizə çatdırılmasını önəmli vəzifə kimi vurğulayıb. O, ilkin hesablamalarla, Azərbaycanda bu məqsədə 2027-2028-ci illərdə nail olunacağı proqnozunu da diqqətə çatdırıb.
Qeyd edilib ki, işğaldan azad olunan ərazilərdə bunun üçün geniş imkanlar var – təxminən, 500 meqavatt hidroenerji potensialı mövcuddur. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox sayda dağ çayları hidroenerji imkanlarını artırır. Cəbrayıl və Zəngilan günəş, Kəlbəcər-Laçın zonası isə külək enerjisi zənginliyi ilə diqqət çəkir. Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200 milyon dollar olan və 240 meqavatt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası (GES), eləcə də hər biri 50 MVt gücündə olan “Üfüq” və “Şəms” GES layihələri reallaşdırılır. 2027-ci ilin sonunadək isə bu stansiyaların istismara verilməsi planlaşdırılır.
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası çərçivəsində “yaşıl” enerji sektoruna böyük siyasi və iqtisadi diqqət yetirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” enerji zonası elan olunması, Xəzər dənizinin külək enerjisi potensialının beynəlxalq konsorsiumlarla birgə inkişaf etdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində hüquqi və texniki bazanın gücləndirilməsi Azərbaycanın bu istiqamətdə sistemli və ardıcıl fəaliyyətini göstərir. Lakin bu fəaliyyət təkcə milli sərhədlərlə məhdudlaşmır. respublikamızın təşəbbüsü ilə irəli sürülən və artıq beynəlxalq sənədlərlə təsbit olunan layihələr ölkəmizin regional enerji arxitekturasında əsas istehsalçı, tranzit və paylayıcı mərkəzə çevrilməkdə olduğunu təsdiqləyir.
Bu inkişaf strategiyası çərçivəsində Azərbaycanın enerji siyasəti yeni mərhələyə daxil olub. Əgər ötən onilliklərdə ölkəmiz əsasən, neft-qaz resursları ilə dünya enerji bazarına inteqrasiya edirdisə, bu gün artıq “yaşıl” enerji Azərbaycanın milli prioritetlərinin mərkəzinə çevrilib. Bərpa olunan enerji resurslarının inkişaf etdirilməsi isə təkcə ekoloji dayanıqlığın təminatı deyil, həm də respublikamızın geosiyasi mövqelərinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq tərəfdaşlıqların dərinləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Azərbaycanın enerji siyasətində ən mühüm qərarlardan biri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunmasıdır. Bu qərar həm ekoloji cəhətdən, həm də iqtisadi-sosial baxımdan regionun gələcək inkişafını müəyyənləşdirən əsas strateji yanaşmadır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bu ərazilərdə yeni infrastruktur yalnız ən müasir və ekoloji təmiz texnologiyalar əsasında qurulacaq. Bu isə Azərbaycanın ümumi enerji siyasətinə uyğun olmaqla yanaşı, həm də dünya üçün nümunəvi bir yanaşma kimi dəyərləndirilir.
İşğaldan azad edilmiş ərazilərin enerji təminatında günəş, külək və hidroenerji əsas rol oynayır. Artıq kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin istifadəyə verilməsi, eləcə də günəş panellərinin quraşdırılması istiqamətində konkret addımlar atılır. Bu model gələcəkdə digər regionlara da tətbiq edilə biləcək “yaşıl inkişaf laboratoriyası” rolunu oynayacaq.
Azərbaycanın bərpa olunan enerji siyasətində əsas istiqamətlərdən biri də Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılmasıdır. Beynəlxalq ekspertlərin hesablamalarına görə, Xəzər hövzəsi 150 QVt-dan artıq külək enerjisi istehsal etmək gücünə malikdir. Bu isə Azərbaycanın yalnız regional deyil, eyni zamanda, qlobal enerji bazarında mühüm oyunçuya çevrilməsini şərtləndirir.
Ölkəmiz artıq aparıcı beynəlxalq enerji şirkətləri ilə strateji əməkdaşlıq sazişləri imzalayıb. Xüsusilə “ACWA Power”, “Masdar”, bp və digər nəhəng şirkətlərlə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl” enerji ixracatçısı roluna yüksəlməsi üçün möhkəm zəmin yaradır. Bu əməkdaşlıqlar təkcə texnoloji transfer deyil, həm də ölkənin investisiya mühitinin beynəlxalq arenada daha da etibarlı tərəfdaş kimi tanınmasına xidmət edir.
Bərpa olunan enerji sahəsinin inkişafı yalnız iqtisadi və siyasi qərarlarla məhdudlaşmır. Bu istiqamətdə güclü hüquqi və texniki baza da formalaşdırılır. Son illərdə qəbul edilən qanunvericilik aktları, “yaşıl” enerji ilə bağlı dövlət proqramları, investisiya təşviq mexanizmləri və texniki standartlar sahənin sürətli inkişafına təkan verir. Eyni zamanda, Azərbaycanın enerji diplomatiyası da bu prosesə uyğunlaşdırılır.
Ölkəmiz Avropa İttifaqı ilə “yaşıl” enerji əməkdaşlığı çərçivəsində mühüm sənədlər imzalayıb, Cənub Qaz Dəhlizi ilə yanaşı, “yaşıl enerji dəhlizi”nin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu layihə Xəzər hövzəsindən Avropaya qədər uzanan yeni bir enerji marşrutu formalaşdırmasına zəmin yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində bu gün ölkəmiz regional enerji arxitekturasında aparıcı istehsalçı, tranzit və paylayıcı mərkəzə çevrilməkdədir. Qafqazdan Avropaya, Orta Asiyadan Türkiyə və Aralıq dənizi hövzəsinə qədər uzanan enerji marşrutları Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu xüsusda Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi də xüsusi əhəmiyyət kəsb edir. Yalnız nəqliyyat deyil, həm də enerji infrastrukturu baxımından yeni imkanlar açan bu dəhliz “yaşıl” enerjinin regional bazarlara inteqrasiyasını da şərtləndirir.
Beləliklə, Azərbaycanın “yaşıl” enerji siyasəti milli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, Xəzər dənizinin külək potensialının reallaşdırılması, hüquqi və texniki bazanın gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi bu siyasətin prioritet istiqamətləridir. Eyni zamanda, ölkəmiz bu istiqamətdə atdığı addımlarla təkcə ekoloji və iqtisadi dayanıqlılıq əldə etmir, eyni zamanda, regional və qlobal enerji xəritəsində yeni bir mərkəzə çevrilir. Bu isə Azərbaycanın XXI əsrin enerji geosiyasətində mövqeyini daha da gücləndirir.