AZ

Rusiya Bakı-Kiyev Təhlükəsizlik İttifaqını gücləndirən səhvə yol verdi...


Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub. Ukrayna mediasının yaydığı məlumatda qeyd edilir ki, Rusiyanın “Şahid” PUA-ları vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum edib. Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib. O, öz “Telgram” kanalında yazıb ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq Odessaya zərbələrin nəticələri qeydə alınıb. Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub. Qeyd edək ki, Rusiya avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi. Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Həmin vaxt Ukrayna hakimiyyətinin məlumatına görə, İranın “Şahed” pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində böyük yanğın baş verib və dizel yanacağı olan boru kəmərinə ziyan dəyib. Yanğın tez bir zamanda söndürülsə də, dörd əməkdaş ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunlar fonunda amerikalı ekspert Piter Teys bildirir ki, bunlar sadəcə olaraq, Rusiyanın Ukraynaya təcavüzündən dəymiş zərər deyil, həm də Azərbaycanın aparıcı şirkətinə və yüksəksəviyyəli milli brendə qarşı qəsdən edilmiş hücumdur. Ekspertin fikrincə, SOCAR-ın neft anbarı Avropa bazarlarının əsas yanacaq tədarükçüsüdür və ona hücum Rusiya mediasının Azərbaycana və onun Avropadakı iqtisadi maraqlarına qarşı apardığı informasiya və hibrid müharibəsi ilə birgə hərbi əməliyyatların eskalasiyasıdır: “Avqustun 8-9-da Odessa vilayətində SOCAR-ın obyektinə edilən hücum Aİ ölkələrinin pisləməli olduğu dəhşətli bir hərəkət oldu. Bu, iki mesaj verir: sözügedən hücum Rusiyanın “şahin” dairələrinin Ukraynanın enerji infrastrukturuna qarşı kampaniyasının bir hissəsidir və bu ölkədə müəyyən qrupların Cənubi Qafqazla bağlı hegemon istəklərinin əksidir”. Teys vurğulayıb ki, avqustun 8-də Ağ Evdə keçirilən görüş bəzi ölkələri qıcıqlandırıb və sonrakı hücum Ukrayna ərazisində Azərbaycana qarşı “açıq-aşkar hərbi təxribat” olub. O, həmçinin 2024-cü il dekabrın 25-də 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasında əli olanların hamısını məsuliyyətə cəlb etməyə çağırıb. Ekspertin sözlərinə görə, Azərbaycanın geosiyasi maraqları həmişə ABŞ-ın maraqları ilə üst-üstə düşüb və Ağ evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Sovet İttifaqının süqutundan sonra Amerika diplomatiyası və Azərbaycanın xarici siyasəti tarixində ən mühüm hadisə olub.

Teys hesab edir ki, Azərbaycan, Ukrayna və ABŞ-a qarşı “kəşfiyyat əməliyyatları, hibrid müharibələr və kiberhücumlar” istər-istəməz beynəlxalq ticarətdə inam və mövqenin, habelə mədəni və iqtisadi təsir imkanlarının itirilməsinə gətirib çıxarır. Bütün bunlar fonunda Ukraynanın “Euromaidan Press” nəşri yazır ki, Azərbaycan kiyevə artıq hərbi yardımlar da göstərə bilər: “Bu yaxınlarda prezident İlham Əliyev Rusiyanın hərbi koordinat şəbəkəsi sistemindən NATO standartı olan ABŞ tərəfindən hazırlanmış Ümumdünya Geodeziya Sisteminə (WGS) tam keçidlə bağlı göstəriş verib. Bu, Azərbaycanın müdafiə planlamasına hələ də daxil edilmiş sonuncu əsas Rusiya çərçivələrindən birini aradan qaldırır. Onu qəbul etməklə, Azərbaycan indi Türkiyə və müttəfiq qüvvələrlə mükəmməl qarşılıqlı əlaqəni təmin edə, konversiya gecikmələri olmadan hədəf məlumatlarını və kəşfiyyatı dərhal paylaşa bilər. Texniki dəyişiklik aydın strateji siqnal daşıyır: Azərbaycan öz hərbi infrastrukturunu Qərblə uyğunlaşdırır, müharibə dövründə Rusiya sistemlərindən asılılığını aradan qaldırır. Bu, hər iki qüvvənin ilk gündən birgə fəaliyyət göstərə bilməsini təmin edərək, daimi türk qoşunlarının yerləşdirilməsi üçün vəziyyəti gücləndirir . Ən kəskin xəbərdarlıq Rusiyanın raket və pilotsuz təyyarələrinin Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın Ukraynadakı obyektlərinin dağıdılmasından sonra edilib. Buna cavab olaraq, Bakı humanitar və müdafiə dəstəyindən kənara çıxacağı ilə hədələdi - Ukraynaya birbaşa silah göndərilməsi ehtimalını artırdı. Qeyd edək ki, Bakıda yerləşən “Avia-Agregat” zavodu 2022-ci ildə Türkiyə və Bolqarıstan istehsal xətlərindən istifadə etməklə 122 mm və 155 mm-lik top mərmilərinin istehsalına başlayıb. Bunlar Ukraynanın təcili ehtiyac duyduğu sursatlardır. Əgər Bakı tədarükləri artırarsa, bu, geosiyasi dönüş nöqtəsi olacaq: Rusiyanın keçmiş müttəfiqi Ukraynanı açıq şəkildə silahlandıra bilr və bu, Moskvanın təcridinin dərinləşdiyini göstərir. Enerji obyektlərinə məqsədyönlü zərbələr kimi başlayanlar indi daha geniş şəkildə yeniliklərə yol açır: Azərbaycan, NATO sistemlərini ordusuna daxil edir. Bakı həm də Ukraynaya silah tədarükünü nəzərdən keçirir . Hər bir addım birbaşa Moskvanın təxribatlarına qarşıdır və Rusiyanı daha çox təcrid edir. Nəticə Kreml üçün risqli qumar oyununa çevrilir. İroniya aydındır: SOCAR-ı Ukraynada vurmaqla, Rusiya artıq davam edən tendensiyaları sürətləndirir , Azərbaycanı həm Türkiyə, həm də Ukrayna üçün fəal təhlükəsizlik tərəfdaşına çevirmiş olur. Kreml Bakını cəzalandırmağa çalışaraq, bunun əvəzində onu möhkəm şəkildə qarşı tərəfin düşərgəsinə sıxışdıra və bunun nəticələri neft sektorundan çox kənarda da özünü göstərə bilər”.

Nahid SALAYEV

Seçilən
23
50
baki-xeber.com

10Mənbələr