AZ

Avtomobilin 400 min km-dan çox yürüş etməsi üçün nə etmək lazımdır?

400.000 kilometrdən çox yürüş bəzi avtomobillər üçün çatılmaz bir rəqəm kimi görünə bilər. Lakin bunu etmək üçün səy göstərsəniz, bu tamamilə mümkündür.

HİT.az xəbər verir ki, "JustAnswer"dan avtomobil eksperti Kris Payl "GOBankingRates"a avtomobilin ciddi nasazlıqlar olmadan 400.000 kilometrdən çox yürüş etməsi üçün nə etmək lazım olduğunu danışıb. Onun məsləhətləri nəinki nəqliyyat vasitəsinin istifadə müddətini uzada bilər, həm də çoxlu pul qənaət etməyə kömək edəcək.

1. Avtomobili ağılla seçin

Paylın sözlərinə görə, 400.000 kilometr yürüşə gedən yol hətta siz kontakti ilk dəfə çevirməmişdən əvvəl başlayır. O, təkcə avtomobilin deyil, həm də onun mühərrikinin seçiminə məsuliyyətlə yanaşmaq lazım olduğunu bildirib.

"Bəzi avtomobillər sadəcə belə yürüş üçün nəzərdə tutulmayıb. Buna görə də, avtomobilin yaxşı konstruksiya edildiyinə əmin olmaq üçün məlumatları araşdırın", deyə ekspert məsləhət verib.

Payl xəbərdarlıq edib ki, köhnə avtomobil almaq əla variant kimi görünə bilər, çünki onlar yenilərindən xeyli ucuzdur. Lakin əvvəlki sahib onunla pis rəftar edə bilər və bu, onun istifadə müddətinə əhəmiyyətli dərəcədə təsir edir.

2. Tez-tez texniki qulluğa hazır olun

Ekspert vurğulayıb ki, 400.000 kilometr yürüş həddinə çatmaq yolu mütləq avtomobilin müntəzəm texniki qulluğundan keçir. O, avtomobilin istehlak edilən hissələrinin və mayelərinin vaxtında dəyişdirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Paylın sözlərinə görə, müntəzəm texniki qulluq bahalı təmirə mane olur. O, jurnalistlərə ilk növbədə filtrlərin və transmissiyanın vəziyyətinə nəzarət etməyin, həmçinin istehsalçının göstərdiyindən bir az dəfə tez mühərrik yağını dəyişdirməyin vacib olduğunu danışıb.

3. Müntəzəm yuma – təkcə görünüş məsələsi deyil

Ekspert bildirib ki, çox sürücülər avtomobili yalnız daha "təzə" görünüş vermək üçün yumaq lazım olduğunu düşünür. Lakin xarici qulluq daha vacib əhəmiyyət kəsb edir.

"Mən yolun çirklərini, quş nəcisini və boyanı zədələyib paslanmaya səbəb olan ətraf mühit təsirlərini təmizləmək üçün müntəzəm yumağı tövsiyə edərəm", deyə Payl bildirib.

Ekspert avtomobili yuyarkən şassinin alt hissəsinə diqqət yetirməyə çağırıb. O, xüsusilə yollarda paslanmanı sürətləndirən duzdan istifadə olunursa, bunun xüsusilə vacib olduğunu bildirib.

4. Ağılla sürün, yavaş deyil

Yavaş sürməyin avtomobilin istifadə müddətini artıra biləcəyi barədə geniş yayılmış fikir var. Ekspert bunun bir az daha mürəkkəb olduğunu bildirib.

"Kilsəyə gedən nənə kimi sürməyiniz lazım deyil, amma kəskin sürətlənməni məhdudlaşdırmalısınız. Sadəcə normal sürün və özünüzü sıxmayın", deyə Payl qeyd edib.

Ekspert qeyd edib ki, avtomobillər üçün şose və kənd yollarında sürmək şəhərdən daha əlverişlidir. O, bunu mühərrik və transmissiyaya daha az yük olması ilə əlaqələndirib, çünki dayanmaların və durub-getmələrin sayı daha azdır.

5. Tuningdən çəkinin

Bəzi sürücülər avtomobillərini daha sürətli və ya daha gözəl etmək üçün daxili və ya xarici tuningə müraciət edirlər. Payl belə modernləşdirmələrdən çəkinməyi məsləhət görür:

"Xüsusi filtrlər və s. vasitəsilə gücü artırmağı və ya əlavə 10 at gücü əldə etməyi vəd edən hiylələrə aldanmayın. Əksər hallarda bu, sonradan nasazlıqlara səbəb olacaq boş sözlərdir".

Payl izah edib ki, zavod hissələri xüsusi olaraq konkret modellər üçün uyğunlaşdırılıb. Üçüncü tərəfin ehtiyat hissələri avtomobilin işinə mənfi təsir göstərə bilər.

6. Yol-nəqliyyat hadisələrindən (YNH) çəkinin

Hətta müntəzəm və keyfiyyətli qulluq edilən avtomobillər də Yolda-nəqliyyat hadisəsi nəticəsində zədələnmələr üzündən işlək vəziyyətdən çıxa bilər. Buna görə də ekspert sürücüləri Yol Hərəkəti Qaydalarını pozmamağa və ehtiyatlı sürməyə çağırıb:

"Diqqətinizi yolda cəmləşdirin, sərnişinlərdə, radioda və telefonda deyil".

Samir

Seçilən
0
17
hit.az

10Mənbələr