AZ

907 “Ermənistana qarşı istifadə olunmayacaq” şərtilə dondurulub - bu nə deməkdir...


Ramil Məmmədli: “Düzəlişin dondurulması hərbi-texniki baxımdan bizim üçün daha məqbul variantdır”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin Azərbaycanla bağlı fəaliyyətinin dayandırılması ilə bağlı memorandumunun mətni dərc olunub.

Sənəddə bildirilir ki, ABŞ Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktı çərçivəsində Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin dayandırılmasını təsdiqləyib. Sənədə əsasən, “Azadlığa Dəstək Aktı”na əlavə edilmiş 907-ci düzəlişin Azərbaycana münasibətdə tətbiqi yenidən dayandırılıb. Prezidentin qərarında qeyd olunur ki, bu addım: ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir; ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının hazırlığını dəstəkləyir; Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır; Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.

Burada bir sıra məqamlar diqqəti cəlb edir. Məsələn, qeyd edilir ki, ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərinin dəstəklənməsi üçün vacibdir. Bunu anladıq. Ancaq son iki bənddə deyilir: Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır; Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını zəiflətmir və Ermənistan əleyhinə istifadə olunmayacaq.

Maraqlıdır, 907-ci düzəlişin müvəqqəti olaraq dondurulmamasının Azərbaycan sərhədləri üçün təhlükəsi nə idi? Dondurulandan sonra təhlükə aradan qalxdısa, bu o deməkdir ki, dondurlmadığı müddətdə Azərbaycanın sərhədləri üçün təhlükə var idi. Azərbaycanın sərhədləri üçün təhlükə nədən ibarət idi? 907-nin dondurulması ilə Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təminat altına alınması nə deməkdir?

“Ermənistan əleyhinə istifadə olunmayacağına gəldikdə isə, burada hücum xarakterli silahların verilməməsindən söhbət gedir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, burada bir sıra məsələrdən söhbət gedir: “Məsələ ondadır ki, 2002-ci ildə 907-ci düzəliş dondurulandan sonra Azərbaycana öz sərhəd təhlükəsizliyini təmin etməkdən ötrü bir sıra hərbi xarakterli yardımlar edildi. Xəzərdə sərhəd mühafizəsi ilə bağlı bir sıra xüsusi funksional imkanlara malik katerlər verildi. Azərbaycan-İran sərhədinin mühafizəsini gücləndirmək üçün müasir avadanlıqlar verildi. Həmin avadanlıqlar və digər vasitələr məhz Birləşmiş Ştatlarda istehsal edilirdi. Yəni 907-ci düzəlişin dondurulması hesabına ABŞ öz vəsaiti ilə bu vasitələrlə Azərbaycanı təmin edir. İndi həmin vasitələrin müasirləşdirilməsinə, proqram təminatının yenilənməsinə ehtiyac var. Çünki ABŞ 2021-ci ilin ortalarında Əfqanıstanı tərk edəndən sonra ermənilərin maraqlarından çıxış edən prezident Cozef Bayden 907-ci düzəlişi dondurmadı. O üzdən, yardım məsələsində bir müddət fasilə yarandı. 907-ci düzəliş dondurulsa da, dondurulmasa da Azərbaycan öz imkanları hesabına sərhədlərinin təhlükəsizliyini təmin edir. Ancaq düzəlişin dondurulması hərbi-texniki baxımdan bizim üçün daha məqbul variantdır. Həm də siyasi baxımdan bunun bizim üçün əhəmiyyəti var. 907-ci düzəlişin Ermənistan əleyhinə istifadə olunmayacağına gəldikdə isə, burada hücum xarakterli silahların verilməməsindən söhbət gedir. Yəni ABŞ Azərbaycana hərbi yardım etsə də, hücum xarakterli silahlar bura daxil deyil. Onun məzmunu budur”.

Vidadi ORDAHALLI

Seçilən
33
50
baki-xeber.com

10Mənbələr